Azərbaycanın təbiəti, zəngin milli-mənəvi sərvətləri ölkəmizin əsl turizm məkanına çevrilməsinə şərait yaradır. Uca dağları, gur çayları, yaşıl meşələri, mərcan gölləri bura gələn xarici turistləri əsl mənada heyran edir. Bu gün turistlər dünyanın müxtəlif ölkələrindən bu torpağın əsrarəngiz gözəlliyini görmək üçün Azərbaycana gəlməyə can atırlar. Heç təsadüfi deyil ki, son vaxtlar ölkəmizə turist axını xeyli artmışdır.
Bu, hər şeydən əvvəl, dövlətin turizmə diqqətinin nəticəsidir. Nazirlər Kabinetinin “2013-cü ilin sosial iqtisadi yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr”ə həsr olunan iclasında Prezident İlham Əliyev bu sahənin inkişafı ilə bağlı demişdir: “Turizmin inkişafı ilə bağlı böyük addımlar atılmışdır. Xüsusilə bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilmişdir. Yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər. Yəni, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu istiqamət də çox önəmlidir.”
Azərbaycanda turizmin inkişaf tarixi qədim olmasa da, 90-cı illərin sonlarından başlayaraq bu sahəyə xüsusi önəm verilməyə, turizmlə bağlı bir sıra layihələri reallaşdırılmağa başlanmışdır. Nəticədə turizmin inkişaf dinamikası getdikcə artmışdır. Azərbaycanda turistlərin yerləşdirilmə biznesinın inkişafı üçün yeni imkanlar açılmışdır. Belə ki, əgər 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 idisə, 2005-ci ildə onların sayı 4 dəfə artaraq 370- ə çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çox olmuşdur.
Son on ildə isə turizmin inkişafı ilə əlaqədar aparılan əhəmiyyətli islahatlar, qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası, yaradılan müasir infrastruktur bölgələrlə yanaşı, Bakının da turizm sənayesini yeni inkişaf mərhələsinə çıxarmışdır. İndi Bakıda dünyanın məşhur otel brendləri – beşulduzlu “CW Marriott Abşeron”, “Hilton Baku”, “Kempinski Badamdar”, “Cumeirah Bilgah Beach Hotel”, “Fairmont Baku”, “Excelsior”, “Sheraton” və s. fəaliyyət göstərir. Bütün bunlar Bakıya gələn turistlərin sayının 2003-cü illə müqayisədə 2,5 dəfə artmasına səbəb olmuşdur.
Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə 2006-cı ildə Turizm İnstitutu yaradılmış, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılmış, eyni zamanda, Ümumdünya Turizm Təşkilatının və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilmişdir. 2005-ci ildə turizmin inkişafı ilə bağlı Dövlət Proqramının qəbul olunması da bu sahəyə göstərilən diqqətin nəticəsi idi. Bu proqram böyük uğurla reallaşdırıldı və Azərbaycan artıq turizm ölkəsi kimi tanınmağa başladı. Ölkəmiz beynəlxalq turizm sərgilərində uğurla çıxış edərək, özünün turizm potensialını nümayiş etdirirdi.
Qazanılan uğurlar daha irəliyə getmək üçün şərait yaradırdı. Ona görə də 2010-cu ildə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair” Dövlət Proqramı qəbul olundu. Bu proqramın qəbul olunmasının başlıca məqsədi ölkədə turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin olunması idi. Turizmin inkişafını sürətləndirmək üçün 2011-ci il ölkədə “Turizm ili” elan olundu.
Dövlət Proqramının qəbul edilməsi turizmin inkişafına güclü təkan verdi. Bu vaxta kimi proqramın icrası çərçivəsində regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədilə müvafiq layihələr həyata keçirilmişdir.
Dövlət Proqramının icrasını təmin etmək məqsədilə ölkəmizin bütün bölgələri üzrə “Kulinariya turu” mədəni turizm marşrutlarının yaradılması planlaşdırılmışdır. İlkin mərhələdə Qubada rayon mədəniyyət və turizm şöbəsi, Milli Kulinariya Mərkəzi və “Vitory Tour” turizm şirkətinin təşkilatçılığı ilə “Kulinariya turu” adlı mədəni turizm marşrutu üzrə infotur keçirilmiş və marşrut pasportlaşdırılmışdır.
Bununla yanaşı, nazirliyin dəstəyi ilə İsmayıllı Rayon Mədəniyyət və Turizm şöbəsi, Lahıc İnformasiya Mərkəzi, AMEA-nın Folklor İnstitutu, “Millenium Turizm Kongress” turizm şirkəti tərəfindən “Qırx otaq əfsanələri” və “Fit dağ əfsanələri” adlı mədəni və ekoturizm marşrutları üzrə turizm şirkətlərinin və KİV nümayəndələrinin iştirakı ilə infotur keçirilmiş və marşrut pasportlaşdırılmışdır. Şahdağ turizm kompleksi ətrafındakı kompleksin istifadəyə tam yararlı vəziyyətə gətirilməsi üçün hazırlıq işləri aparılmışdır. Belə ki, Almaniyanın “ Donau Finanz” şirkəti tərəfindən hazırlanmış marketinq planı üzrə təhlil aparılmış və Şahdağ Qış-Yay Turizm Kompleksinin və Azərbaycanın bölgələri üzrə marketinq planları hazırlanmışdır.
Qeyd etməliyik ki, xarici ölkələrlə turizm əlaqələri qurulması istiqamətində aparılan işlərin miqyası da xeyli genişlənmişdir. İkitərəfli və çoxtərəfli əməkdaşlıq bu sahədə öz müsbət nəticələrini verməkdədir. Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və s. beynəlxalq təşkilatlarla turizm sahəsində əməkdaşlığın təşkil edilməsi, mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində səmərəli və mühüm fəaliyyətini davam etdirmişdir.
Azərbaycanın turizm imkanlarının xarci ölkələrdə təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif vaxtlarda İtaliyanın “Classis Assoiation”, “Italian Multimedia Group Sri” şirkətlərinin, Sənubi Koreyanın “Eduational Broadasting System” dövlət televiziya kanalının, Almaniyanın media nümayəndələrinin, Rusiyanın “Kommersant FM” radiosunun və Yaponiyanın “Turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu” layihəsi çərçivəsində bu ölkənin kütləvi informasiya vasitələri nümayəndələrinin ölkəmizə press-turları təşkil edilmişdir. Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və Azərbaycan Turizm Assosiasiyasının birgə təşkilatçılığı ilə “İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda bir neçə ölkənin nümayəndələri iştirak etmişlər.
Azərbaycan nümayəndə heyəti tez-tez beynəlxalq turizm sərgilərində iştirak etmiş, Azərbaycanın turizm potensialını əks etdirən eksponatlar nümayiş etdirmişdir. Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə “AITF-2012” beynəlxalq turizm və səyahətlər sərgisi keçirildi. Sərgiyə həmçinin Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilir. “Eurosport” kanalı ilə nazirlik arasında ölkəmizin təbliğatı ilə bağlı müqavilə imzalanmışdır. “BMİ Voyager”, “Business Year” jurnallarında və “MİTT” sərgisinin rəsmi kataloqunda Azərbaycanın turizm potensialına dair reklam səhifələri yerləşdirilmişdir. Ümumdünya Turizm Təşkilatının proqnozlarına görə, 13 dekabr 2012-ci il tarixinin simvolik olaraq dünya üzrə milyardıncı turistin beynəlxalq səyahət tarixi kimi qeyd olunduğunu nəzərə alaraq, “Azərbaycan Hava Yolları”nın Bakı-London reysində uçan hər bir sərnişinə simvolik olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq sertifikat təqdim edilmişdir. Bununla da Ümumdünya Turizm Təşkilatına üzv olan hər bir ölkə kimi, Azərbaycan da “Milyardıncı turist” aksiyasına qoşulmuşdur. Azərbaycanda ötən il də turizm sektoru sürətlə inkişaf etdirilmişdir. “Şahdağ” xizək mərkəzi fəaliyyətə başlamışdır. Bu da əlamətdar hadisədir. Çünki heç bir dövrdə Azərbaycanda dağ-xizək mərkəzi olmamışdır. Dövlət onun yaradılmasının əsas texniki və maliyyə yükünü öz üzərinə götürmüşdür.
Bakıda “AİTF 2013” XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirildi. “AİTF-2013” sərgisində 35 ölkədən 60-dan çox istiqaməti təmsil edən 251 şirkət iştirak edirdi. Sərgidə bir çox ölkələrin milli stendləri ilə fəal iştirakı artıq ənənəyə çevrilmişdir. Ötənilki sərgidə Azərbaycan rekord sayda - 20 stendlik milli ekspozisiya ilə iştirak etmişdir. Onların arasında sərginin daimi iştirakçıları olan Türkiyə, Rusiya, Gürcüstan, Bolqarıstan, Kipr, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya və Misirin milli qrupları vardır. Fransa, Macarıstan, İndoneziya, İran, Monteneqro, Mərakeş, Ukraynanın Krım Muxtar Respublikası, Tailand və Tunisin milli qrupları isə keçən il ilk dəfə sərgiyə qatılmışlar. Mədəniyyət və Turizm Nazirliyi bu il 20-yə yaxın beynəlxalq turizm sərgisində iştirak etməyi planlaşdırmışdır Onlardan artıq bir neçəsində ölkəmiz iştirak etmiş və Azərbaycanı geniş miqyasda təbliğ etmək mümkün olmuşdur.
Yeni mehmanxanalar inşa edilir, əvvəlkilərdən bəziləri təmir olunaraq yenidən istifadəyə verilir, turistlərin rahat istirahəti üçün gözəl şərait yaradılır Azərbaycanda beynəlxalq tədbirlər ilbəil artır. Söz yox ki, bu da turistlərin ölkəmizə davamlı axını üçün şərait yaradır. 2013-cü ildə mədəniyyət və turizm obyektlərinin tikintisi, təmir-bərpası və yenidən qurulması ilə əlaqədar bir sıra işlər həyata keçirilmişdir. “Şahdağ” Qış-Yay Turizm Kompleksinin növbəti mərhələlərinin tikintisi davam etdirilir. Dekabrın 19-da ölkə Prezidentinin iştirakı ilə kompleksdə iki yeni hotelin açılışı olmuşdur.
Azərbaycanın yaxın gələcəkdə turizm ölkəsi kimi daha çox tanınacağı şübhəsizdir. Bunun üçün ölkəmizdə hər cür şərait vardır.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.