Dünyaya göz açandan Naxçıvan şəhərinin qədim abidələrini, XII əsrin görkəmli memar Əbubəkr Əcəminin yaratdığı möhtəşəm “Mömünə xatın” və “Yusif Küseyir” türbələrini, yaraşıqlı binaları, evləri, bağ-bağatlı, gül-çiçəkli yeri görüb.
Uşaqlıq çağlarından sənətkarlar yurdunun bu gözəl ab-havasında zəhmətkeş insanların, istedadlı, tanınmış elm, mədəniyyət xadimlərinin, sənət, peşə sahiblərinin əhatəsində boy atıb, böyüyüb. Məhz bu mühit ona möcüzəli bir dünya bəxş edib. Hər səhər A. S. Puşkin adına Naxçıvan şəhər 3 nömrəli orta məktəbə və dərsdən sonra əlinə tar alıb şəhər uşaq musiqi məktəbinə gedib. Rafail Kərimova musiqi, tar çalmağı öyrədən, təhsil verən təcrübəli müəllimləri Rəşid Məmmədov, Vahid Axundov, Xəlil Cəfərov, Sahib Axundov kimi tanınmış sənətkarlar olub.
Orta və uşaq musiqi məktəblərini bitirən Rafail 1969-cu ildə Bakıda Asəf Zeynallı adına Orta İxtisas Musiqi Texnikumunun tar sinfinə qəbul olunub. Elə birinci kursdan fərqlənməyə başlayıb, bilik və bacarığı, qabiliyyəti, işgüzarlığı, davranışı, hamıya hörmətlə yanaşmağı ilə nümunə göstərib. İkinci kursda istedad və bacarığnı nəzərə alıb onu xor dirijorluğu fakültəsinə keçiriblər. Məktəbdə görkəmli sənətkarlardan əməkdar incəsənət xadimləri Əhəd İsrafilzadə, Eduard Novruzov, Nicat Məlikov və başqalarından dərs alıb. Festivallarda, müsabiqələrdə, konsertlərdə bir-birindən uğurlu çıxışları olub. “Sevinc bəxş edən görüşlər” adlı məqalədən sətirlər: “Rafail Kərimovun Azərbaycan xalq çalğı aləti olan tarda “Şur” muğam-təsnifini ifa edərək gənc müğənnini müşayiət etməsi bizə xalqın mərdlik, mübarizliyini aşıladı, bu musiqi qəlbimizdə şən əhval-ruhiyyə yaratdı, dərin hisslər oyatdı. Dahi şair Nizaminin qəzəlləri üstündə xanəndənin əlində qaval “bülbül kimi” oxuması bütün tamaşaçıların qəlbini ehtizaza gətirdi...”.
Tələbəlik illərində ixtisas müəllimlərinin Rafailin musiqiçi kimi yetişməsində böyük rolu olub. Azərbaycanın tanınmış musiqi kollektivi-Azərbaycan Dövlət Xor Kapellasında stajyor kimi çalışaraq təcrübə qazanıb. Kapellanın tərkibində keçmiş Sovetlər Birliyinin respublika və şəhərlərində qastrol səfərlərinə gedib. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Niyazi, Tofiq Quliyev, Nəriman Məmmədov, Ramiz Mirişli və digər qüdrətli bəstəkarların əsərlərini dərindən öyrənməsi Rafailin kamil musiqiçi və xor dirijoru kimi formalaşmasına gətirib çıxarmışdır.
Təhsilini başa vurub Naxçıvana qayıdan R.Kərimov Şahbuz rayon uşaq musiqi məktəbinə müəllim göndərilir. Bu məktəbdə tar, solfecio, xor ixtisasları üzrə dərsləri tədris edir. Bu illərdə Rafail ali təhsil almaq üçün Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunun qiyabi şöbəsinə daxil olur və həmin institutu da bitirir. Eyni zamanda, Şahbuz rayon mədəniyyət evinin xor kollektivini yaradır, ona bədii rəhbərlik və dirijorluq edir. Ucqar dağ rayonunda xor yaratmaq o dövr üçün böyük mədəni hadisə idi. 1975-ci ildə bədii özfəaliyyət yaradıcılığı üzrə keçirilən Birinci Ümumittifaq festivalının ikinci turunda Fikrət Əmirovun “Odlar ölkəsi” əsəri ən yüksək bala, Rafail Kərimovun rəhbərliyi ilə xor-vokal qrupunun çıxışı birinci dərəcəli diploma layiq görülmüşdü. Qeyd edək ki, həmin tədbirdə xorun solistini uşaq vokal qrupu ilə əvəz edən Rafail müəllim xorla vokal qrupunun gözəl ifaçılıq vəhdətinə nail olmuşdur. O, dirijor-xormeyster kimi xorun klassik üslubda çıxışını saxlayaraq onun müşayiət edilməsində fortepianoya üstünlük vermişdir. Bu isə xor sənətinə gətirilən yenilik kimi qiymətləndirilmişdir.
R.Kərimov muxtar respublikada uzun illər musiqi təhsili və xor sənəti sahəsində səmərəli fəaliyyət göstərmişdir. Müxtəlif təhsil ocaqlarının, ümumtəhsil məktəblərinin, xor kollektivlərinə rəhbərlik etmişdir. Bu illər ərzində Naxçıvan şəhərində və muxtar respublikada kütləvi el şənliklərinin (mahnı və məhsul bayramlarının) fəal təşkilatçısı və iştirakçısı olmuşdur. İstedadların üzə çıxarılması, xor kollektivlərinin yaradılması və musiqi mədəniyyətinin inkişafında onun xidmətləri çoxdur. Naxçıvan Şəhər Uşaq İncəsənət Məktəbində müəllim, direktor müavini və Naxçıvan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, Naxçıvan MR Xor Cəmiyyətinin sədri, Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyində aparıcı məsləhətçi və aparat rəhbəri vəzifələrində çalışmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, ona dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. 2000-ci ildə Naxçvan MR-da incəsənətin və mədəniyyətin inkişafındakı xidmətlərinə görə “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif edilmişdir. Rafail müəllim sevimli sənətindən bu gün də ayrılmadan yaşayıb-yaradır. Gənc nəsilə musiqi təhsili verməklə yanaşı, musiqi mədəniyyəti tarixinə aid araşdırmalarını davam etdirir. Bu sahədə o, iki kitabın müəllifidir. “Naxçıvan musiqi mədəniyyəti tarixindən. Vokal ifaçılıq sənəti” adlı kitabı (“Azərnəşr”-2006) onun uzun illər musiqi təhsili, xor sənəti sahəsində təcrübə, müşahidə və axtarışlarının bəhrəsidir. Kitaba rəy verən Azərbaycan Respublikasının xalq artisti, professor, görkəmli müğənni Xuraman Qasımova tədqiqatçının əməyini yüksək qiymətləndirərək bildirmişdir ki, Rafail Kərimov Naxçıvan vokal məktəbini Azərbaycan vokal məktəbi ilə sıx uzlaşdırmışdır. Gələcək nəsil üçün bu əsər Naxçıvan vokal məktəbi haqqında ilk dəyərli bir sənət əsəri kimi də mühüm əhəmiyyət kəsb edir.
R. Kərimovun “Naxçıvan musiqi mədəniyyəti tarxindən. Musiqi təhsili” adlı ikinci kitabı da “Azərnəşr”də (2012) işıq üzü görmüşdür. Naxçıvanda uşaq musiqi məktəbinin yaradılmasının 75 illiyinə həsr olunmuş kitabın redaktoru və rəyçisi Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov qeyd etmişdir ki, R. Kərimovun bu monoqrafiyası istər həcminə, istər məzmununa, istərsə də əhatə etdiyi dövrə görə (1937-2002) digər tədqiqatlardan daha dəyərli, dolğun və yaddaqalandır.
Rafail Kərimovun həm də musiqi mədəniyyətinə dair məqalələri “Xalq qəzeti”, “Respublika”, “İki sahil”, “Səs”, “Şərq qapısı”, “Nuh yurdu” və digər nəşrlərdə dərc olunmuşdur.
1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Rafail Kərimov Muxtar Respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir. 1998-ci il Prezident seçkilərində o, Heydər Əlirza oğlu Əliyevin namizədliyini irəli sürmüş Naxçıvan şəhər seçicilərinin təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi olmuşdur.
Bacarıqlı müəllim, mahir dirijor, fəal təşkilatçı Rafail Kərimov ömrünün 45 ilini ecazkar Azərbaycan musiqisinin təbliğinə, musiqi mədəniyyətinin inkişafına və tədqiqinə həsr etmişdir. O, Bakıda və Naxçıvanda özünəməxsus yaradıcılığı, mədəni və intellektual səviyyəsi ilə tanınmışdır. Musiqi mədəniyyətimizin tədqiqi, musiqi təhsilinin inkişafı sahəsində Rafail müəllimdən hələ yeni-yeni uğurlar gözləyirik.
Afət SADIQOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.