​Heydər “Xalq!” deyəndə Xalq “Heydər!” dedi

 

 

 

 

 

 

 

 

Qara imperiya caynaqlarından

Salamat qurtaran tək kişiydi o.

Böyüdü, ucaldı fələklər qədər,

Yerin də, göyün də gərdişiydi o.

 

Ağbirçək ananın saçları kimi,

Öpdü ağ pambığı baxışlarıyla.

Hər yerdə Vətənə xalı toxundu

Torpağa vurduğu naxışlarıyla.

 

Əlində bərəkət, gözündə işıq,

Çəkdi qara nefti ağ yanağına.

Dünyanı gətirib qədəmlərinə,

Qaldırdı milləti Tanrı dağına.

 

Sahildən-sahilə körpülər atdı,

O əsri bu əsrə bağlamaq üçün.

Keçdi birdəfəlik sağlamlığından,

Vətəni salamat saxlamaq üçün.

 

Memar baxışıyla baxdı dağlara,

Əridi, yonuldu qranit qaya,

Nəsimi, Cabbarlı, Cavid, Nəriman,

Heykələ çevrilib gəldi dünyaya.

 

Gecə də, gündüz də həvəsindədir,

Yaz günü, yay günü, qış günü yoxdu.

Bütün könüllərə səyahətdədir,

İşsiz iş saatı, iş günü yoxdu.

 

Yüksələn dövlətlə qalxır, ucalır,

Sünbüllə, zəmiylə ətirlənir o.

Hər eldə bir şirin xatirə qalır,

Hər yerdə sevgiylə xatırlanır o.

 

Sevgi birdən-birə yarana bilməz,

Aylarla-illərlə yığılıb gəlir.

Gözdən qəlbə köçür, candan ürəyə,

Millətin bağrından doğulub gəlir.

 

Xalqını dünyaya tanıtmaq üçün

Səsi qanadlandı altı qitədə.

Bu gün diqqəti var bütün dünyanın

Azərbaycan adlı bir xəritədə.

 

Məkkədə görmüşdüm, o xoş günləri

Ömrünün ən gözəl vaxtı sayırdı.

Orda da əl açıb dua yerinə

“Azərbaycan” sözü pıçıldayırdı.

 

Çində də görmüşdüm böyüklüyünü,

Orda ucalmışdı Çin səddi kimi.

Onu qoruyurdu baxışlarımız,

Vətənin müqəddəs sərhədi kimi.

 

“Manas” dastanının min illiyində

Yaratmaq eşqiylə aşıb-daşırdı.

Ordaca bizləri yığıb başına,

Qorqud bayramına hazırlaşırdı.

 

Zamandan-zamana gələcək səsi,

Bir qaya səngəri, daş qalasıdı.

O, mənim xalqımın baş sərkərdəsi,

O, mənim yurdumun baş qalasıdı.

 

Xalq elə güclüdü, sevdiklərini

Qaldırar başında qızıl tac eylər.

Onun hər sözünü, işarəsini

Hər ağır dərdinə bir əlac eylər.

 

Xalq elə güclüdü, o dirildəni

Əzrayıl heç zaman öldürə bilməz.

Min dəniz qabara, min çay kükrəyə,

İzini torpaqdan sildirə bilməz.

 

Oğullar doğular bu qoca dünya

Bir də əvəzini gətirməz onun.

Yazar yaddaşına, hafizəsinə,

Heç vaxt zəhmətini itirməz onun.

 

Qorquda bənzətdi “dədə” deyənlər,

Kimi “ata” dedi, kimi “ər” dedi.

Ana-bala kimi qucaqlaşdılar,

Heydər “Xalq!” deyəndə,

Xalq “Heydər!” dedi.

 

Xilaskarın gəlişiylə

alov yatdı, qan dayandı,

Sanki, bir az rahatlandı,

nəfəs dərdi Azərbaycan.

Zirvələrə qaya kimi

sinə gərdi Azərbaycan.

 

Ölüm-itim qorxusu yox,

başçı başda, yerindədi.

Saf arzular qaynağıdı,

təzə-tərdi Azərbaycan.

 

Öz varını özünə ver,

aşıb-daşsın dəniz kimi.

Dolu qızıl külçəsidi,

parlaq zərdi Azərbaycan.

 

Sərkərdələr sərkərdəsi

öz işinin başındadı.

Bir də hardan tapasıdı

belə mərdi Azərbaycan?

 

Hünərsizlər bacarmadı,

bu Vətəni saxlamağı.

Öz hünərli oğlu ilə

hünərvərdi Azərbaycan.

 

Zəlimxan YAQUB,

xalq şairi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında