Ölkəmizdə 2014-cü ilin sərgi mövsümü 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə açıq elan olunmuşdur

 

 

 

Aprelin 3-də Bakı Ekspo Mərkəzində Azərbaycanda və bütün Qafqaz regionunda turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri olan 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər (“AITF -2014”) və 8-ci Qafqaz  Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar (“Horex Caucasus 2014”) sərgiləri işə başlamışdır. Bununla da, 2014-cü ilin sərgi mövsümü açıq elan olunmuşdur.

AzərTAc xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “AITF” sərgisinin təsis olunduğu ildən etibarən nazirliyin rəsmi dəstəyi ilə keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, sərgiyə, həmçinin Dünya Turizm Təşkilatı, Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstək göstərilir. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” MMC və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Nazir məlumat vermişdir ki, “AITF” və  “HOREX Caucasus” sərgilərində Azərbaycanın zəngin turizm potensialı xarici iştirakçılara nümayiş etdiriləcək və bu, ölkəmizin turizm sənayesinin təşviqinə xidmət göstərəcəkdir. Bu il sərgi iştirakçılarının sayında da artım vardır. Müqayisə üçün deyə bilərəm ki, 2002-ci ildə bu sərgiyə 14 ölkə qatıldığı halda, bu il 38 ölkədən 351 şirkət və təşkilat təmsil olunur. Sərgi iştirakçılarının 60 faizdən çoxunu xarici, 40 faizini isə yerli şirkətlər təşkil edir.

BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai “AITF” və  “HOREX Caucasus” sərgilərində iştirak etməsindən məmnunluğunu diqqətə çatdıraraq, ölkəmizin turizm sənayesinin inkişafda olduğunu vurğulamışdır. Bildirmişdir ki, son illərdə Azərbaycanda turizm sahəsində həyata keçirilən tədbirlər, infrastrukturun inkişafı dünya turizm ailəsində təqdir olunur.

“İTE Group” şirkətinin icraçı direktoru Edvard Stroon isə sərgiyə qatılan yeni ölkələr barədə məlumat verərək vurğulamışdır ki, Qafqaz regionunda turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri olan “AITF” və “HOREX Caucasus” sərgiləri çərçivəsində şirkətlər yüksək səviyyəli turizm xidmətlərini nəzərdə tutan müasir təmayülləri və yeni texnologiyaları, habelə məhsullarını, yüksək səviyyəli xidmət və peşəkar etika standartlarını nümayiş etdirəcəklər.

Sonra rəmzi açılışı bildirən lent kəsilmiş, iştirakçılar eksponatlarla tanış olmuşlar.

“AITF” sərgisində iştirakçıların sayından əlavə, digər bir rekord sərgidə əvvəlki illərlə müqayisədə milli stendlərin çox olmasıdır. Sərgidə Azərbaycandan əlavə, öz ölkələrinin milli turizm agentlikləri və səfirliklərinin rəsmi dəstəyi ilə Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Rusiya, Tailand, Türkiyə, Fransa, Monteneqro və Çex Respublikasından 24 milli və regional qrup iştirak edir.

Bundan əlavə, bu il sərgidə Litva, Xorvatiya, Rusiya və Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər və Rusiya Federasiyasının Stavropol diyarından, eləcə də digər ölkələrdən nümayəndə heyətləri də qatılmışlar.

Sərgi üç gün ərzində turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirəcək və turizm bazarının əsas fiqurlarını - turagentlik və turoperatorları, milli qrupları, beynəlxalq nümayəndəlikləri, avtomobil, hava və dəniz daşımaları üzrə şirkətləri, müxtəlif ölkələrin mehmanxana biznesi üzrə nümayəndələrini, turizm və ticarət assosiasiyalarını, eləcə də fəal və ekstremal istirahət turlarının təşkilatçılarını bir araya gətirmişdir. “Bütün dünya - bir sərgi” şüarını tam doğruldan “AITF-2014"də 80-dən çox turizm marşrutu nümayiş olunur. Bunların arasında Misir, Gürcüstan, Macarıstan, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand, Monteneqro və s. ölkələr xüsusi yer tutur. Eyni zamanda, Azərbaycanda keçirilən bu sərgi turizm bazarında həm maraqlı istiqamətlərin, həm də yeniliklərin nümayişi ilə seçilir. Builki sərgidə Argentina, Dominikan Respublikası, Çin və Xorvatiya yeni turizm marşrutları ilə turistlərin diqqətini cəlb etmişdir. Birillik fasilədən sonra Hindistan, Yunanıstan və Malayziya milli stendləri də yenidən sərgidə iştirak edirlər. Sərginin debütantları arasında Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri də yer almışdır. 

“AITF-2014” sərgisində  tibbi turizm istiqamətini nümayiş etdirən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər, özəl və dövlət klinikaları, eləcə də Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə və İsveçrənin diaqnostika mərkəzləri daxildir. Azərbaycan sanatoriyaları bütün dünyada məşhur olan Naftalan neftinin müalicəvi xassələrini nümayiş etdirirlər.

Xaricdə daşınmaz əmlak sektorunda iştirakçı şirkətlər yerli daşınmaz əmlak agentliklərinə Türkiyə, Kipr və Avropanın digər ölkələrinin istirahət zonalarında yaşayış yerlərinin və ofislərin satışı, icarəsi, habelə hüquqi məsləhət xidmətləri ilə bağlı əməkdaşlıq təklif edirlər. 

Azərbaycan regionlarının milli pavilyon çərçivəsində irimiqyaslı iştirakı sərginin ən maraqlı və koloritli hadisəsindən biridir. Azərbaycan üzrə turizm paketinin müxtəlifliyi istənilən turizm proqramını zənginləşdirə bilər. Regional ekspozisiyada Qəbələ, Qax, Quba, İsmayıllı, Zaqatala, Lerik, Masallı, Mingəçevir, Xaçmaz, Şamaxı, Şəmkir, Şəki, Naxçıvan Muxtar Respublikası və Sumqayıt şəhəri təmsil olunurlar. Burada turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd və ekoloji turizm, salçılıq, dağ-xizək və dəniz kurortları və s. üçün imkanlar nümayiş etdirilir.

“HOREX Caucasus -2014” sərgisinə isə Azərbaycan, Almaniya, Gürcüstan, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə və İsveçrədən olan aparıcı şirkətlər qatılmışlar. Sərginin daimi iştirakçıları arasında isə “Art Nishan”, “Asena”, “Faber Chemical & Medicine”, “Horeca”, “HRS”, “Kymberly Clark Advent”, “Muehldorfer”, “REM Services Tanay” şirkətləri, eləcə də peşəkar avadanlıqların yerli istehsalçısı “Titan Group”, “Wanzi” və digərləri vardır. Builki sərginin debütantları “Azer Co (Milla)”, “Base7Booking”, “Ekipan”, “Fina”, “Swissam Hospitality Business School”, “Zivella” və s. şirkətlərdir.

Sərginin ekspozisiyası uğurlu biznes üçün lazım olan bütün avadanlıq və ləvazimatları ehtiva edir. Buraya müasir otel mebeli, interyer üzrə həll variantları və tekstil, mətbəx avadanlıqları və qəhvə bişirmə maşınları, otellərin sağlamlıq və SPA salonları üçün peşəkar kosmetika, eləcə də eksklüziv məhsul və içkilər, təmizlik və gigiyena avadanlıqları, qab-qacaq, otelin idarə edilməsi və təhlükəsizliyi üzrə informasiya texnologiyalarının həll variantları daxildir. Bu ilin yenilikləri arasında “lüks” kateqoriyalı supermarketlər üçün kompleks avadanlıqlar da vardır.

Hər iki sərgi aprelin 5-də başa çatacaqdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında