RZA TƏHMASİB - 120
Azərbaycanın mədəniyyət tarixində elə simalar var ki, onların sənəti əsl mənada xalqımızın mənəvi sərvətinə çevrilmişdir. Belə sənətkarların yaradıcılığı nəsillərin mənəvi tərbiyəsində böyük rol oynamaqla mənəviyyatımızı daha da zənginləşdirir. Xalq artisti, kinorejissor, aktyor və pedaqoq Rza Təhmasib də belə sənət fədailərindəndir.
Bu böyük sənətkar haqqında çox yazılıb, tədqiqat əsərləri çap olunub. Ancaq onun anadan olmasının 120 illiyi ərəfəsində kino və teatr tariximiz üçün əhəmiyyətli xatırlanası çox məqamlar var. Milli teatrımızın inkişaf edib formalaşmasında onun xidmətləri əvəzsizdir. R.Təhmasibin genişmiqyaslı rejissorluq, aktyorluq fəaliyyəti bütöv bir əsrin sənət tarixinin unudulmaz səhifələrini təşkil edir.
Rza Abbasqulu oğlu Təhmasib 1894-cü il aprelin 20-də Naxçıvanda dünyaya gəlmişdir. Elə uşaqlıqdan sənətə, teatra meyli olub. 16 yaşında ikən Tbilisidə “Müsəlman Artistləri İttifaqı”nın teatr truppasında fəaliyyətə başlayan gənc Rza 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq etmişdir. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə
bağlı olmuşdur. 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərmişdir.
Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda peşəkar teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Və bu gün XX əsr teatr tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür.
Teatr tariximizdə oynanılan klassik Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin əksəriyyətində Rza Təhmasibin aktyor, yaxud rejissor kimi iştirakı olmuşdur. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu istedadlı sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçmişdir. Aktyor kimi yaratdığı İsgəndər (“Ölülər”), İblis və Arif (“İblis”), Şeyx Sənan (“Şeyx Sənan”), Qacar (“Ağa Məhəmməd şah Qacar”), Süleyman (“Həyat”), Koşkin (“Lyubov Yarovaya”), Stricin (“Eskadranın məhvi”), Karl Moor (“Qaçaqlar”) kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olmuşdur.
Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olmuşdur. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoymuş, müxtəlif rolları ifa etmişdir. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator kimi personajları səhnədə xüsusi istedadla canlandırmışdır.
Teatrda rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin Naxçıvan teatrındakı ilk tamaşası olub. O dövrün mətbuatında onun quruluşunda “Ölülər” yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi. Qeyd edək ki, İsgəndər obrazının ilk ifaçısı da R.Təhmasib olmuşdu."Ölülər" onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynadı. “Şeyx Sənan” (1931), “Sevil” (1934), “Özgə uşağı” (1936), “Madrid” (1938), “Vəfa” (1943), “Hacı Qara” (1958) kimi tamaşalar Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi.
Ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın inkişafının təminatçılarından biri idi. Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olmuşdur.
Rza Təhmasibin sənətə gəldiyi vaxt Azərbaycan kinosunun yenicə yaranmağa başladığı bir dövrə təsadüf edirdi. Bu, kinomuzun elə bir dövrü idi ki, onun inkişafını məhz teatr xadimlərinin, rejissor və aktyorların iştirakı olmadan təsəvvür etmək mümkün deyildi. İlk vaxtlar Azərbaycan kinosunda digər respublikadan dəvət olunmuş mütəxəssislər işləyir, milli mənəviyyatımıza yaxından bələd olmayan bu insanların yaratdıqları filmlər də Azərbaycan mentalitetini kifayət qədər əks etdirə bilmirdi. Bir çox klassik teatr xadimlərimiz həmin dövrdə kinomuzun ağırlığını öz çiyinlərinə götürdülər. Onlardan biri də Rza Təhmasib idi. Bu böyük sənətkar 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmiş və elə həmin il də Bakı studiyasında “Ordenli Azərbaycan” sənədli filmini çəkmişdi.
Müharibənin qızğın dövründə –1941-ci ildə Rza Təhmasib “Səbuhi” filminin çəkilişlərinə başladı. Film 1943-cü ildə tamamlandı. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilmişdi.
Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi “Arşın mal alan” filmi oldu. 1945-ci ildə kinorejissor Nikolay Leşşenkonun iştirakı ilə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görüldü. Təhmasib bu film haqqında yazırdı: “ Müharibənin ağır illərində biz filmi Moskvaya təhvil verməyə aparmışdıq. Moskvada vəziyyət çox ağır idi. Bəzi küçələrdə hələ də gediş-gəliş bərpa edilməmişdi. Filmi qəbul edən komissiyanın bəzi üzvləri bizi soyuq qarşıladılar. Baxışdan sonra mübahisə qızışdı. Bizi hətta məzəmmət edənlər də oldu. Açıqca deyirdilər ki, bu vurhavurda “Arşın mal alan” yeridir. Sən demə, film elə məqamındaca çəkilibmiş. Baxışdan iki gün sonra film Moskvanın iki kinoteatrında ekrana buraxıldı. Üç gün sonra isə 18 kinoteatrdan “Arşin mal alan”ın sədası eşidildi."
Film ağ-qara plyonkada çəkilmişdi. Yalnız ötən il bu kino əsəri rəngli filmə çevrildi. “Arşın mal alan” kinokomediyası milli kinomuzun ən gözəl nümunələrindəndir və 70 ilə yaxındır ki, dünyanı dolaşmaqdadır.
Filmin uğurlu taleyinin bir səbəbi də rejissorların güclü aktyor ansamblı yarada bilmələrində idi. Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev və digər korifeylər filmin müvəffəqiyyət qazanmasında mühüm rol oynadılar.
R. Təhmasib 1950-ci ildə A. Zarxi və M. Xeyfitslə birlikdə “Bakının işıqları”, 1959-cu ildə Mikayıl Mikayılovla birgə “Mahnı belə yaranır” filmlərinə quruluş verib. Kinoda ilk sərbəst rejissor işi isə “Onu bağışlamaq olarmı?” filmi oldu. Bu film 1959-cu ildə istehsal olunmuşdu və rejissor həllinə görə diqqəti çəkən, maraqlı kino əsəridir. Filmin ssenarisini rejissorun qardaşı, görkəmli filoloq-alim, professor Məmmədhüseyn Təhmasib yazmışdı.
Rza Təhmasibin kinomuzda həm də bir aktyor kimi yadigarları var. 1947-ci ildə istehsal olunmuş “Fətəli xan” filmində ona Ağası xan rolu həvalə edilmişdi. Kinomuzda onun ən dəyərli aktyor işi isə “Qanun naminə” filmində yaratdığı Qaloş obrazıdır. Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin qiymətli obrazlarındandır.
Rza Təhmasib ömrünün böyük bir dövrünü həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm və əhəmiyyətli rol oynamışdır. Bu gün onun tələbələri müstəqil Azərbaycanın teatr və kino sənətinin inkişafında yaxından iştirak etməkdədirlər.
Rza Təhmasibin yaradıcılığı yüksək qiymətləndirilmiş, Azərbaycanın əməkdar incəsənət xadimi (1946), SSRİ Dövlət mükafatı laureatı (1946), Azərbaycanın xalq artisti (1964) adlarına layiq görülmüş, “Şərəf nişanı” ordeni və başqa mükafatlarla təltif olunmuşdur.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.