Heydər Əliyev Mərkəzində məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılacaqdır

 

 

Aprelin 9-da Heydər Əliyev Mərkəzində dünya müasir incəsənətinin görkəmli nümayəndələrindən biri, britaniyalı məşhur heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılacaqdır. 

Mərkəzdən AzərTAc-a bildirmişlər ki, Heydər Əliyev Mərkəzinin Toni Kreqq Studiyası ilə birgə əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunan və avqustun 31-dək davam edəcək ekspozisiyada müəllifin 28 əsəri sərgilənəcəkdir.

Toni Kreqq 1949-cu il aprelin 9-da Böyük Britaniyanın Liverpul şəhərində anadan olmuşdur. O, 1966-1968-ci illərdə Milli Kauçuk İstehsalı Tədqiqat Assosiasiyasında texnik işləmişdir. Sənətin sirlərini Çeltnem şəhərindəki Qlosterşir İncəsənət Kollecində öyrənməyə başlayan Toni Kreqq daha sonra Uimbldon İncəsənət Məktəbində, Kral İncəsənət Kollecində təhsil almışdır. O, 1977-ci ildə Böyük Britaniyanı tərk edərək Almaniyanın Vuppertal şəhərinə köçmüş və sərgilərlə çıxış etməyə başlamışdır. Görkəmli sənətkar hazırda Düsseldorf İncəsənət Akademiyasının rektorudur.

Toni Kreqq yaradıcılığının ilk dövründə tullantılardan və istifadə olunmuş materiallardan, köhnə metal konstruksiyalardan hazırladığı əsərləri ilə tanınmışdır. Hazırda onun əsərlərinə dünyanın bir çox yerlərində rast gəlmək mümkündür. Toni Kreqq böyük, monumental kompozisiyaların müəllifidir. Onun bürünc, mərmər, ağac, polad, plastik material, keramika, çini və şüşədən hazırlanmış heykəlləri yalnız muzeyləri deyil, həmçinin London, Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşinqton, Nyu-York, Atlanta, Stokholm və digər şəhərlərin küçə və meydanlarını, korporasiya və bankların binalarını bəzəyir.

Müxtəlif ölkələrdə 350-dən artıq fərdi sərgisi təşkil olunan Toni Kreqq 1988-ci ildə müasir incəsənət sahəsində məşhur Törner mükafatına,  2007-ci ildə isə Yaponiyanın İmperator mükafatına layiq görülmüşdür.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında