Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçıları İçərişəhərdən xoş təəssüratla ayrılmışlar

AzərTAc-ın təşkilatçılığı ilə keçirilən Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçıları iyunun 2-də İçərişəhərlə tanış olmuşlar.

Qonaqların İçərişəhərdə gəzintisi ölkə əhəmiyyətli abidə olan ikimərtəbəli Karvansaray ilə tanışlıqdan başlamışdır. Onlara məlumat verilmişdir ki, Karvansaray XV əsrdə tikilmişdir. Bildirilmişdir ki, Karvansaray daxili planına əsasən kvadrat formalıdır. Daxili məkanı səkkizüzlüdür, arxasında ayrıca otaqlar yerləşən eyvanlarla əhatə olunmuş həyətdən ibarətdir.

Qeyd edilmişdir ki, otaqların və eyvanların qübbə örtükləri çatma formalıdır. Küncdəki otaqlar isə kiçik künbəzlərlə tamamlanır. Karvansaraya girişlər, bina hündürlüyündə qabaran portallar və birinci mərtəbə səviyyəsində dərin taxçalarla tamamlanır. Cənub-şərq tərəfdən Karvansaray bütöv künc qalalarla mühafizə olunmuşdur.

Sonra qonaqlar Qız qalasını gəzmişlər. Onlara bu abidənin qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılmış bu qala XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindrik formalı tarixi abidə əsas qüllədən və cənub tərəfdən ona bitişik dayaq tikilisindən ibarətdir.

Qonaqlara elektromobillərdə gəzinti zamanı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, İçərişəhər ərazisində yerləşən, müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri dövlət tərəfindən qorunur.

Sonra Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçıları Şərqin memarlıq incilərindən sayılan dünya əhəmiyyətli Şirvanşahlar Saray Kompleksi tarix-memarlıq abidəsi ilə də tanış olmuşlar.

 Bildirilmişdir ki, XV əsrin əvvəlində inşa edilmiş bu tarixi abidə İçərişəhərdəki təpələrdən birinin ən uca nöqtəsində yerləşir. Dəniz tərəfdən və şəhərin ətrafındakı yüksəkliklərdən yaxşı görünən Şirvanşahlar Saray Kompleksi bu gün də öz tarixi-memarlıq əhəmiyyətini saxlayır.

Qonaqlar qədim İçərişəhərdən xoş təəssüratla ayrılmışlar.

 

 AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında