Mayın 17-də Azərbaycanın bir çox muzeyləri Beynəlxalq Muzeylər Günü və “Avropa Muzeylər Gecəsi” münasibətilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda bir araya gəlmişlər.
Tədbir Beynəlxalq Muzey Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə dəstəyi ilə reallaşdırılmışdır.
İCOM-un qərarı ilə bu il Beynəlxalq Muzeylər Günü “Muzey kolleksiyaları ünsiyyət yaradır” devizi altında keçirilir.
Muzeylərin mədəniyyətin zənginləşməsində, mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını nəzərə aldıqda, muzey kolleksiyaları xalqın keçmiş adət-ənənələrini və bu gününü gələn ziyarətçilərə aşılayır və ünsiyyət yaradır. Onlar tarixin, mədəniyyətin zənginliklərini, sirlərini özlərində saxlamır, həm də bizə kolleksiyalar vasitəsilə bələdçilik edib zəngin keçmişimizlə bağlayır.
Tədbirdə çıxış edən Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM-un Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin muzey işi sektorunun müdiri Azadə Hüseynova Beynəlxalq Muzeylər Gününün yaranma tarixi barədə məlumat vermişdir. Bildirmişdir ki, bu gün İCOM-un təşəbbüsü ilə 1977-ci ildən təsis olunmuşdur. Ölkəmizdə də bu bayram müxtəlif tədbirlərlə qeyd edilir, muzeylərdə “Açıq qapı” günləri təşkil olunur.
Vurğulanmışdır ki, bu ilki Beynəlxalq Muzeylər Günü muzey işçiləri üçün ikiqat bayram olmuşdur. Bir sıra muzey direktorları və əməkdaşları Prezident İlham Əliyevin 2014-cü il 16 may tarixli müvafiq sərəncamları ilə təltif olunmuş və fəxri adlara layiq görülmüşlər. Bu, muzey işçilərinə dövlətin diqqətinin əyani təzahürüdür.
Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyevin hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda muzey işinə böyük diqqət və dəstək göstərmişdir. Ümummilli liderin müvafiq sərəncamı ilə Azərbaycanın bölgələrində və Bakıda tarix-diyarşünaslıq, ev və digər profilli muzeylər yaradılmışdır.
Bu gün də ölkədə muzey sahəsində məqsədyönlü işlər görüldüyü vurğulanaraq bildirilmişdir ki, respublikada yeni muzeylər inşa edilir, mövcud olanlar əsaslı təmir və bərpa edilir, yeni ekspozisiyalar yaradılır.
Bayram tədbirində Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, İçərişəhər Tarixi Muzeyi, Gömrük Tarixi Muzeyi, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində yerləşən muzeylər, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, Leopold və Mstislav Rostropoviçlərin, Səməd Vurğunun, Tahir Salahovun ev-muzeyləri, Bülbülün memorial muzeyi və digər muzeylər olmaqla 20-dək muzey iştirak etmişdir. Bu muzeylər bayram mərasimində səyyar ekspozisiya və müvafiq proqramları ilə təmsil olunmuşlar.
Tədbirdə “Babalarımızın ocağında” uşaqlar üçün xalq ənənələrinə əsaslanmış əyləncəli-tədris və interaktiv proqramlar təşkil edilmişdir. Burada onlar xalça emalatxanalarında xalça toxumaq sənəti ilə maraqlanmış, toxumanın sirlərini öyrənmiş, öz ilmələrini vurmuş, dulusçuluq, misgərlik peşələrini bu emalatxanaları ziyarət etməklə tətbiq etməyə çalışmış, təndirxanada çörək hazırlama prosesi ilə tanış olmuşlar. Sonra onlar milli toy adətlərimizin ayrılmaz hissəsi olan xınayaxdı haqqında məlumatlandırılmış, əllərinə bəzək vurulmuşdur.
İştirakçılar “Ov ovlayaq” əyləncəli-tədris oyununda ovçuluq sənətinin sirlərinə yiyələnməyə çalışmışlar. Uşaqlar ox tutmağı, yay atmağı öyrənməklə ovçu həyəcanı yaşayıb bir anlığa kiçik “ovçu”lar olmuşlar.
Tədbir proqramı musiqili dəqiqələrlə müşayiət olunmuş, “Azərbaycan ritmləri” mahnı və rəqs ansamblının üzvlərinin və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin muğam ansamblının ifaları təqdim edilmişdir.
Tədbirin növbəti hissəsində muzeylərin təşkil etdikləri sərgilər təqdim olunmuşdur. Sərgilər günün mövzusuna uyğun olaraq rəngarəng təşkil edilmişdir. Muzeylərin ünsiyyətyaradıcı roluna və muzey sərvətlərinin insanlarla əlaqə qurmaq imkanlarına əsaslanan bu sərgi istedadlı rəssam və fotoqrafların yaradıcılığını tamaşaçılarla görüşdürmüşdür.
Ziyarətçilər görkəmli Azərbaycan rəssamı Tahir Salahovun yaradıcılığını əks etdirən bir-birindən gözəl sənət əsərlərini “Abşeron motivləri” sərgisində seyr etmişlər.
Ələkbər Rzaquliyevin yaradıcılığına əsaslanan “Köhnə Bakı” sərgisi qonaqları bir anlığa qədim Bakıya səyahətə aparmışdır. “Ata və oğul Rostropoviçlər uşaqların gözü ilə” sərgisində dahi musiqiçinin yaradıcılığını Bakı məktəblilərinin gözü ilə seyr etmək imkanı yaranmışdır.
Xalq rəssamı Arif Hüseynovun xalq şairi Səməd Vurğunun şeirlərinə çəkilmiş illüstrasiyalardan ibarət “Uzadaq ömrünü hər bir anın da” sərgisi ilə iştirakçılar xəyalən şairin yaradıcılığına köklənmişlər.
“Azərbaycan incəsənəti dünya muzeylərində” sərgisində dünyanı dolaşan Azərbaycan incəsənət nümunələri seyr edilmişdir.
“Azərbaycan incəsənəti fotoqrafların gözü ilə” sərgisində müasir fotoqrafların təqdimatında Azərbaycan incəsənəti yeni müstəvidə göstərilmişdir.
Məşhur musiqi xadimlərimiz “Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı” və “Azərbaycan musiqi mədəniyyəti simalarda” fotosərgiləri vasitəsilə bir daha yad edilmişlər.
Tədbirdə milli dəyərlərimizin qorunması sahəsində xidmətlərinə görə Naxçıvan Tarixi Muzeyinin direktoru Nizami Rəhimov, Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyev, “İçərişəhər” Tarixi Muzeyinin elmi kütləvi işlər şöbəsinin müdiri İradə Qasımova və Astara rayon mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Əfqan Şəfiyev İCOM-un Azərbaycan Milli Komitəsi tərəfindən fəxri fərman ilə təltif edilmiş, “Azərbaycan incəsənəti fotoqrafların gözü ilə” fotomüsabiqəsində ən çox tamaşaçı rəğbəti qazanmış əsərin müəllifi mükafatlandırılmışdır.
Tədbirdə, həmçinin İCOM-un Azərbaycan Milli Komitəsinin peşə bayramı ərəfəsində fəaliyyətini əks etdirən “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi. Birgə fəaliyyətimiz” bukleti də təqdim edilmişdir.
Ötən il ərzində muzeylərin fəaliyyəti müxtəlif tədbirlər, təqdimatlar, treninq və seminarlarla yadda qalmışdır. Komitənin üzvləri həm ölkədaxili, həm də xaricdə bir sıra tədbirlərdə iştirak etmişlər.
Bukletdə bütün bu tədbirlər haqqında məlumatlar, komitəyə üzv muzeylərin 2013-cü il ərzində birgə işlər, dünyada ilk özəl və hələlik yeganə olan Miniatür Kitab Muzeyinin geniş fəaliyyəti öz əksini tapmışdır.
Tədbirdə M.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli internat məktəbin, 9 nömrəli internat məktəbin, Mərdəkan qəsəbəsində yerləşən 3 nömrəli internat məktəbin, Xəzər rayonundakı 185 nömrəli orta məktəbin şagirdləri və Bilgəh qəsəbəsində yerləşən əmək və müharibə veteranları üçün qocalar evinin sakinləri iştirak etmişlər. Onlara “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu adından hədiyyələr verilmişdir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.