Milli-mənəvi irsin və tarixi abidələrin qorunmasına diqqət artırılır

 

Xalqımızın milli-mədəni irsi ölkəmizin uzaq keçmişinin zənginliyini təsdiq etməklə yanaşı, onun milli pasportu da hesab edilə bilər. Milli-mədəni irsimiz Azərbaycan xalqının tarixini özündə yaşadan zəngin informasiya mənbəyidir. Maddi və mənəvi irsimiz xalqımızın bu torpaqların qədim sakini olduğunu danılmaz faktlarla sübuta yetirir.

Nəsillərdən-nəsillərə keçib gəlmiş milli-mədəni irsimizın qorunmasına, öyrənilməsinə, təbliğinə son illər dövlətimiz böyük qayğı və diqqət göstərir. Bu gün Azərbaycanın mədəni irsinin özünəməxsusluğunun qorunub saxlanılması, tarix-mədəniyyət abidələrinin öyrənilməsi və mühafizəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilməkdədir. Qeyd edək ki, bu yaxınlarda “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” hazırlanmış və ölkə Prezidenti tərəfindən təsdiq edilmişdir.

Bu günə qədər respublika ərazisində 6300-dən artıq tarix və mədəniyyət abidələrinin qeydə alındığını nəzərə alsaq, onların müasir tələblərə uyğun şəkildə mühafizəsinin, tədqiqinin və təbliğinin nə qədər mürəkkəb bir iş olduğunu təsəvvür etmək çətin deyil. Məhz buna görə də dövlət proqramı abidələrin mühafizə, bərpa, konservasiya, tədqiqat və təbliğat işlərinin təkmilləşdirilməsini bir vəzifə olaraq qarşıya qoyur.

Dövlət proqramı 6 mindən yuxarı tarix və mədəniyyət abidəsinin yenidən qeydiyyatını, bərpa və konservasiya işlərini, pasportlaşdırılmasını, xəritələşdirilməsini, qoruqların fəaliyyətinin inkişafını və s. çox geniş və uzunmüddətli vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanan dövlət proqramında daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, qoruqların mühafizəsinin müasir səviyyədə təşkili, habelə bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlər nəzərdə tutulub.

Dünya əhəmiyyətli abidələrimizdən biri də Atəşgah məbədidir. UNESCO-nun dünya irs siyahısına daxil olan bu tarixi abidə Prezident İlham Əliyevin göstərişi ilə təmir və bərpa olunub. Bərpa zamanı məbədin təməli möhkəmləndirilib, izolyasiya olunub və daşları xüsusi maddə ilə yuyularaq əvvəlki görkəminə qaytarılıb. Burada yerləşən

26 hücrə, mərkəzi səcdəgah konservasiya edilib. Bir neçə hücrədə ocaq yerləri də aşkarlanıb. Qoruğun ərazisi xeyli genişləndirilərək ətrafı qala divarları ilə əhatə olunub. Atəşgahın içərisində yer səviyyəsi 1,5 metr aşağı endirilib ki, bununla da XVIII əsrdə olan təbəqəyə çatıb. Qeyd edək ki, abidənin ilkin tarixi çox qədimlərə, eramızın II-III əsrinə aid edilir. Bərpa işlərindən əvvəl burada aparılan arxeoloji qazıntı zamanı bu faktı təsdiqləyən müxtəlif maddi-mədəniyyət nümunələri aşkar edilib.

Ölkəmizin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunmasının dəstəklənməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi “Milli irs mükafatı” təsis etmiş, 2013-cü il üzrə qaliblər təltif edilmişdir. Keçən il “Şəki xanlarının evi”nin bərpası başa çatdırılmış, Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun Əbu-Müslüm və Xıdır Nəbi məscidlərində bərpa-konservasiya işləri tamamlanmışdır. Təkcə ötən il ərzində 100-ə yaxın abidənin pasportu tərtib edilmişdir.

Ötən ilin noyabrında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi keçirilmişdir. Müsabiqədə 29 ölkə təmsil olunmuşdur.

Təəssüf ki, tarixən Azərbaycanın mədəniyyət nümunələrinin milli, məhəlli münaqişələrin qurbanlarına çevrilməsi halları da az olmayıb. Hər dövrün özü ilə gətirdiyi “səmum yeli” onların bir çoxunun daşını daş üstə qoymayıb. Ötən əsrin əvvəllərində və sonlarında ermənilərin məkrli, çirkin əməlləri nəticəsində yer üzündən silinən abidə və məbədlərimiz də az olmayıb. Həmin abidələr Azərbaycan xalqının tarixi və mədəniyyətinin zənginliyini, qədimliyini özündə əks etdirdiyi üçün belə qəddarcasına, vəhşicəsinə yer üzündən silinmiş və ya erməniləşdirilmişdir.

Təsadüfi deyil ki, dağıdılmış, məhv edilmiş maddi mədəniyyət nümunələrinin arasında təkcə Şuşa, Laçın və Qubadlının rəsm qalereyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin  ərazilərində qorunub saxlanan sərvətlər, muzeylər də talan edilərək Ermənistana daşınmışdır.

Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən onların mühafizəsi bu gün diqqət mərkəzindədir. Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi və mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir ki, bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz bu fondun reallaşdırdığı bir sıra regional, yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib.

Dünya birliyi abidələrin beynəlxalq miqyasda mühafizəsini gücləndirdiyi bir vaxtda erməni vandalları Azərbaycanın maddi mədəniyyət nümunələrini yer üzündən silməklə məşğuldur. Dəfələrlə beynəlxalq tribunalardan səsləndirildiyi kimi, ermənilər heç bir beynəlxalq qanunlara əməl etmək fikrində deyillər. Şuşa, tarixən, abidələr şəhəri kimi tanınıb. Lakin çox təəssüf ki, 1992-ci il may ayının 8-dən sonra burada xalqımıza məxsus maddi mədəniyyət nümunələri dağıdılıb. Orada “güllələnmiş heykəllərin fəryadı” isə beynəlxalq birlikdə, sadəcə, eşidilmədi. Erməni vandalizminin Azərbaycan ərazilərinə təcavüzü nəticəsində təkcə ötən əsrin doxsanıncı illərinin əvvəllərində Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli muzey, 23 bağ, park, monumental və xatirə abidələrinin, 15 dekorativ sənət nümunəsinin yerlə-yeksan edilməsi faktı artıq bir sıra beynəlxalq təşkilatların rəsmi sənədlərində də əksini tapıb.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Mədən əraziləri yaşıllaşdırılır

Bu gün ulu öndər Heydər Əliyevin ekoloji siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi, Suraxanıda da ətraf mühitin mühafizəsinə mühüm önəm verilir. Rayonda davamlı yaşıllaşdırma tədbirlərinin icrası mütəmadi şəkildə təşkil olunur. Növbəti ağacəkmə kampaniyası Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna gedən yolun kənarında mədən ərazisində keçirilmişdir.

Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan bu aksiyada icra hakimiyyəti aparatının, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, sənaye və səhiyyə müəssisələrinin kollektivləri, habelə sakinlər iştirak etmiş, müvafiq təmizləmə (rekultivasiya) işləri aparılmışdır. Mədən ərazisində 1500-dən yuxarı ağac əkilmiş, ətraf sahələr məişət tullantılarından təmizlənmiş, texnika ilə hamarlanmışdır.

Əkilən ağacların Abşeron yarımadasının iqliminə uyğun olaraq küləkdən qorunması, mühafizəsi və onlara mütəmadi olaraq qulluq göstərilməsi üçün zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Yol kənarında təmizlik, abadlıq işləri aparılmışdır.

Xatırladaq ki, ARDNŞ və neft-qazçıxarma müəssisələri tərəfindən neftlə çirklənmiş torpaqlarda görülmüş işlər nəticəsində son bir ildə sahəsi 7,2 hektar olan müxtəlif ölçülü 96 gölməçə qurudulmuş, mədən ərazilərində çoxlu sayda ağac və kol əkilmişdir.

Rayon icra hakimiyyəti rəhbərliyinin dəstəyi ilə rayonun bütün qəsəbələrində vaxtaşırı ağacəkmə kampaniyası keçirilir, təmizlik və abadlıq işləri aparılır. Son vaxtlar rayonda 10 mindən çox ağac əkilmişdir.

V.BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında