Mirzə Ələkbər Sabir Fondu şairin ideyalarını yaşadır

Görkəmli şair  Mirzə Ələkbər Sabirin yaradıcılığı cəmiyyətin, demək olar ki, bütün sahələrini əhatə edir. Onun şeirlərində mənəvi eybəcərliklər kəskin  tənqid edilib.

Bu fikirlər Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə  “New Baku”  otelində keçirilən  tədbirdə səsləndirildi. Sabirin anadan olmasının 152-ci ildönümü münasibətilə təşkil edilən tədbiri giriş sözü ilə şairin adını daşıyan fondun rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Sevda Tahirli açdı. O, Mirzə Ələkbər Sabir Fondunun yaradılması və təşkilatın qarşısına qoyduğu məqsədlərdən söz açdı: “Fond 2012-ci ildə yaradılmış,  Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Təşkilatın əsas məqsədi  Sabir yaradıcılığının öyrənilməsi və irsinin tədqiqidir. Vəzifə şairin yaradıcılığını gənclər arasında təbliğ etmək, Sabir irsinin öyrənilməsinə gənc araşdırmaçıları cəlb etmək, şairin beynəlxalq aləmdə tanınmasına yardımçı olmaqdır”. S.Tahirli  bildirdi ki,  gənclərin vətənpərvər, yüksək dünyagörüşə malik, milli dəyərlərə sahib çıxan bir vətəndaş kimi böyümələri üçün onların Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli şəxsiyyətlərinin yaradıcılığını bilməsi və onlardan bəhrələnməsi olduqca vacibdir.

Qeyd olundu ki, Sabir yaradıcılığı təkcə ölkəmizdə deyil, qonşu ölkələrdə də tədqiq edilir və öyrənilir.  Bir neçə il öncə Türkiyədə İş bankının təşəbbüsü ilə “Hophopnamə”nin Türkiyə türkcəsində  nəşri türk dünyasının Sabir irsinə olan diqqət və sevgisindən irəli gəlir. Hər il ənənəvi olaraq, şairin doğma yurdu Şamaxıda keçirilən “Sabir günləri” ədəbiyyətsevərlər tərəfindən maraqla qarşılanır.

 Jurnalistlərlə diskussiya şəraitində baş tutan tədbirdə Sabir irsi ilə yanaşı, fondun indiyə kimi gördüyü işlərdən də söhbət açıldı. Bildirildi ki,  fond az müddətdə bir neçə layihə həyata keçirib. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsi icra edilib. Bu ilin mart ayından etibarən eyni adlı layihənin davamı kimi yenidən icrasına başlanılıb və   İctimai Televiziyada da mövzuya aid veriliş göstərilib.

Tədbir iştirakçılarına təqdim edilən “Qanımızın səsi” kitabı da maraqla qarşılandı. Qanın insan həyatının müxtəlif sahələri, xarakteri, karyerası, uğurları, sağlamlığı və psixologiyasına təsirindən bəhs edən kitab BDU-nun dosenti  Sevda Tahirlinin bir neçə illik gərgin araşdırmasının məhsuludur.

Sonda Mirzə Ələkbər Sabir Fondunun rəhbəri  gənclər arasında ədəbiyyatımızın  təbliği işində və vətəndaş cəmiyyətinin inkişafında bundan sonra da fəal olacaqlarını bildirdi, tədbirin keçirilməsinə dəstək verdiyi üçün “New Baku” Hotelinin  və “Skal” İnternational Baku təşkilatının rəhbərliyinə təşəkkür etdi.

 

Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”

 

 

 

   


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında