Azərbaycan şairinin yaradıcılığı Türkiyə dərgisində

 

 

 Tanınmış şair və tərcüməçi Akif Əhmədgilin şeirlərindən söhbət düşəndə daha çox bu misraları xatırlayıram:

“Sərt sular arada çəpərdi bizə,

Vallah ləpələrin suyu bal dadır,

Sənin şirinliyin hopub dənizə,

Dəniz yaman şirindir...”

Bu yaxınlarda  Türkiyədə “Berceste” aylıq sənət-ədəbiyyat dərgisində görkəmli Azərbaycan şairi Məmməd İsmayılın qələmə aldığı “Dəyişən mövsümlər və ədəbi nəsillər”  məqaləsi  ədəbi mühitimizlə bağlı düşüncələr, eləcə də Akif Əhmədgilin yaradıcılığına münasibət baxımından seçilir. Müəllif vaxtilə rəhbərlik etdiyi “Gənclik” ədəbi jurnalında çalışdığı illərdə və ondan da əvvəl gənc və istedadlı qələm sahibləri, o cümlədən Akif Əhmədgillə  tanışlığından söhbət açır, onun hansı ədəbi mühitdə formalaşmasına insani keyfiyyətlərinin şair düşüncələri ilə çuğlaşaraq yaradıcılıqda əks olunmasına münasibət bildirir. 

Sovet zamanında Tovuzda çıxan “Həqiqət” qəzetinin redaktoru Musa Musayevin təşəbbüsü ilə yaradılmış ədəbiyyat dərnəyinə Akiflə M.İsmayılın tanışlığı gələcəyin istedadlı şairinin yaradıcılığına daha geniş üfüqlər açıb: “Redaktor Musa müəllim məni dərnək iştirakçıları ilə tanış etdi. Yan-yana oturan iki qardaşı göstərərək: “Namiqlə Akif dərnəyə Alakoldan gəlirlər – dedi, çox istedadlı uşaqlardır.” Sonralar Akif Moskvada Lomonosov adına universitetin jurnalistika fakültəsini bitirəcək, müxtəlif yerlərdə işləyəcəkdi. Daha sonralar həyatın müxtəlif mərhələlərində qarşı-qarşıya gələcək, hətta 1988-ci ildə yollarımız “Gənclik” dərgisində kəsişəcəkdi...”

Həqiqətən də, illər ötdükcə, istedadın gücü Akif Əhmədgil  imzasını doğulduğu kənddən xeyli uzaqlara – paytaxt Bakıda işıq üzü görən, o illərdə ədəbi mühitdə seçilən  “Gənclik” dərgisinə gətirdi. Artıq o, jurnalın şeir bölməsinin rəhbəri kimi, gənc istedad sahiblərinin yaradıcılığına yaşıl işıq yandırırdı.

Akifin şeir kitabını təhlil edən, onun yaradıcılığının görünən və görünməyən məqamlarına nəzər salan məqalə müəllifi  şeirlərin özünəməxsusluğunu  çox dəqiq ifadə edir. A.Əhmədgilin yaradıcılığında təbiəti rəngli boyalarla təsvir edilən kənd “igidlik görüntüsü,  heç kimə oxşamayan bir başqa kənd mənzərəsi” kimi təqdim edilir:

Bənövşə əlləri bəndəmi düşmüş,

Sevən ürəklərin səbri tükənmiş,

Bir qızla oğlanın şəkli bulaqda,

Bu sular nə gözəl şəkil çəkənmiş.

Məqalədə şairin  digər özəlliyi də vurğulanır: “Saz-söz, qoşma, gəraylı ortamından, mühitindən çıxmasına baxmayaraq, Akifin şeirlərində ən çox bəyəndiyim cəhət bu şeirlərin axtarış içində olmasıdır”.

Şair o zaman uğur qazanır ki, o, heç kimə bənzəmir, sonsuz asimanlar kimi geniş qəlbinin səsini kağıza köçürüb misralara düzür. Məmməd İsmayıla görə, Akif Əhmədgil imzasına uğur qazandıran elə şairin öz yoluyla getməsidir.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında