Azərbaycanın xalq yazıçısı Anar ilə Bişkekdə görüş olmuşdur

 

 

Azərbaycanın Qırğızıstandakı səfirliyi və bu ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi Bişkekin A.Maldıbayev adına Milli Opera və Balet Teatrında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar ilə görüş təşkil etmişlər.

Görüşdə Azərbaycanın Yazıçılar Birliyinin katibləri, xalq şairi Fikrət Qoca və Rəşad Məcid, Qırğızıstanın şair və yazıçıları, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov görkəmli yazıçı Anarın yubileyinin qardaş Qırğızıstanda keçirilməsini ölkələrimizin mədəni həyatında mühüm hadisə adlandırmışdır. Səfir Anarın ancaq Azərbaycanda deyil, Müstəqil Dövlətlər Birliyi, Avropa ölkələrində və Türkiyədə yaxşı tanındığını bildirmiş, onun yazıçı, dramaturq, publisist, tərcüməçi, rejissor kimi fəaliyyətinə nəzər salmışdır. Bildirilmişdir ki, Anar Azərbaycanın xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlmiş, bu ədəbi mühitdən bəhrələnmiş, qırğız xalqının böyük oğlu Çingiz Aytmatovla yaxın dostluq əlaqələri saxlamışdır. 2008-ci ildə Çingiz Aytmatov Bakıda olarkən onunla bir sıra görüşlər təşkil edilmişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev böyük qırğız yazıçısını “Dostluq” ordeni ilə təltif etmişdir.

Diplomat ötən ilin sonunda Bakıda Çingiz Aytmatovun 85 illiyinin yüksək səviyyədə qeyd olunduğunu da vurğulamışdır.

H.Orucov demişdir ki, Anar bu yaxınlarda yeni təsis edilən Türkdilli Dövlətlərin Yazıçılar İttifaqının birinci sədri seçilmişdir və əminik ki, bu istiqamətdə də səmərəli fəaliyyət göstərəcəkdir.

Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov ölkələrimiz arasında humanitar sahədə əlaqələrin indiki səviyyəsi haqqında məlumat vermiş, Anarın Qırğızıstanda da yaxşı tanındığını bildirmişdir. O, Anarın kino yaradıcılığından bəhs etmiş, 12 filmin ssenarisini yazdığını, 3 filmin isə rejissoru olduğunu qeyd etmişdir.

Qırğızıstanın xalq yazıçısı Mar Bayjanov Anarla dostluğundan söhbət açmış, onu türk dünyasının ən yaxşı yazıçılarından biri olduğunu bəyan etmişdir.

Fikrət Qoca, Rəşad Məcid Anarın yaradıcılığının məziyyətlərindən danışmışlar.

Yubilyar çıxış edərək belə gözəl bir tədbirin keçirilməsi üçün Qırğızıstan tərəfinə və səfirliyimizə minnətdarlıq etmiş, yaradıcılıq planlarından danışmış, bundan sonra da ədəbi sahədə türk dünyasının daha da yaxınlaşması üçün var qüvvəsi ilə çalışacağını demişdir.

Sonra yazıçıya qırğız milli geyimi hədiyyə edilmişdir.

Mərasimin bədii hissəsində Azərbaycanın xalq artistləri Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança) və tanınmış xanəndə, xalq artisti Mələkxanım Əyyubova, həmçinin Qırğızıstanda yaşayan müğənni Şahmar Tapdıqov muğam, xalq və bəstəkar mahnılarını ifa etmişlər.

Tədbirdə Qırğızıstan incəsənət ustalarının ifaları da yer almışdır.

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında