Onu ilk dəfə “O olmasın, bu olsun” filmində görmüşdüm. Bu aktyorun ifasında “İntelligent” Həsən bəy obrazı o vaxtdan qəlbimdə dərin iz buraxmışdı. Mustafa Mərdanov bu rolu o qədər ustalıqla yaratmışdı ki, onun qəhrəmanı filmə xüsusi çalar verirdi. “İntelligent” Həsən bəyin “pardon, pardon” ifadəsi dillər əzbəri olmuşdu. Sonradan öyrəndim ki, onun kino fəaliyyəti “O olmasın, bu olsun” filmindən hələ çox-çox əvvəl başlanıb. Bu barədə bir az sonra...
Onun həyat coğrafiyası təkcə Azərbaycan Respublikası ilə məhdudlaşmır. Mustafa Həşim oğlu Mərdanov 1894-cü ildə Cənubi Azərbaycanda - Mərənddə anadan olub. Amma o hələ uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar. Sonra isə həyatının Bakı dövrü başlanmışdır.
Tiflisin mədəni mühiti onun həyata baxışını hələ uşaqkən formalaşdırmışdı. Buradakı kişi gimnaziyasına daxil olan gənc Mustafa teatra böyük maraq göstərirdi. Müsəlman dram dərnəklərində 1910 -cu ildən çıxış edən Mustafa Mərdanov 1921-1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışır.
1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir və burada Azərbaycan Dövlət Dram Teatrında öz fəaliyyətini davam etdirir. Yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı, yumşaq yumor onun sənəti üçün xarakterik cizgilər idi. Mustafa Mərdanovun hələ ilkin olaraq yaratdığı rollarda klassik ənənələr çox güclü idi. Onun ətrafında böyük sənətkarlar çalışırdı. Azərbaycanın formalaşmış aktyor mühiti Mustafa Mərdanov üçün də əsl təcrübə məktəbinə çevrildi. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov və onlarla sənət korifeylərindən öyrəndikləri bu aktyorun sənət yoluna işıq saldı, onu yeni yaradıcılıq axtarışlarına ruhlandırdı. “Hacı Qara”da Kərəməli, “Yağışdan çıxdıq, yağmura düşdük”də Qənbər, “Nadir şah”da Ədhəm kimi rolları Tiflis teatrında yaradan aktyor, Bakı teatrında daha ciddi rollar oynamalı oldu.
O vaxtlar Mustafa Mərdanovun Xlestakovunu (“Müfəttiş”) qəzetlər kifayət qədər tərifləyirdilər. İmamverdi (“Sevil”), Luka (“Həyatın dibində”), Şmaqa (“Günahsız müqəssirlər”), Poloni (“Hamlet”) və onlarca digər səhnə qəhrəmanları onun ifasında uğurlu alınırdı.
Mustafa Mərdanov teatrda işlədiyi vaxtlar tez-tez filmlərdə də çəkilməyə dəvət olunmuşdu. Muzdur Qulu (“Bismillah) onun kinoda ilk yaradıcılıq işi idi. Elə Abbas Mirzə Şərifzadə də rejissor kimi bu filmlə debüt etmişdi. Səssiz kinomuzun dəyərli nümunələrindən olan bu film 1925-ci ildə Bakı ekranlarına çıxmış və orada Mustafa Mərdanov da maraqlı rol ifa etmişdi. Bir il sonra isə ekranlarımızda Aleksandr Litvinovun “Müxtəlif sahillərdə” (“Əlbəyaxa”) filmi göstərildi. Aktyor bu filmdə Abbas rolunda çəkilib. Filmdə onun qəhrəmanı yerli mütəxəssisdir. Amerikadan dəvət olunmuş mütəxəssislərlə Abbasın tərəfdarları arasında baş verən münaqişə filmin əsasını təşkil edir.
Kinoda ilk böyük rolunu isə “Hacı Qara ” filmində ifa etmişdi. Kərəməli maraqlı obraz idi. Aktyor bu rolu bir az komik, yumoristik üslubda təqdim etmişdi.
Sonralar onu daha tez-tez filmlərə dəvət edirdilər. 1929-cu ildə çəkilən “Sevil” filmində aktyor Atakişinin rolunu ifa etdi. Bu filmdə məşhur aktyorlar çəkilmişdi və onların arasında Mustafa Mərdanovun qəhrəmanı öz orijinal ifa tərzi ilə seçilirdi. Kinorejissor Nikolay Şengelaya “Azərfilm”də çəkdiyi “İyirmi altı komissar” (1932-ci il) filmində Mustafa Mərdanova menşevik rolunu vermişdi. Bu rol kiçik də olsa öz hərəkətləri, jestləri ilə yadda qalır. Ümumiyyətlə, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində yaranmış əksər filmlərdə bu aktyora rollar verilirdi və o da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat verirdi. Digər menşevik rolunu isə o, “Bakılılar” filmində yaratmışdı.
Amma qardaşı, məşhur kinorejissor Səməd Mərdanovun “Kəndlilər” filmi Mustafa müəllimin yaradıcılığında yeni bir hadisə idi. Belə ki, o, filmdə iki rol yaradırdı. Bir-birinə zidd olan kəndli Təhməz və menşevik rolları aktyor sənəti baxımından olduqca təqdirəlayiqdir.
Mustafa Mərdanov, demək olar ki, hər il filmə çəkilirdi. “Kəndlilər”dən sonra 1940-cı ildə “Yeni horizont” (trest müdiri), 1941-ci ildə “Səbuhi” (akademiya rəisi) filmlərində çəkilib. Bu rolları kiçik olsa belə, tamaşaçı diqqətindən yayınmır.
Müharibə Azərbaycan kino sənətinin inkişafına öz təsirini göstərsə də, bu illərdə də filmlərimiz yaranmışdır. Çox təəssüf ki, Mustafa müəllim bu illər çəkilən filmlərə dəvət olunmamışdır. O, yenidən 1955-ci ildə “Görüş” filmində çəkildi. Burada adi kolxozun hesabdarı rolunu ifa edən aktyor, bir il sonra “Qara daşlar”da Dəmirov kimi çox ciddi rolda görsəndi.
Onun ən uğurlu rollarından biri 1956-cı ildə ekranlaşdırılan “O olmasın, bu olsun” filmindəki “intellegent” Həsən bəy oldu. Bu obraz Mustafa müəllimin yeni aktyorluq keyfiyyətlərini üzə çıxardı. O, filmdəki çox güclü aktyor ansamblı içərisində öz məxsusi ifa tərzi ilə seçilə bilir. Xüsusilə qonaqlıq səhnəsində Məşədi İbadla dialoqu tamaşaçıda xoş əhval-ruhiyyə doğurur. Aktyor filmdə tamamilə özgələşir, onun istedadlı ifası tamaşaçını, sözün əsl mənasında heyrətləndirir. “Əhməd haradadır?” filmində Məhəmməd kişi rolu Mustafa müəllimin yaradıcılığında xüsusi əhəmiyyət daşıyır. Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan biri idi. Yalnız bundan sonra 1968-ci ildə biz onu “Qanun naminə” filmində gördük. Murtuzov rolu ilə aktyor ömrünün son akkordlarını vurdu. Müstəntiq Murtuzov əslində yaramaz, öz peşəsinə xəyanət edən, minbir fırıldaqdan çıxan insandır. O, hər vəchlə Mehmandan qisas almağa çalışır. Çünki bu rüşvətxor müstəntiqin əməllərinə Mehmanın gəlişi ilə son qoyulmuşdu. Mustafa Mərdanov bu rolu çox təbii yaradır, o, mənfi tip olsa da, tamaşaçının yadında qalır. Elə həmin il dekabrın 12-də Mustafa Mərdanov əbədi olaraq gözlərini yumdu. Bu böyük sənətkarın ölüm xəbəri onun minlərlə pərəstişkarını qəlbən sarsıtdı.
Onun yaradıcı əməyi yüksək qiymətləndirilmiş, Azərbaycanın xalq artisti kimi yüksək fəxri ada layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunmuşdur. “50 il Azərbaycan səhnəsində” xatirələr kitabı 1959-cu ildə çap edilmişdir. Ölümündən sonra - 1973-cü ildə “Mənim müasirlərim” xatirə kitabı nəşr edilib oxuculara çatdırılmışdır. Mustafa Mərdanov bir neçə il Teatr Xadimləri İttifaqına rəhbərlik etmişdir.
Bu günlər xalqımız onun 120 illik yubileyini qeyd edir. Onu yada salır, filmləri nümayiş etdirilir. M.Mərdanova həsr olunan konfranslar, yaradıcılıq gecələri təşkil edilir. Bir sözlə, xalqımız onu hələ neçə-neçə yüz illər beləcə xoş ovqatla xatırlayacaq.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.