I İohan Sebastyan Bax beynəlxalq festivalı çərçivəsində növbəti konsert “ÜNS” Yaradıcılıq Səhnəsində təqdim olunmuşdur

 

Moskvanın fransalı müqəddəs Lüdovik kilsəsinin, “Art-noyabr” beynəlxalq incəsənət festivalının təşəbbüsü, “ÜNS” Yaradıcılıq Səhnəsinin və “AR Production”ın dəstəyi ilə martın 1-dən başlanan və Moskva, Riqa, Bakı şəhərlərini əhatə edən “BWV-2014” I İohan Sebastyan Bax beynəlxalq festivalı davam edir.

Bu yeni festivalın əsas strukturu 1950-ci ildə Volfqanq Şmider tərəfindən tərtib olunmuş “Baxın əsərlərinin kataloqu”na (Bach-Werke-Verzeichnis - qısaldılmış formada BWV) uyğun hazırlanmışdır. İ.S.Baxın 1120 əsərinin əhatə olunduğu bu kataloq həmin vaxtadək digər bəstəkarların xronoloji prinsiplə hazırladıqları kataloqlardan tematikliyi ilə fərqlənir. Şübhəsiz ki, Volfqanq Şmider kataloqun hazırlanmasında müvafiq sahə üzrə uzun illər toplanmış təcrübədən, o cümlədən 1851-ci ildən Bax Cəmiyyətinin dünya şöhrətli bəstəkarın əsərlərinin akademik nəşri üzrə fəaliyyət istiqamətindən bəhrələnmişdir. İ.S.Baxın əsərləri xronoloji ardıcıllıqla deyil, janrlar üzrə nəşr edilmişdir.

Bu prinsipi əsas götürən “BWV-2014” I İohan Sebastyan Bax beynəlxalq festivalı dünya şöhrətli bəstəkarın irsini orqan, kamera-instrumental, orkestr və oratoriya istiqamətlərində təqdim edir. 

Festival çərçivəsində Bakıda ilk konsert martın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında təqdim edilmişdir. Həmçinin martın 16-da  “ÜNS” Yaradıcılıq Səhnəsinin dəstəyi ilə Riqanın Böyük Gildiya konsert zalında Liepaya Kamera Orkestri İ.S.Baxın əsərlərini ifa etmişdir. Orkestrə Azərbaycanın xalq artisti Yalçın Adıgözəlov dirijorluq etmişdir. Konsertin solistləri xalq artisti Murad Adıgözəlzadə (fortepiano), Aleksandr Trostyanski (skripka), Andrey Qridçuk (alt) olmuşlar.

Martın 18-də “ÜNS” Yaradıcılıq Səhnəsində festival çərçivəsində növbəti konsert olmuşdur.

Konsertdə xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri çıxış etmişdir. Solistlər xalq artisti Murad Adıgözəlzadə (fortepiano), Aleksandr Trostyanski (skripka), Andrey Qridçuk (alt), Zərifə Alxasova (skripka) və konsertin xüsusi qonağı İlham Nəzərov (kontratenor) olmuşlar.

“ÜNS” Yaradıcılıq Səhnəsində tamaşaçılara İ.S.Baxın “Brandenburq 3 nömrəli sol major konserti”, “Skripka və orkestr üçün mi major konserti”, “Qoboy və orkestr üçün famajor konserti”nin alt və orkestr üçün işlənmiş variantı, “Klavir və orkestr üçün fa minor konserti”, “Skripka, qoboy və orkestr üçün do minor konserti”nin skripka, alt və orkestr üçün işlənmiş versiyası, “Matfey əzabları” əsərindən ariya səslənmişdir.   

Martın 29-dək davam edəcək festivalın sonuncu konserti Moskvada keçiriləcək və həmin gün İ.S.Baxın “İohanın əzabları” əsəri səslənəcəkdir.

“ÜNS” Yaradıcılıq Səhnəsində təqdim olunan konsert alqışlarla qarşılanmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında