“Ağa Məhəmməd şah Qacar” Naxçıvan səhnəsində

 

 

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar” tarixi dramı səhnəyə qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov əsərin ilk tamaşasına baxmışdır.

Tamaşadan əvvəl Azərbaycan Respublikasının xalq artisti Rza Xudiyev çıxış edərək demişdir ki, Əli Əmirlinin 2005-ci ildə qələmə aldığı ikihissəli “Ağa Məhəmməd şah Qacar” əsəri tarixi dram janrında yazılmışdır. Müəllif əsərdə daha çox görkəmli sərkərdə və dövlət başçısı Ağa Məhəmməd şah Qacarın daxili aləmini açıb göstərməyə çalışmışdır. Ağa Məhəmməd şah Qacarın dövrünə və fəaliyyətinə həsr olunmuş bu tarixi əsər ilk dəfədir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulur.  Qacar obrazı bacarıqlı sərkərdə və dövlət başçısı kimi daha çox diqqəti cəlb edir, yalnız qəddar və zalım hökumdar deyil, həm də bütün fəaliyyətini xalqının xoşbəxt gələcəyinə həsr edən siyasi xadim kimi təqdim olunur.

Səhnə əsərində Ceyran xanım, Cəfərqulu xan, Kərim xan Zənd, Şeyx Cəfər Tonkabuni, Axund Hacı Babək və digər obrazların psixoloji cizgiləri və xarakterlərinin müxtəlif səciyyəvi cəhətləri parlaq boyalarla əks olunmuşdur. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı isə əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Xalq artistləri Yasəmən Ramazanovanın və Rza Xudiyevin,  əməkdar artistlər Əli Əliyev, Əbülfəz İmanov, Bəhruz Haqverdiyev və Xəlil Hüseynovun, Səməd Canbaxşıyevin yaratdıqları obrazlar tamaşaçı alqışı ilə qarşılanmışdır.

Tamaşadan sonra səhnə arxasına keçən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Ağa Məhəmməd şah Qacar” əsərini Naxçıvan teatrında səhnəyə qoyulan uğurlu tarixi dramlardan biri kimi dəyərləndirmiş, bu münasibətlə müəllifi və kollektivi təbrik edərək demişdir: “Ağa Məhəmməd şah Qacar” tamaşası qədim tarixə malik olan Naxçıvan teatrının repertuarında yeni bir səhifə açdı. Əsər yazılarkən müəllif ətraflı araşdırmalar aparmış və tarixin qaranlıq məqamlarına nəzər salaraq yaddaqalan obrazlar yaratmışdır. Rejissor işi və düzgün aktyor seçimi isə əsərin uğurlu səhnə həllinə səbəb olmuşdur.

Ali Məclisin sədri uğurlu ifalara görə aktyorlara təşəkkürünü bildirmiş, onlara yeni yaradıcılıq uğurları arzulamışdır.

Yazıçı-dramaturq Əli Əmirli göstərilən qayğıya və verilən yüksək qiymətə görə minnətdarlığını bildirmişdir.

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında