Məlum olduğu kimi, Qəbələ şəhəri 2013-cü il üçün MDB-nin mədəniyyət paytaxtı elan olunmuşdur. İl ərzində rayonda “Qəbələ – MDB-nin mədəniyyət paytaxtı” çərçivəsində çox mühüm mədəni tədbirlər keçirilmişdir. Bununla bağlı yekun tədbirlərə isə Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunmuş konsertlə başlanılmışdır.
Konsertin aparıcısı, Rusiya Federasiyasının əməkdar artisti Timofey Fyodorov Azərbaycanda olduğu müddətdə yüksək qonaqpərvərliklə qarşılandığını söyləmişdir. Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı elan olunmasının əhəmiyyətini qeyd edən aparıcı ölkəmizin gündən-günə gözəlləşməsindən də danışmışdır.
Sonra Qəbələ Mədəniyyət Mərkəzinin səhnəsi incəsənət ustalarının ixtiyarına verilmişdir. Konsertdə Rusiya, Moldova və Gürcüstandan olan incəsənət ustaları bir-birindən maraqlı ifaları ilə tamaşaçılara sevinc dolu anlar yaşatmışlar. Rusiyanın və Moldovanın əməkdar artisti Svetlana Toma, müğənni Anastasiya Makayeva, aktyor və bəstəkar Qleb Matveyçuk, Gürcüstanın xalq artisti İya Ninidze və aktrisa Nino Ninidze, Rusiyanın əməkdar artisti Boris Qalkin və müğənni İnna Razumixinanın çıxışları sürəkli alqışlarla qarşılanmışdır. Onlar tanınmış bəstəkarların bir-birindən maraqlı mahnılarını ifa etmişlər.
Konserti yaddaqalan edən məqamlardan biri də o idi ki, hər bir müğənni səhnəyə çıxmamışdan əvvəl həmin müğənninin çəkildiyi filmlərdən epizodlar göstərilirdi. Konsert tamaşaçıların yaddaşında silinməz xoş izlər buraxmışdır.
Bir sözlə, “Qəbələ - MDB-nin mədəniyyət paytaxtı” çərçivəsində keçirilən yekun tədbirlərin başlanğıcı uğurlu olmuşdur.
Rusiyanın və Moldovanın əməkdar artisti Svetlana Toma bildirmişdir ki, səhnədə olduğum müddətdə tamaşaçılara xoş enerji bəxş etmək üçün çalışmışam. Bunun müqabilində isə alqışlar və isti münasibətlə qarşılaşdım. Svetlana Toma demişdir: “Qəbələ gözəldir. Qaldığım mehmanxananın eyvanından baxanda dağları, gözəl şəhəri və gözəl təbiəti görürəm. Demək olar ki, sizdə hər şey yüksək səviyyədədir”.
Svetlana Toma ulu öndər Heydər Əliyev ilə keçirdiyi görüşü xatırlatmaq istədiyini söyləyərək o zaman bu dahi şəxsiyyətin mədəniyyət və incəsənəti nə qədər dərindən bilməsinin şahidi olduğunu demişdir. Bildirmişdir ki, mən bu gün də o unudulmaz görüşün xoş anlarını xatırlayıram.
Müğənni Anastasiya Makayeva ilk dəfədir Qəbələdə olduğunu söyləyərək bu ecazkar diyarın ona çox xoş təsir bağışladığını demişdir. Rusiyalı musiqiçi Qəbələdə son dərəcə qonaqpərvərliklə qarşılanmalarını, şəhərin qədim və müasir memarlığının, milli mətbəximizin hər kəsin xoşuna gəldiyini qeyd etmişdir.
Anastasiya Makayeva vurğulamışdır ki, Azərbaycana Rusiyanın tarixini təbliğ edən, eyni zamanda, mənim rol aldığım filmlərlə gəlmişik. Onlar burada nümayiş olunacaqdır. Biz istərdik ki, sizin də filmlər Rusiyada nümayiş olunsun və biz də öz növbəmizdə onları izləyək.
Aktyor və bəstəkar Qleb Matveyçuk burada gördüklərinin onu valeh etdiyini xüsusi vurğulamışdır. Bildirmişdir ki, Qəbələ hər cəhətdən gözəldir. Bir tərəfdən dağlar və zəngin təbiət, digər tərəfdən, gülərüz və qonaqpərvər insanlar bizi valeh etmişdir. Qleb Matveyçuk demişdir ki, mən bütün dostlarıma istirahət üçün Qəbələyə gəlməyi məsləhət görəcəyəm. Çünki burada insanlar həm fiziki, həm də mənəvi dincələ və böyük həcmdə müsbət enerji ala bilərlər.
Gürcüstanın xalq artisti İya Ninidze gördüyü bu gözəlliyin onda xoş təəssüratlar yaratdığını söyləmişdir. O, hər yerdə yeni, müasir tikililər olduğunu vurğulayaraq bildirmişdir ki, bütün bunlara baxanda sizin xalqın dərin zəkasını və zəhmətini görmək olur.
Aktrisa Nino Ninidze yenidən Azərbaycana gəlməsindən çox şad olduğunu demişdir. Səhnəyə çıxanda çox həyəcanlandığını vurğulayan gürcüstanlı aktrisa bu hissin qətiyyən qorxu ilə bağlı olmadığını nəzərə çatdırmışdır. Bildirmişdir ki, sadəcə mənim üçün doğma olan insanların qarşısında çıxış etməyin məsuliyyətini dərk edirdim.
Rusiyanın əməkdar artisti Boris Qalkin Qəbələdə olduqları ilk dəqiqələrdən xüsusi diqqət və yüksək qonaqpərvərliklə qarşılaşdıqlarını bildirmişdir. O, 2013-cü il üçün MDB-nin mədəniyyət paytaxtından məhz bunu gözlədiklərini söyləmişdir.
Qəbələ Rayon İcra Hakimiyyətinin MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu ilə birlikdə həyata keçirdiyi mədəni tədbirlər martın 16-dək davam edəcəkdir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.