İstanbulda dəfələrlə olmuşam. Hər gedişimdə düşünmüşəm ki, yəqin bu dəfə sehir pozulacaq, alışqanlığın qaçılmaz qurbanı olan bütün gözəlliklər kimi İstanbul da ilkin cazibəsini itirərək gözümdə adiləşəcək, sıradan ziyarət məkanına çevriləcək. Lakin gözləntilərim hər dəfə məni aldadır və hava limanından şəhərə qədəm qoyduğum ilk andaca yenidən buta verilmiş aşiq kimi bu şəhərin sevgi, doğmalıq, heyranlıq qarışıq mistik cazibəsinə qapılıram.
Qəribə şəhərdir İstanbul. Bütün şəhərlərin ruhu var deyirlər, amma İstanbulun ruhu başqadır. Bu ruh onu duya biləni bir andaca əsir alır, sehrləyir. Nəinki daşı, torpağı, havası da dil açıb danışır bu qədim şəhərin. İstanbula “təbiətlə tarixin birgə yaratdığı şeir”— deyirlər. Gözəl bənzətmədir. Lakin mən, nədənsə daha çox qadına bənzədirəm İstanbulu: gözəl, lakin əlçatmaz, sonunadək kəşf edilə bilinməyən: işvəli, eyni zamanda müdrik, tədbirli; sevgi dolu, amma bir o qədər də qürurlu. Və sevilməyə məhkum...
İstanbula budəfəki səfərim ənənəvi İstanbul “Shopping Festival”ın tanıtımında iştirak məqsədi daşıyırdı. Azərbaycandan dəvət edilmiş üç jurnalistdən biri idim.
Səfəri “İstanbul Shopping Festival”ın baş sponsoru olan Türk Hava Yolları təşkil etmişdi. Bizi hava limanında şirkətin əməkdaşları qarşıladılar. Tədbirə 19 ölkədən 46 jurnalıst qatılmışdı. Hər kəs peşəkarlığın diktə etdiyi yüksək nəzakətlə qarşılandı, lakin bakılı qonaqlara göstərilən sevgi başqaydı. THY-nın əməkdaşları Busə xanımla, Seyfullah bəylə, Sinan bəylə, Təməl bəylə, İlkər bəylə tanış olduq. İlkər bəyin “Azərbaycan başımızın tacıdır ” sözlərini İstanbulun ziyarət etdiyimiz məkanlarında dəfələrlə eşitdik. Sevginin qarşılığını duymaq gözəl idi...
Xüsusi avtobusla hava limanını tərk etdik. Sonuncu dəfə İstanbulda cəmi iki ay öncə olmuşdum. Şəhər bu qısa müddət ərzində də dəyişmiş, bir az da gözəlləşmişdi. Bəlkə də may ömrünü yaşayırdı, ondandı.
İstanbul durmadan inkişafdadır. Son illər şəhərə ildə ən azı bir dəfə təşrif buyuran səyyah hər gəlişində mütləq yaxşılığa doğru dəyişiklik görə bilər. Yeni binalar tikilir, küçələr abadlaşdırılır, gül-çiçəkli məkanların sayı durmadan artır. Və bütün bunlar şəhərin ruhunu incitmədən, qədimliyini, milliliyini qorumaqla həyata keçirilir.
Şəhərin, bəzi hissələrdə uçulub-dağılsa da, hələ qürürla boylanan, müəyyən yerlərdə isə zamanın sehirli çubuğuyla gözəgörünməzliyə bürünən qədim divarları yol boyu sanki bizimlə gizlənpaç oynayırdı. Gah itən, gah görünən daş “kitablar” yaşıllıqlar arasından boy göstərərək hərəsi bir əfsanə söyləyirdi elə bil. Yaşıllıq demişkən, İstanbulda təbiətin ən gözəl rəngləri olan yaşıl və göy rəng ecazkar hormoniyayla birləşib. Mərmərə və Qara dənizin qucaqladığı şəhər firuzəylə əhatə olunmuş zümrüd daşına bənzəyir. Bu da tarix boyu üç böyük imperiyanın paytaxtı olmuş İstanbula xüsusi kübarlıq verir.
Yerləşdiyimiz məkan füsunkar boğaz mənzərəli “Hilton” hoteliydi. Bir anlığa Mədinə şəhərindəki “Hilton”u xatırladım. Dəbdəbəsinə görə bəlkə də üstələyirdi, lakin təmizlik və xidmət baxımından İstanbuldakıyla müqayisəyə gəlməzdi. Ümumiyyətlə, Türkiyənin hotel və restoran biznesində ən öndə gedən ölkələrdən olduğu danlımazdır. Ölkəyə turist axınını gücləndirən əsas amillərdən biri də budur.
Əşyalarımızı hotelə yerləşdirdikdən sonra nahar etmək üçün “Zorlu center” ticarət və əyləncə mərkəzinə yola düşdük. Yenə yol boyu gözəlliklər, müxtəlif mədəniyyətlərin sintezindən yaranan möhtəşəm görüntülər, qədimliyin müasirlik aynasındakı cilvəsi...
Zincirlikuyuda yerləşən “Zorlu center” İstanbulun ən möhtəşəm layihələrindən biridir. Tikintisi 2,5 milyard ABŞ dollarına başa gələn kompleksdə dəbdəbəli “Raffles” hoteli, mədəniyyət və incəsənət mərkəzi, biznes mərkəzi, elit yaşayış binaları və xeyli sayda mağaza, restoran var. “İstanbul Shopping Festival”ın sponsorlarından biri olan “Zorlu center” turistlər üçün də maraqlı yerdir.
Nahardan sonra “Vialand”ə yollandıq. Bura dünyanın bir çox böyük şəhərində fəaliyyət göstərən “Disneyland”lərin Türkiyə variantıdır. Eyup bölgəsində yerləşən əyləncə məkanı 600 min kvadratmetr sahəni əhatə edir. Nəhəng attraksionları, baş gicəllədən əyləncələri ilə böyüklərin adrenalin mənbəyi olan parkda balacalar üçün də nağıl qəhrəmanlarının surətləriylə bəzədilmiş təhlükəsiz qurğular var. “Vialand” tarixi, oyun və macəra olmaqla üç tematik zonaya ayrılır. Kompleksə həmçinin “Müasir İncəsənət Muzeyi”, mağazalar, kafe və restoranlar da daxildir. Olduqca qorxulu təsir bağışlayan qatarda həyatımızı “taleyin öhdəsinə” buraxdıqdan sonra sağ-salamat “Dubay” restoranında şam yeməyi yedik. Zəngin ərəb süfrəsi rusiyalı həmkarlarımı xeyli çətin vəziyyətdə qoymuşdu. Pəhrizlərini pozmaq istəməyən xanımlar ləzzətli görünüş qarşısında tab gətirməyərək dayanmadan yesələr də, hey deyinirdilər. Həmkarlarımdan söz açmışkən, çox maraqlı görüntü yaranmışdı. Məsələn, hicablı ərəb qızı Rabiə və tamam əks mədəniyyətin daşıyıcısı serbiyalı Yelenanın səmimi ünsiyyəti xoş təsir yaradırdı. Rusiyalı jurnalistlərlə Ukraynadan olan Yuliya və Yurinin münasibətinə gəldikdə, iki dövlət arasında baş verən son hadisələr öz sözünü deyirdi. Onu da müşahidə etdim ki, rus xanımlar nə qədər soyuq idilərsə, ukraynalılar bir o qədər istiqanlı, mehriban təsir bağışlayırdılar. Daha çox da bizə, yəni azərbaycanlı həmkarlarına münasibətdə.
Səfərimizin ikinci günü İstanbul Böyükşəhər Bələdiyyəsinin unikal əsəri olan “Panorama 1453" tarix muzeyinə ziyarətlə başladı. Topkapı Parkı içərisində yer alan muzey Fatih Sultan Mehmetin İstanbulu fəth etməsini üç ölçülü rəsmlərdən, top atəşindən, Mehtər marşı və at kişnəmələrindən ibarət səs effektləri vasitəsilə təsvir edən ecazkar yerdir. 2008-ci ildən fəaliyyət göstərən muzey ziyarətçilərin böyük marağına səbəb olur. Muzeydəki qəhrəmanlıq və zəfər ab-havası, bir türk olaraq, mənə çox xoş hisslər yaşatdı.
Muzeydən sonrakı ziyarətimiz Eminönüdə yerləşən İstanbul Ticarət Odasına idi. Burada nahardan sonra mətbuat konfransına qatılacaqdıq . Türkiyənin ən qədim biznes mərkəzi olan İstanbul Ticarət Odası çox gözəl məkanda yerləşir. Binanın eyvanından baxdıqda şəhərin bütün gözəlliyini və möhtəşəmliyini sanki yenidən kəşf edirsən.
Mətbuat konfransında “İstanbul Shopping Festival”dan bəhs edən layihənin rəhbəri Füsun Tavus bildirdi ki, düzənlənməsi bu il 7-29 iyun aralığında planlaşdırılan festival artıq 4-cü dəfədir baş tutur. Alış-veriş, əyləncə, moda, incəsənət ilə süslənmiş böyük bayram tədbiri hazırladıqlarını deyən F.Tavus İstanbulu dünyanın ən məşhur moda və alış-verış nöqtəsinə çevirməyi məqsəd seçdiklərini də vurğuladı. Festival boyunca küçələrin bəzədiləcəyini, maraqlı konsert proqramlarının, küçə göstərilərinin, sürprizlərin düzənlənəcəyini, deyən Füsun xanım bütün istanbulsevərləri təşəbbüsü dəstəkləməyə və yüksək endirimlərdən yararlanmağa çağırdı.
Rəsmi görüş bitmişdi və biz Qalata körpüsüylə boğazın üzərindən keçərək məşhur Güllüoğlu paxlavasına qonaq olmağa gedirdik. Qədim və yeni İstanbulu birləşdirdiyinə görə Qalata körpüsünə iki mədəniyyəti birləşdirən körpü də deyirlər. Balıqçıların və kiçik ticarətlə məşğul olanların “zəhməti” nəticəsində xeyli pinti görünsə də, bu, mənzərənin gözəlliyinə xələl gətirmir, əksinə, canlılıq yaradır.
Paxlavamızı dadıb 150 yaşlı yeraltı tunellə şəhərin ən uzun və ən gözəl küçəsi olan İstiqlala gəldik. Görünüşüylə bir qədər bizim İçərişəhərin küçələrini xatırladan İstiqlalda yerli əhalidən çox turistlərə rast gəlmək mümkündür. Onlar burada öz evlərindəki kimi gəzib dolaşırlar. Ümumiyyətlə İstanbul həddən artıq kosmopolit şəhərdir. Bəlkə də, cazibəsinin sirlərindən biri də məhz budur.
Əsasən turistləri cəlb etmək üçün boy verən bər-bəzəkli mağazalarda qiymətlərin heç də ucuz olmaması alış-veriş arzusunda olan bəzi həmkarlarımı məyus etdi. İstiqlalda çox yubanmadan tramvayla Sultanəhmədə gəldik. Topqapı sarayı, Ayasofiya, Sultanəhməd məscidi, At meydanı, ta qədim Misir dövlətindən qalma sütunları və sair tarixi abidələri özündə birləşdirən bu möhtəşəm kompleksə “İstanbulun ürəyi” də demək olar. Vaxt məhdudluğu üzündən tarixi abidələrlə tanışlığımız ötəri oldu. Bizi gəmiylə boğaz gəzintisi gözləyirdi.
Artıq gün batmaq üzrəydi. Lacivərd suların ikiyə ayırdığı şəhər gözlərimiz önündə bütün gözəlliyi ilə cilvələnirdi. Batan Günəşin qırmızımtıl şüaları modern binaların aynalı pəncərələrində bərq vuraraq sürüşüb qədim məscidlərin günbəzində can verir və oradan boğazın sularına tökülürdü. O an düşünürdüm ki, görəsən, dünyanın hansısa yerində qədimliklə müasirlik bu qədər gözəl vəhdət yaradıbmı...
Bir azdan toran düşdü, məscidlərdən azan səsləri yüksəlməyə başladı. Yağış çisələyirdi. Sanki hansısa sehrli qüvvə gözəl bir ssenari yaratmışdı. Beləcə Dolmabağçanı, Çirağan sarayını, Ortaköy məscidini arxada qoyub, Boğaziçi körpüsünün altından keçərək Anadolu yaxasındakı Əskəri Lisəsinə yaxınlaşdıq. Oradan avtobusla “Cəmilə Sultan Korusu”na yollandıq.
Vaxtilə Sultan Əbdülməcid tərəfindən qızı Cəmilə Sultanın xatirəsinə alınan bu məkan indi İstanbul Ticarət Odasına məxsusdur və yalnız xüsusi qonaqları qəbul edir. Burada İstanbul Ticarət Odası mənsublarıyla birgə şam etdikdən sonra otelə döndük.
İstanbul səfərimizin sonuncu günü tədbirin əsas təşkilatçısı olan Türk Hava Yollarıyla tanışlıq nəzərdə tutulmuşdu. Öncə THY-nın tədris mərkəzinə gəldik. Mərkəzdəki iş metoduyla, müasir avadanlıqlarla tanışlıqdan sonra baş ofisdə şirkətin rəhbəri Təməl Kotilin iştirakı ilə baş tutan mətbuat konfransına qatıldıq . Təməl bəy çıxışına Türkiyədə insanlıq dramı yaradan Soma faciəsindən üzüntüsünü dilə gətirməklə başladı. Daha sonra THY-nın fəaliyyətiylə bağlı statistik məlumatları jurnalıstlərə çatdırdı. Şirkətin bu qədər uğur qazanmasının sirrini soruşduqda isə Təməl bəy çox sadə cavab verdi: “Sevgi. Biz müştərilərimizə yalnız peşəkar xidmət göstərmirik, biz həm də onları sevirik”.
İstanbuldakı son günümüz artıq başa çatmaq üzrəydi. Hava limanına yaxın yerləşən “Floriya-mall”da Mərmərənin mavi sularını seyr edərək yemək yeyir və eyni zamanda, THY-nın əməkdaşı Seyfulla bəylə və İstanbul Shopping Festival-ın yetkililərindən biri olan Bilgə xanımla Bakı haqqında, onun son illər necə böyük sürətlə inkişaf etməsi, gözəlləşməsi, paytaxtımızda keçirilmiş “Eurovision”mahnı yarışmasının möhtəşəmliyi barədə danışırdıq. Bakı Politexnik Universitetinin məzunu olan Seyfulla bəy şəhərimizi çox sevdiyini söyləyir. Onun “bakılı balasıyam, Bakıda qalasıyam” zarafatını Bilgə xanım anlamasa da, biz ikimiz ürəkdən güldük.
Yeməkdən sonra dünyanın ən böyük tematik akvariumu olan “İstanbul Akvarium”un sualtı dünyasıyla da tanış olub Atatürk Hava Limanına gəldik. Ayrılıq anı çatmışdı. Üç gün ərzində xeyli doğmalaşmışdıq. Hətta rusiyalı və ukraynalı həmkarlarım arasındakı əvvəlki soyuqluqdan da əsər-əlamət qalmamışdı.
Hava limanında daha bir həzin mənzərənin şahidi olduq. Somalidən olan çox yoxsul sərnişin təyyarəyə gecikmişdi. Transfer üçün pul ödəmək imkanı olmayan adamın çarəsizliyi THY işçilərini biganə qoymadı. Onların somaliliyə necə yardım etmək istədiklərini gördüm. Və etdilər də. Bu mənzərə mənə Təməl bəyin sevgi barədə dediyi sözləri xatırlatdı...
Artıq təyyarədəydik. Üç günlük ayrılıqdan sonra Vətənə dönürdük. Pəncərədən qaranlıqda ləl-cəvahirat kimi işıq saçan İstanbulun getdikcə uzaqlaşdığını görürdüm. Cazibəsi isə hələ də mənimlə idi...
Aida AYSA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.