Azərbaycanın zəngin mədəni dəyərləri bütün dünyaya nümunədir. Bu fikri Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin dəstəyi ilə Azərbaycanı fransızlara daha yaxından tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun keçirdiyi “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində mayın 28-də Avropa Şurasının mənzil-iqamətgahında təşkil olunmuş sərginin açılışındakı çıxışında qurumun baş katibinin müavini xanım Qabriella Battoni-Draqoni səsləndirmişdir.
Sərgini açan nümayəndəliyin rəhbəri səfir Emin Eyyubov demokratik yol tutan Azərbaycanın 2001-ci il yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduğunu xatırlatmış, belə əlamətdar hadisənin təşkilata üzvlüyü dövründə ölkəmizin ilk dəfə Nazirlər Komitəsinə sədrliyi ilə eyni vaxta təsadüf etdiyini diqqətə çatdırmışdır.
Bu gün Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət olduğunu vurğulayan səfir iki qitənin qovuşuğunda yerləşən ölkəmizdə müxtəlif mədəniyyətlərin və dinlərin mövcudluğunu qeyd etmiş, ayrı-ayrı etnik qrupların mədəniyyətinə və dinlərinə yüksək tolerantlıq göstərildiyini, onların dillərinin, dinlərinin, mədəniyyətlərinin inkişafı üçün hər cür şərait yaradıldığını bildirmişdir.
Səfir müstəqilliyin bərpasından sonra ümummilli liderimizin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin sentyabrında müxtəlif ölkələrin aparıcı şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” sayəsində Azərbaycanın sürətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində müstəqilliyini qoruyub saxladığını bəyan etmişdir.
Diplomat Azərbaycanın geosiyasi mövqeyinə görə beynəlxalq aləmdə öz yeri olduğunu vurğulamış, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini və artıq öz xalqına xidmət edən güclü demokratik dövlətə çevrildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuşdur. Burada sərgilənən müxtəlif eksponatlar ölkəmizin qədim tarixinin və zəngin mədəniyyətinin göstəricisidir və bu əsərlər Azərbaycanın mədəni irsini və mədəni müxtəlifliyini əks etdirir. 2012-ci ilin sonlarından etibarən Fransanın müxtəlif regionlarında təşkil olunan belə sərgilər fransızların Azərbaycan barədə daha ətraflı məlumat almalarına və təsəvvürlərinin zənginləşməsinə imkan verir.
Bu sərginin Avropa Şurasında təşkil olunmasının ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Emin Eyyubov Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıtdırmaq sahəsində mühüm rol oynadığını, fondun təşəbbüsü ilə Fransada bir çox tarixi və mədəni abidələrin bərpa edildiyini bildirmişdir.
Avropa Şurasının baş katibinin müavini Qabriella Battoni-Draqoni çıxışında 2011-ci ilədək qurumda mədəniyyət bölməsinə rəhbərlik etdiyini, həmin dövrdə qurumun Azərbaycan ilə birlikdə Bakıda şəhərlərarası layihələr, mədəni irslə bağlı müxtəlif tədbirlər həyata keçirdiyini, 2008-ci ilin dekabrında Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin, Avropa İttifaqının, UNESCO nümayəndələrinin, Ərəb Liqası ölkələrinin və digər beynəlxalq təşkilatların iştirakı ilə mühüm konfrans təşkil olunduğunu xatırlatmış, yığıncaqda mədəniyyətlərarası dialoq, beynəlxalq sahədə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldığını bildirmişdir.
Konfrans zamanı Azərbaycan mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olduğunu diqqətə çatdıran baş katibin müavini “Gülüstan” sarayında nümayiş etdirilən çoxlu sayda xalça kolleksiyasının, musiqi alətlərinin, qədim silahların və incəsənət əsərlərinin onda xüsusi təəssürat oyatdığını, bu eksponatlar sayəsində Azərbaycanın zəngin mədəni dəyələrə malik ölkə olduğunu vurğulamışdır. Bildirmişdir ki, Şərqlə Qərbi birləşdirən Azərbaycandan bir çox sivilizasiyaların keçdiyinin şahidi oldum. Əlbəttə, həmin sivilizasiyalar bugünkü Azərbaycana öz töhfəsini vermişdir.
Qabriella Battani-Draqoni demişdir ki, tanış olduğum mədəni dəyərlər bir sintezdir. Bu, həm də öz növbəsində ölkədə yaşayan etnik qrupların sintezidir. Bütün bunlar özlüyündə Azərbaycan tarixini və mədəniyyətini təşkil edir. Azərbaycanın mədəni irsi müxtəlifdir və rəngarəngdir. Onun mədəni dəyərləri heç bir ölkə ilə müqayisə edilə bilməz. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun arxitekturası, Qobustan və “Atəşgah” kimi abidələr, Qəbələ arxeoloji qazıntıları dünyanın ən qiymətli mədəni irsləridir. Bu gün nümayiş etdirilən sərgi ölkə barədə deyilənlərin bariz nümunəsidir.
Əsgər ƏLİYEV
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.