Leyla ƏLİYEVA: Mən bir daha əmin oluram ki, Bakı hər sahədə, o cümlədən musiqi mədəniyyətində bənzərsizliyini qoruyub saxlaya bilmişdir

 

“Bir ildən başqa bir ilə qədəm qoymaq  bir çox xoş hiss və duyğularla müşayiət olunur.  Burada həm Yeni il yolkasının könülaçan ətri, hədiyyələrin büküldüyü kağızların xəfif xışıltısı, bayram yeməklərinin ləziz  dadı, sənə yaxın adamların göz oxşayan bərbəzəyi və əlbəttə ki, musiqi vardır. Doğma olan “V lesu rodilas yoloçka”  mahnısından tutmuş,  ildə bir dəfə hər bir evdə səslənən ötən illərin çoxsaylı  hit mahnılarınadək”. Bu sözləri Leyla Əliyeva  “Baku” jurnalının  redaktor səhifəsində yazmışdır. 

Ənənəyə görə, “Baku” jurnalının builki birinci nömrəsi jurnalın baş redaktoru Leyla xanım Əliyevanın öz oxucularına “Gözəl əhval-ruhiyyə” başlıqlı  müraciəti ilə  başlayır. Doğma şəhərinin vurğunu olan Leyla Əliyeva  bakılıların Yeni il  ovqatından, Bakının musiqi ənənələrindən söz açaraq bu dəfə də Azərbaycanın paytaxtını  təkrar-təkrar  öz oxucularına sevdirir. Şəhərimizin musiqi mədəniyyətinin özünəməxsusluğundan danışan Leyla Əliyeva yazır: “....Mən bir daha əmin oluram ki, Bakı hər sahədə, o cümlədən musiqi mədəniyyətində  bənzərsizliyini  qoruyub saxlaya bilmişdir. Yola saldığımız ildə burada çoxlu sayda yaxşı musiqi səslənmişdir:  Beynəlxalq Muğam Festivalının iştirakçılarını və ”Gelikon opera"nın solistlərini dinləmək, caz korifeylərinin çıxışlarından zövq almaq, Qəbələ festivalının  konsertlərində olmaq, Qara Qarayevin və Müslüm Maqomayevin xatirə gecələrində  onların zəngin irsini  yada salmaq  mümkün olmuşdur". 

Baş redaktor ilk növbədə muğam və aşıq musiqimizin Avropa musiqisi ilə sintezinə nail olan “Üzeyir Hacıbəyli dühasını” xatırlayır.  Məqalədə deyilir: “Onun  Azərbaycanın musiqi mədəniyyətinə  təsiri o dərəcədə güclü olmuşdur ki, o  Şərq ilə Qərbin bu sintezini  hətta  milli səviyyədə möhkəmləndirə bilmişdir. Məhz Ü.Hacıbəylinin sayəsində tar və skripka, kamança və violonçel, ud və fortepiano füsunkar dialoqa girmiş, böyük müğənni Bülbül həm opera ariyalarını, həm də muğamları  ifa etmişdir. Bəstəkar musiqi təhsili sahəsində də  ənənə və novatorluğun  harmonik vəhdətinin bünövrəsini  qoymuşdur. Məhz belə bir təhsil hazırda  bakılılara istər Berlin operasının səhnəsində, istərsə də ”Eurovision" mahnı müsabiqəsində parlamaq imkanı verir".

Leyla Əliyevanın fikrincə, Bakıda musiqini onun xiridarı olan heç olmasa bir neçə insanın toplaşdığı hər bir məkanda öyrənirlər. Əsası Yuli Qusman tərəfindən qoyulmuş  Şən və Hazırcavablar Klubu  gecələrinin ənənəsi, Elçin Əzizovun bu klubdan Böyük Teatra aparan yolu, İsfar Sarabskinin  müxtəlif ahəngli caz və muğam  kompozisiyalarını birləşdirməsi buna gözəl nümunədir. 

Leyla xanım yazır ki, “bakılıların musiqi mədəniyyətinin formalaşmasına çoxlu sayda fenomen təsir göstərmişdir. Bunun sayəsində onlar ən müxtəlif musiqidən gözəl miks yarada bilirlər. Bakı yeni 2014-cü ilə məhz bu cür yüksək əhval-ruhiyyədə, gözəl dostların əhatəsində  və sevimli musiqi hitlərinin sədaları altında qədəm qoyur.   

Həmişəki kimi parlaq və məzmunlu olan “Baku” jurnalının yeni nömrəsi  bu dəfə də oxucuları son bir neçə ayda Azərbaycan paytaxtının  mədəni həyatının  ən maraqlı hadisələri ilə tanış edir: P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş konserti və Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin beynəlxalq sərgisinin dünya premyerası, “ÜNS” Teatrında Müslüm Maqomayev haqqında “Beşikdən  əbədiyyətə qədər” filminin premyerası, Heydər Əliyev Sarayında “Qorxma, mən səninləyəm.1919” filminin premyerası, Bakı Caz Festivalı və rəssam Taus Maxaçevanın Muğam Mərkəzində  mühazirələri, Lalla Essaydinin Müasir İncəsənət Muzeyində  fərdi sərgisi, Nizami Kino Mərkəzində turizm mövzusunda  filmlərin beynəlxalq festivalı və bir çox başqa hadisələr.   

Heydər Əliyev Mərkəzinin  təqdimatı  haqqında “Xüsusi reportaj” və layihənin memarı, dünya şöhrətli Zəha Hədidi ilə müsahibədə  dünya memarlığında mərkəzin rolunun  qiymətləndirməsi, sərgi və konsert meydançası kimi  potensial  imkanlarının  nümayiş etdirilməsi  üçün iri dünya bürolarının memarlarının, layihəçilərinin  və dizaynerlərinin Bakıya səfərindən söz açılır.

Jurnalın başqa bir həmsöhbəti “Gelikon opera” teatrının yaradıcısı Dmitri Bertmandır. O, noyabr ayının əvvəllərində Heydər Əliyev Mərkəzində bakılı tamaşaçılara “Sibir” operasını və “Bir ömürlük məhəbbət” qala-konsertini təqdim etmişdir.  

Tanınmış rusiyalı teleşərhçi Vladislav Flyarkovski oxucular tərəfindən sevilən “Bakinstvo” rubrikasında uşaqlıq illərini keçirdiyi  şəhərdən söz açaraq yazır: “Bakı heç vaxt tənha adamların yaşadığı cansıxıcı şəhərlər siyahısına daxil olmayacaqdır. Burada həmsöhbət  həmişə tapılar”.

Jurnalist Vlada Topçevanın  Bakı milyonçusu və mesenatı Ağa Musa Nağıyevin  nəvəsi ilə müsahibəsi “İşlər və hisslər” rubrikasında yerləşdirilmişdir. Dilarə Nağıyeva müsahibəsində deyir: “Mənim babam  taleyə inanırdı və irəlini görürdü. O, qarşısına 100 ev tikmək və 100 il ömür sürmək məqsədi qoymuşdu. Lakin yalnız 98 ev tikdirə bildi”.

“Bir dəfə N şəhərində” layihəsinin müəllifləri hesab edirlər ki, “Kitabı illüstrasiya etmək üçün səyahətə getməkdən yaxşı üsul yoxdur. Jurnalın 39-cu nömrəsindəki məqaləni oxumaqla Trister, Sevilya, Hoşimin, Çikaqo, Praqa və Bakı şəhərlərinin ədəbiyyatla bağlı hifz etdiyi əhvalatları öyrənmək olar.  

“Baku” tanınmış sahibkar, böyük mesenat, Ümumrusiya Azərbaycanlılar Konqresinin yaradıcılarından biri Aydın Qurbanovun  anadan olmasının 60 illiyi münasibətilə Moskvada keçirilmiş xatirə gecəsindən reportaj da təqdim edir. Mesenatın oğlu, Aydın Qurbanov Fondunun rəhbəri, ÜAK-ın  idarə heyətinin üzvü Səməd Qurbanov  xatirə gecəsində dediyi bu sözləri oxucuların diqqətinə çatdırır: “Atam mənim üçün əsl kişilik və əsl vətənpərvərlik nümunəsidir. Ümidvaram ki, bu münasibəti Aydın Qurbanovun adını daşıyan öz oğluma da aşılaya biləcəyəm”. S.Qurbanov  Fondun Bakının yaxınlığında, Zirə qəsəbəsində Cümə məscidi tikmək və bununla da atasının xeyirxah əməllərini davam etdirmək niyyətində olduğunu bildirir.

Rza Deqatinin Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzində  açılmış “Azərbaycan -  tolerantlıq məkanı” sərgisindən, “Baku International” jurnalının  ikinci ildönümü  şərəfinə  Bakıda  təşkil edilən gecədən, Rusiyada, “Krokus Siti Holl”da  ilk dəfə təşkil edilən  “Kainat gözəli”  müsabiqəsindən və ötən ilin son aylarının digər hadisələrindən reportajlar parlaq fotoşəkillərlə müşayiət olunur. 

Jurnalın redaksiyası qurmanları sevindirmək imkanını da əldən verməmişdir.  Jurnalın bu nömrəsində Azərbaycan mətbəxinin daha bir  ləziz təamı olan  gürzənin hazırlanması  resepti  yer almışdır.   

Fəridə ABDULLAYEVA, AzərTAc-ın xüsusi müxbiri

Moskva

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında