Aprelin 2-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “İstiqlal” ordenli xalq yazıçısı İsa Hüseynov (İsa Muğanna) son mənzilə yola salınmışdır.
Vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış qələm adamları iştirak etmişlər.
Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qoyulmuşdu.
Salonda həzin matəm musiqisi səslənirdi.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdur.
Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.
İsa Hüseynovun həmkarları, dostları, tanışları, tanınmış qələm adamları, mədəniyyət və incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları axın-axın Akademik Milli Dram Teatrının binasına gəlir, görkəmli yazıçıya və gözəl insana son borclarını verirdilər.
Vida mərasimində çıxış edən Baş nazirin müavini Elçin Əfəndiyev demişdir ki, hələ sağlığında ədəbiyyatımızın klassiklərindən birinə çevrilən İsa Hüseynovun əsərləri həmişə böyük sevgi və məhəbbətlə oxunmuşdur. Yaradıcılığının böyük bir hissəsi keçmiş sovetlər dövrünə təsadüf edən İ.Hüseynov daim sosializm-realizmi ənənələrindən uzaq, əsl ədəbi nümunələr yaratmağa müvəffəq olmuşdur. Onun ötən əsrin 60-70-ci illərində qələmə aldığı əsərlər nəinki Azərbaycan ədəbiyyatında, hətta sovet ədəbiyyatında böyük hadisəyə çevrilmişdir.
E.Əfəndiyev demişdir ki, 14-15 yaşlarım olanda ilk yazılarımı İsa Hüseynova göstərir, ondan tövsiyələr alardım. O, ədəbiyyatımızın “60-cılar” nəslinin həqiqi mənada bədii-estetik müəllimi olmuşdur. Biz onun əsərlərini oxuya-oxuya ədəbiyyata daha möhkəm tellərlə bağlanmışıq.
Vətənə, torpağa bağlı bir insan olan İsa Hüseynovun müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevə xüsusi hörməti vardı. Bu hörmət və ehtiram qarşılıqlı idi. Həmişə ölkəmizin uğurlarına sevinən İ.Hüseynov müsahibələrində Prezident İlham Əliyevin apardığı siyasəti yüksək qiymətləndirmişdir.
Baş nazirin müavini Elçin Əfəndiyev demişdir ki, özünü ədəbiyyat üfüqlərində doğan bir günəş adlandıran yazıçı İsa Hüseynov böyük mütəfəkkir, görkəmli dil və fikir ustası kimi yazdığı əsərlərlə daim ədəbiyyatımızda yaşayacaqdır.
Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulamışdır ki, İsa Hüseynovun yaradıcılığı Azərbaycan ədəbiyyatının böyük epoxasını əhatə edir. 50-ci illərdən başlayan bu yaradıcılıq böyük ədibin həyatının son gününədək həmin keyfiyyətlə, həmin enerji ilə davam etdirilmişdir. Yaradıcılığı üç dövrə bölünən böyük yazıçımız İsa Hüseynov “Bizim qızlar”, “Dan ulduzu”, “Saz”, “Tütək səsi”, “Quru budaq”, “Kollu Koxa”, “Teleqram”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “İdeal”, “Məhşər”, “Cəhənnəm” və digər əsərləri ilə adını Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazmışdır. Bu əsərlər bizim ədəbiyyatımızı, mədəniyyətimizi, düşüncəmizi zənginləşdirir.
Nazir demişdir ki, eyni fikirləri onun kino yaradıcılığı haqqında da söyləmək olar. 1960-cı illərdən başlayaraq bu sahədə intensiv çalışan İsa Hüseynovun ssenariləri əsasında bir-birinin ardınca beş film çəkilmişdir. “26-lar”, “Doktor Nərimanov”, “Nəsimi”, “Tütək səsi” və “Nizami” adlı bu məşhur filmlərin hər biri milli kinomuzun qızıl dövrünün formalaşmasında böyük sanbalı olan qiymətli ekran əsərləridir.
Vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Nəriman Həsənzadə və xalq artisti, kinorejissor Eldar Quliyev çıxış edərək İsa Hüseynovun bənzərsiz yaradıcılıq axtarışlarından, səmimiyyətindən, yüksək insani keyfiyyətlərindən, xeyirxahlığından, gözütoxluğundan söz açmışlar.
Vurğulanmışdır ki, o, dünyanın çox böyük yazıçıları ilə müqayisə edilə biləcək bir sənətkardır. Yazıçı gərək yazdığına inansın, inandığını yazsın. İsa Hüseynov da məhz belə yazıçılardan idi. İsa Hüseynov əsərlərində hadisələrə elmi-fəlsəfi baxımdan yanaşmış, bir yazıçı olmaqdan daha çox, sosioloq, filosof-tarixçi kimi ictimai-siyasi dəyişikliklərin, mənəvi-psixoloji amillərin köklərini araşdırmışdır.
Mərhumun ailəsi adından çıxış edən qızı Sevinc Hüseynova istedadlı yazıçının xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirmişdir.
Sonra görkəmli yazıçının cənazəsi son mənzilə yola salınmışdır.
Mərhum özünün vəsiyyətinə uyğun olaraq “Ruhani” saz havasının sədaları altında Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.