Azərbaycan qadını ölkəmizin yaradıcı həyatının da inkişafında yaxından iştirak etmiş və bu gün də iştirak edir. Bu gün rəssamlarımız, bəstəkar və müğənnilərimiz, kino və teatr aktyorlarımız arasında onlarca qadın sənətçilərimiz var ki, onlar da ölkəmizin sənət həyatının zənginləşməsinə öz töhfələrini verirlər. Azərbaycan tarixində yaradıcı qadınlarımızın böyük xidmətləri olmuşdur. Məhsəti Gəncəvi, xan qızı Natavan və digər yaradıcı qadınlarımız mənəvi dünyamızın zənginləşməsində əvəzsiz rol oynamışlar.
Azərbaycan teatrı yarandığı ilk vaxtlar qadın aktrisa məsələsi ciddi problem idi. Adətən, bu rolları kişilər ifa etməli olurdular. Əhməd Ağdamskinin belə rolları, yəqin ki , oxuculara tanışdır. Bu məsələ Anarın “Üzeyir ömrü ” filmində çox əhatəli əks olunmuşdur. İtaliyada musiqi təhsili almış Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi Şövkət Məmmədovanın adı musiqi mədəniyyəti tariximizə qızıl hərflərlə yazılıb.
Milli kinomuzda bu məsələ daha ciddi problem idi. Mərhum akademik İzzət Orucova ilk filmlərimizin qəhrəmanı oldu. Aktrisa Mərziyyə Davudovanın milli teatrımızda yaratdığı rollar teatr tariximizdə əhəmiyyətli rol oynadı.
Qadın sənətçilərdən danışarkən xalq artisti Leyla Bədirbəylinin yaradıcılığını xüsusi olaraq vurğulamaq lazımdır. Azərbaycan aktyorluq məktəbinin layiqli nümayəndəsi kimi onun sənəti, demək olar ki, əsl məktəb idi. “Arşın mal alan” filmində Gülçöhrə roluna görə o, SSRİ Dövlət mükafatına layiq görülmüşdü. Onun kinomuzda yaratdığı onlarca müxtəlif xarakterli qadın rolları əsl mənada yüksək sənət nümunələridir. Azərbaycan qadınının mənəvi keyfiyyətlərini özündə cəmləşdirən bu obrazların hər birini Leyla xanım özünəməxsus cizgilərlə ifa etmişdir.
Milli aktyorluq sənətinin inkişafında böyük xidmətləri olan Münəvvər Kələntərli, Barat Şəkinskaya, Nəcibə Məlikova, Sofa Bəsirzadə, Məhluqə Sadıxova, Hökumə Qurbanova və digər aktrisalarımızın yaratdıqları teatr və kino qəhrəmanları bu gün də sevilir və unudulmur.
Zəngin yaradıcı fəaliyyəti ilə həmişə hörmət və məhəbbətlə qarşılanan xalq artisti Nəsibə xanım Zeynalova hər birimizin yaddaşında yaşayacaqdır. Uzun illər Musiqili Komediya Teatrının səhnəsində öz rolları ilə qəlblərə sevinc bəxş edib. Onun kinoda yaratdığı Cənnət xala , Xeyrənsə, Züleyxa və başqa qəhrəmanları öz ümummilli çalarları və təbiiliyi ilə seçilir.
Azərbaycan rəssamlıq sənətinin inkişafında qadın rəssamların rolu danılmazdır. Xalq rəssamları Vəcihə Səmədova, Maral Rəhmanzadə, Elmira Şaxtaxtinskaya və başqalarının rəssamlığın müxtəlif janrlarında yaratdıqları əsərlər bu gün də müzeylərimizin ekspozisiyalarını bəzəməkdədir.
Milli kinomuzun yaradıcıları sırasında kinorejissor Zeynəb xanım Kazımovanın adı həmişə hörmət və məhəbbətlə yad edilir. Bir sıra filmlərimizin quruluşçu rejissoru kimi tanınmış Gülbəniz Əzimzadənin xatirəsi də bizim üçün əzizdir.
Bu bayram günündə milli bəstəkarlıq məktəbimizi inkişaf etdirən qadın sənətçilərimizi də yad etmək yerinə düşərdi. Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundova mahnıları ilə də milli musiqimizə qiymətli töhfələr vermişdir. Elə mərhum bəstəkar Elza İbrahimovanın da mahnıları bu gün sevilə- sevilə oxunur. Azərbaycanın qadın bəstəkarları sırasında Firəngiz Əlizadə, Ruhəngiz Qasımova və başqalarının yaradıcılığı musiqi sənətimizin inkişafına xidmət etməkdədir.
Azərbaycan cox istedadlı müğənnilər yetişdirmişdir. Şövkət Məmmədova, Yavər Kələntərli, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradovanın xatirələri hər birimizin qəlbində yaşayır. SSRİ xalq artisti Zeynəb Xanlarova mahnıları ilə Azərbaycanı dünyaya tanıtdı. Gənc pianoçu Əzizə Mustafazadə dünyanın böyük konsert salonlarında çıxışlar edir.
Bu bayram günü sənətçi qadınlarımızdan bir qismini xatırladıq. Əminik ki, qadın sənətçilərimiz mədəni dəyərlərimizin inkişafına bundan sonra da öz töhfələrini verəcəklər.
Əziz qadınlar, bayramınız mübarək!
M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.