Günümüzdə mollanəsrəddinçiliyin davamçısı sayılan yazıçı Xeyrəddin Qocaya görə, satira və yumor ən ciddi janrdır. Hətta, o qədər ciddidir ki, onu yazmaq üçün istedad və bacarıq azdır, müəllifdən cəsarət də tələb olunur. Az sözlə böyük fikirləri ifadə etmək iqtidarında olmalısan. Həm də gülə-gülə ağlatmağı və ağlaya-ağlaya güldürməyi bacarmalısan. Ədəbiyyatın bu son dərəcə maraqlı janrında qırx ildən çox qələm çalan yazıçı Xeyrəddin Qoca həm də dramaturgiya sahəsində müvəffəqiyyət qazanmış, bir sıra pyeslər yazmış, komediya ustası kimi də tanınmışdır.
Komediyalarını cəmiyyətdəki müxtəlif problemlər üzərində kökləyən dramaturq mühüm məsələlərə toxunur, oxucunu, tamaşaçını uydurmalar, illüziyalar aləmindən ayırıb real həyata gətirir, nöqsanları vətəndaş-yazıçı mövqeyindən açıb göstərir.
Bu günlərdə X.Qocanın “Qonşulaşma, qohumlaşma, kirvələşmə” adlı pyesi əsasında C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında hazırlanmış “Vəzifə dəlisi” adlı tamaşaya baxarkən biz bir daha gördük ki, Cəlil Məmmədquluzadədən, Əbdürrəhim bəy Haqverdiyevdən gələn, Sabirin hikmət ümmanından süzülən, millətin taleyini yaşaya bilmək duyğuları onun əsas qayəsinə çevrilmişdir. O, tək müşahidələri ilə kifayətlənmir, nöqsan və çatışmazlıqların səbəblərini açaraq, canlı obrazlar yaratmağa müvəffəq olur, ən ümdəsi nəticə çıxarmağı tamaşaçıların öhdəsinə buraxır.
Bəli, sözün əsl mənasında, vəzifə dəlisinə çevrilən Ağazal rəislikdən daha böyük vəzifəyə qalxmaq üçün yollar, “üsullar” axtarır, gecə-gündüz dəridən-qabıqdan çıxır, bu arzusunu həyata keçirmək üçün arvadı Əntiqəni “səfərbər” edir, qızı Atlası vəzifəli bir şəxsin — Ağammədin oğlu Rəşidlə evləndirmək istəyir, düşük hərəkətlər edir. Ağazal böyük vəzifəyə çatmaq üçün hətta özünü alçaldır, Ağammədgilə gedib, onun oğluna “elçi” düşür.
Gözəl, təmirli mənzilini satır ki, başqa bir vəzifəli şəxs olan Nadir müəllimin yaşadığı binada, bu alınmasa, həmin binanın yaxınlığında bir mənzil alsın, onunla hər gün salam-kəlam eləyə bilsin. Axırda Ağazalın iç üzü, əlbəttə, açılır. Ağazal mənzildən də olur, vəzifədən də, qızı Atlas isə sevdiyi oğlanla – tələbə yoldaşı Fuadla nikah bağlamaq üçün ərizə verirlər. Beləliklə, Ağazal gülünc və biabırçı vəziyyətə düşür...
Tamaşada Ağazalın arvadı Əntiqə ilə söhbəti gülüşə səbəb olur. Ağazalın “De görüm, mənim vəzifəm nədir?” – sualına Əntiqə “Bıy, başıma xeyir, namxuda, o boyda idarənin rəisisən. Evin-eşiyin, dolanışığın...” cavabını verir. Ağazal soruşur: “İndi de görüm, hər bir əsgərin könlündən nə keçməlidir?” Əntiqə: “General olmaq...” – deyir. Ağazal davam edərək: “Ay sağ ol! Deməli, əsgər general olmaq istəyir, bəs mən nə istərəm?” sualına Əntiqə: “Nə bilim, sənə qalsa, baş nazir olmaq istəyərsən” – deyir. Ağazal məmnun görünsə də, bunun mümkün olmadığını bildiyindən: “Yox, arvad, çox yuxarı qalxma, nazir bəsimdir” deyir. Əntiqə: “Ağazal, kimdir səni nazir qoyan?” – deyə soruşanda Ağazal “Onun da öz yolları var də...” cavabını verir.
Və yaxud, ər-arvad söhbətinin davamında görün, Ağazal axtarıb “tapdığı” yollardan birini arvadına necə izah edir. Deyir ki, “çox götür-qoy eləmişəm, necə olursa-olsun, gərək qızımızı verək aparatda şöbə müdiri işləyən Ağammədin oğluna”. Əntiqə təəccüblə soruşur: “Onu nətəri edəcəksən, Ağazal? Ağammədin oğluna elçi gedəcəksən ki, gəl, qızımızı al?” Ağazal “Arvad ki, arvad! Elçi niyə gedirəm? Elə edəcəyəm ki, özləri bizə elçi gəlsinlər” – cavabını verir. Əntiqə təkrar soruşur: “Nə yolla?”. Ağazal: “Burada çətin bir iş yoxdur, Əntiqə!. Onlara qonaq gedəndə qızı da özümüzlə apararıq, oğlu görər bizim qızı, yavaş-yavaş, bir şey çıxar ortaya”, – “ideyasını” irəli sürür.
Nəhayət, Əntiqə ərinə əsəbiləşir: “Daha mənim sənə sözüm yoxdur! Vəzifədən ötrü bu qədər dəridən-qabıqdan çıxmağa dəyər? Niyə özünü öldürürsən?”. Ağazal da hirslənir: “Doğrudan, sən heç nə anlamırsan? Vəzifə az şeydir, bəyəm? Mənim vəzifəm olmasaydı, bu mənzili necə alardıq, hə?” – deyir.
Ər-arvadın bu gülünc söhbətindən sonra Ağazal başqa üsullara da əl atır. Hələ qızı ərə getməyib, nəvədən, ona tutacağı kirvədən danışır. Ağazal “sözün qısası, evi satıb köçməliyik Nadir müəllimin yaşadığı binaya, olmalıyıq onunla qonşu, vəssalam! Bəlkə hələ Nadir müəlimi nəvəmiz üçün kirvə də tutdum...” deyəndə, Əntiqə “sənin nəvən var, a kişi?” – deyə təəccüblə soruşur. Ağazal da özünü uzaqgörən göstərərək dillənir: “Qızımız var, deməli, nəvəmiz də olacaq...” – cavabını verir.
Hətta, Ağazal yuxuda da yüksək vəzifə üçün çarpışır. Yuxuda görür ki, evi satıb, yüksək vəzifəli şəxs olan Nadir müəllimin yaşadığı binaya köçüb, onunla qonşu olmaq “şərəfinə” nail olub. Nadir müəllimlə Ağazalın söhbəti tamaşaçılarda ürəkdən gülməklə yanaşı, nifrət yaradır və onları düşünməyə vadar edir.
Nadir: “Deməli, qonşu olmuşuq” – deyəndə, Ağazal “Bəli, Nadir müəllim! Sizinlə qonşu olmaq mənim üçün şərəfdir” – deyir. Nadirin “işləriniz necə gedir?” sualını eşidən Ağazal fürsətdən istifadə edərək cavab verir ki, “...özünüz görürsünüz, neçə ildir yerimdə sayıram. Rəislikdən o yana gedə bilmirəm”. Nadir “rəis olanda nə olar, Ağazal? Balaca vəzifədir, bəyəm?” soruşanda Ağazal “yox, Nadir müəllim, sayənizdə dolanırıq. Amma qonşu-qonşuya nə gündə gərək? “Podderjka” eləsəniz, biz də “ministrdən-zaddan olardıq” cavabını verir.
Ağazal Nadir müəllimə hətta qohum olmağı da təklif edir. Nadir müəllim isə: “Necə qohum olacağıq, Ağazal? Nə evlənəsi oğlum var, nə veriləsi qızım”, — deyir. Ağazal nə cavab versə yaxşıdır: “Nadir müəllim, sizin yoxdur, qardaşınızın oğlu var!”. Nadir başını yelləyir, belə bir adamla söhbətinə peşman olur və əsəbi şəkildə dillənir: “Mən ya qardaşımın, ya da qardaşım oğlunun əvəzinə danışa bilmərəm. Özün də belə şeylərlə məşğul olmasan yaxşıdır. Qızı da hörmətdən salma, ayıbdır!”.
Belə dialoqlar daim tamaşaçıları düşünməyə vadar edir.
“Vəzifə dəlisi” tamaşasının premyerası mayın 6-da Rəşid Behbudov adına Mahnı Teatrında müvəffəqiyyətlə keçdi. Tamaşada rolları teatrın aktyorları Niyaməddin Səfərəliyev (Ağazal), əməkdar artist Esmiralda Şahbazova (Əntiqə), Səadət Həsənalıyeva (Atlas), Əhliman Ərşadlı (Ağamməd), Ruhiyyə Paşayeva (Sürmə), Elçin Hacıyev (Nadir), Rəşid Nəsirov (Fuad) oynayırlar. Aktyorlar oynadıqları rollara yüksək məsuliyyət hissi ilə yanaşaraq, baxımlı obrazlar yaratmağa nail olmuşlar.
Tamaşanın rejissoru və musiqi tərtibatçısı Anar Məmmədov dramaturqun əsas məqsədini tamaşaçılara aydın çatdırmaq üçün teatrın müxtəlif elementlərindən istifadə edərək, olduqca maraqlı bir tamaşa yaratmış, pyesin səhnə həllini “absurd komediya” adlandırmışdır...
Mirsaleh AXUNDLU
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.