Azərbaycanın görkəmli teatr və kino aktrisası, xalq artisti Firəngiz Şərifova son mənzilə yola salınmışdır

 

   Fevralın 20-də  görkəmli teatr və kino aktrisası, xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Firəngiz Abbasmirzə qızı Şərifova son mənzilə yola salınmışdır.

AzərTAc xəbər verir ki, vida mərasimində hökumət rəsmiləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri  iştirak etmişlər.

Mərhumun cənazəsi Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa salonunun səhnəsində qoyulmuşdu.

Salonda həzin matəm musiqisi səslənirdi.

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər və çiçəklər düzülmüşdü.

Firəngiz Şərifovanın həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları axın-axın Azərbaycan Teatr Xadimləri İttifaqının binasına gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.

Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərhum sənətkarın Azərbaycan teatrının inkişafı istiqamətində yorulmaz fəaliyyətindən, yaratdığı biri-birindən bənzərsiz obrazlar qalereyasından, insani keyfiyyətlərindən geniş söz açmışdır.

Görkəmli sənətkarın həyat və yaradıcılığından danışan nazir bildirmişdir ki, Firəngiz Şərifova 1924-cü il fevral ayının 6-da Bakı şəhərində Azərbaycan teatrının korifeyləri, qüdrətli sənətkarlar - SSRİ xalq artisti Mərziyə Davudovanın və xalq artisti Abbas Mirzə Şərifzadənin ailəsində dünyaya gəlmişdir.

1947-49-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Musiqili Teatrı), 1949-61-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, 1961-65-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan Firəngiz Şərifova 1965-ci ildən sənət taleyini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bağlamış və 2011-ci ilədək fəaliyyətini doğma teatrda davam etdirmişdir. Müqtədir sənətkar bu illər ərzində teatr səhnəsində müxtəlif xarakterli obrazlar yaratmışdır.

Firəngiz Şərifova 1958-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1969-cu ildə xalq artisti fəxri adlarına layiq görülmüşdür. Görkəmli sənətkar zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr vermişdir.

Diqqətə çatdırılmışdır ki, görkəmli aktrisa sağlığında dövlətin diqqət və qayğısı ilə daim əhatə olunaraq “Şöhrət” ordeninə layiq görülmüş, Prezident təqaüdü almışdır.

Firəngiz Şərifova milli teatr sənəti sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin fəxri fərmanlarına, “Zirvə”, “Qızıl Dərviş” və “Humay” mükafatlarına layiq görülmüşdür.

Vida mərasimində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, xalq artisti Ağaxan Salmanlı çıxış edərək  görkəmli sənətkarın Azərbaycan teatr sənətinin inkişafında əvəzsiz xidmətlərindən danışmış, onunla bağlı xatirələrini bölüşmüş, aktrisanın vəfatını böyük itki hesab etmişlər.

 Bildirilmişdir ki, unudulmaz aktrisa Firəngiz Şərifova milli teatr sənətinin əvəzolunmaz sənətkarlarından biri idi. Aktrisanın böyük populyarlıq qazandığı çoxsaylı obrazları vardır. Canlandırdığı obrazların yüksək bədii dəyəri və ifa etdiyi rolu özününküləşdirmək bacarığı istedadlı aktrisanı xalqın sevimlisinə çevirmişdir.

Qeyd edilmişdir ki, Firəngiz Şərifova gənc yaşlarından başlayaraq C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan “Qaraca qız” (Yasəmən), “Bir ailəlik bağ evi” (Ana), “Bayquş gələndə” (Nənə), “Qərib cinlər ölkəsində” (Tükəz), “Qətl günü” (Nənə) filmlərdə müxtəlif rollara çəkilmişdir.

 Vurğulanmışdır ki, görkəmli sənətkarın “Bir ailəlik bağ evi” filmindəki Ana rolu əsas surətdir və psixoloji dərinliyinə, emosional sənətkarlıq xüsusiyyətlərinə görə aktrisanın parlaq ekran obrazıdır.

Çıxış edənlər Firəngiz Şərifovanın əziz xatirəsinin daim teatrsevərlərin və onu tanıyanların qəlbində yaşayacağını bildirmişlər.

Mərhumun ailəsi adından çıxış edən nəvəsi Eldar Qasımov istedadlı sənətkarın xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirmişdir.

Sonra görkəmli aktrisanın cənazəsi son mənzilə yola salınmışdır.

Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında