“Cəfər Cabbarlının tərcümələri” təqdim edildi

 Görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının tərcümə etdiyi bədii əsərlərdən ibarət kitab ictimaiyyətə təqdim edildi. Dramaturqun anadan olmasının 115 illiyi münasibətilə Cəfər Cabbarlının ev muzeyinin layihəsi əsasında ərsəyə gələn nəşr Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə işıq üzü görmüşdür.

 Azərbaycan Milli Kitabxanasında baş tutan tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov Cəfər Cabbarlı yaradıcılığının çoxşaxəli olmasından və ədəbiyyatımızda mühüm yer tutmasından danışdı. Qeyd etdi ki, oxucular onun təkcə dram əsərləri, hekayələri ilə deyil, həm də bədii tərcümə sahəsində istedadının başqa bir tərəfi ilə tanış olmaq imkanı qazanmışlar. C.Cabbarlının rus və Avropa ədəbiyyatının ən qiymətli nümunələrindən etdiyi tərcümələr istər məzmun və forma, istərsə də sənətkarlıq xüsusiyyətinə görə seçilir.

 Kitaba “Ön söz”ün müəllifi, filologiya elmləri doktoru, professor Asif Rüstəmli sənətkarın yeni nəşrdə yer alan tərcümələrinin sənətkarlıq keyfiyyətlərindən danışdı. Pedaqoji elmlər doktoru, professor Fikrət Rzayev, filologiya elmləri doktoru, professor Tahirə Məmməd, “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlı Cəfər Cabbarlı irsinin zənginliyindən, ədəbiyyatımıza, teatrımıza və kinomuza verdiyi töhfələrdən bəhs etdilər. Qeyd edildi ki, Cəfər Cabbarlının tərcüməsində Avropa və rus klassiklərinin əsərlərinin Azərbaycan oxucusuna təqdimatı sənətkarın öz oxucusuna verdiyi dəyər, ədəbiyyata olan sevgisi ilə bağlıdır.

 Dramaturqun nəvəsi, Cəfər Cabbarlının ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı Cəfər Cabbarlı irsinin araşdırıldığını və təbliğ edildiyini vurğuladı . Yeni nəşr haqqında məlumat verən natiq qeyd etdi ki, kitabda yer alan bir sıra tərcümələr ilk dəfədir ki, işıq üzü görür.

 Kitaba V.Şekspirin “Hamlet”, “Otello”, F.Şillerin “Qaçaqlar”, R.Bomarşenin “Fiqaronun toyu”, L.Tolstoyun “Hacı Murad”, H.Lonqfellonun “Koroğlunun atlanışı” əsərləri daxildir. “Şərq-Qərb” nəşriyyat evinin mətbəəsində işıq üzü görmüş nəşrin tərtibçisi ədibin nəvəsi Qəmər Seyfəddinqızıdır.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında