“YAY!” qalereyasında əməkdar rəssam Müseyib Əmirovun fərdi sərgisi açılmışdır

 

 

 

 

 

“YARAT” Müasir İncəsənət Məkanının “YAY!” qalereyasında əməkdar rəssam Müseyib Əmirovun “İki aləm” adlı fərdi sərgisi açılmışdır. Müseyib Əmirov 1963-cü ildə Bakıda, məşhur rəssam Arif Əmirovun ailəsində doğulmuşdur. Azərbaycan Dövlət İncəsənət Universitetinin (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) məzunu olan rəssam müəyyən müddət Azərbaycan Rəssamlıq Akademiyasında eksperimental rəsm ixtisasını tədris etmişdir.

Müseyib Əmirov hazırda müstəqil rəssam kimi fəaliyyət göstərir. Onun sənət işləri ABŞ, Fransa, Almaniya, Litvada nümayiş etdirilərək dünyanın bir sıra muzey və fərdi kolleksiyalarında saxlanılır.

Rəssamın iştirak etdiyi ən iri beynəlxalq layihələr sırasında “Fly to Baku” sərgilər silsiləsi (2012-2013), “Bakı-Paris. 20 rəssam” incəsənət sərgisini, həmçinin Fransa, ABŞ, Lüksemburq və digər ölkələrdə keçirilmiş Beynəlxalq incəsənət sərgilərini göstərmək olar.

Əməkdar rəssamın “YAY!” Qalereyasında təqdim olunan “İki aləm” fərdi sərgisində isə hər kəsə tanış olan bu iki cahan, iki vəziyyət bir-biri ilə qovuşur. Rəssam kədərlənərək və sevinərək, yada salaraq və ümid edərək bizi eyni vaxtda keçmişdə və gələcəkdə yaşamaq zərurəti ilə barışdırmağa nail olmuşdur.

Müseyib Əmirovun düşüncələri təzadların mücəssəməsidir. O, özü kimi insanları Abşeron səmasına qaldıracaq nəhəng dəmir quşun yaradılması ideyasına sadiq olan bir xəyalpərəstdir. O, ilhama ehtiyacı olmayan zəhmətkeş bir insandır. Özünün dediyi kimi, aylarla emalatxanadan çıxmayan tərki-dünyadır və onun uğrunda hər şeyə hazır olan dostlarının sayı ilə insanları heyrətləndirən bir şəxsiyyətdir. Bəlkə də məhz bu ziddiyyətlər çarpışmasının hesabına rəssam yaşadığımız dövrün ruhunu xətasız əks etdirməyi bacarır?

Müseyib Əmirovun “İki aləm” adlı fərdi sərgisi deyəsən müxtəlif zəmanələrin kəsişmə nöqtəsində, təlaş içində olan, səs-küylü indiki dövrlə romantik hisslərlə coşub-daşan keçmiş vaxtın birləşdiyi məqamda yaranmışdır.

Əməkdar rəssamın fərdi sərgisinin keçirildiyi Bakının “YAY!” qalereyası bir ildən artıq müddətdə ən istedadlı gənc və tanınmış rəssamların daimi nümayiş platformasına çevrilmişdir. Qalereyada təqdim edilən sənət əsərlərinin satışından əldə olunan gəlir rəssamların dəstəyinə yönəlmiş “YARAT” qeyri-kommersiya təşkilatının çoxsaylı layihələrinin reallaşmasına istiqamətlənir. Qalereyada mütəmadi olaraq mühazirələr, videonümayişlər və ustad dərsləri keçirilir.

Əməkdar rəssam Müseyib Əmirovun “İki aləm” adlı fərdi sərgisi martın 19-dək davam edəcəkdir.

Sərgiyə giriş sərbəstdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında