Şair Qabilin çap olunmayan əlyazmaları

Bu yaxınlarda Ədəbiyyat arxivinin direktoru Maarif Teymurla küçədə rastlaşdım. Atamın ev arxiviylə maraqlandı. Onları arxivə təhvil verməyi məsləhət gördü. Mən də razılaşdım. Əslində atamın çap olunmamış bir şeyi qalmamışdı. Özü də deyirdi ki, mən öləndən sonra sənə ağırlıq düşməyəcək. Nə var hamısını kitablara salmışam. Arxivi də az idi. Vaxtında özü bir çox əlyazmasını təhvil vermişdi. Lakin bəzi çap olunmayan əlyazmalar fikrimi cəlb etdi. Onları ictimaiyyətin nəzərinə təqdim etməyi qərara aldım, təkcə 30 sentyabr 1988-ci ildə Xalq şairi Nəriman Həsənzadəylə yazışması və 30 iyul 1992-ci ildə şair Vaqif Bəhmənliyə yazdığı şerdən başqa.
Müasir dövrdə telefonla mesaj yazmaq artıq dəbə dönüb. Hansı cavanı görürsən küçədə, avtobusda, parkda, hətta maşın sürə-sürə mesaj yazır. Hətta yazdığına musiqi parçaları, şəkil də qoşur. Məktubun romantikliyini bir az da artırır. Texnikanın inkişaf etdiyi bir dövrdə, mürəkkəb və kağıza artıq ehtiyac qalmayan XXI əsrdə atamın 24 sentyabr 1948-ci ildə Yardımlıda müəllim işləyərkən sevgilisinə, yəni anama yazdığı şeir- məktub çoxlarında təəccüb doğursa da, yaşlı nəsildə nostalji hissləri bir daha oyadacaq. Hər sətrin əvvəlindəki hərflərin düzülüşü isə onun kimə ünvanlandığını bildirir.{nl}

Həyat şirindirsə ömür gödəkdir
Arzular tez solan zərif çiçəkdir.
Canım qəriblikdə çürüyür, ay qız!
İşıq verən mənə bil sənsən yalnız.
Bəlkə məzarımı burda qazdılar...
Əlinlə nə olar, onda hər bahar
Yığ əlvan çiçəklər, tər bənövşələr,
İncə əllərinlə qəbrim üstə sər.
Mən yazdım bu şeri sizə yadigar.
Əzizim, var olsun eşqi duyanlar.

{nl}

Dastanlarımızda tez-tez bu deyimə rast gəlirik. "Dillə desəm dilim yanar, qoy sazla deyim". Şairlərdə isə bədahətən deyilən bir anlayış var. Şair Qabildə də bu, çox güclü idi. Məsələn, mənə, ya qohumlardan kiməsə əsgərliyə yazdığı məktublarda, yaxud da ki kitablara avtoqraflarında buna tez-tez rast gəlirik. Əlyazmalar içində əsgər məktublarından ikisinə rast gəldim. 1983-cü ildə qardaşı oğlu əsgər İrşada yazdığından:

{nl}

İç borş, ye langet,
Xətadan yan get!
İdmançı-soldat
Mətin addım at!
Sağ, düz, sol!
İntizamlı ol!
Əsgəri xidmət
Hünər, cəsarət,
Borcdur Vətənə,
Şərəfdir sənə!
Papirosu at,
Yeginən salat.
Çəkmə anaşa,
Yeginən kaşa.
Komandirə çest
Nə desə,
de: - Yest!
Yaxşı nişan al!
Yaxşı ad-san al!
Qol-qanadlı ol,
Ehtiyatlı ol!
Dörd olsun gözün
Ağ olsun üzün.
İçki içmə ha!..
Nə deyim daha
Ey Hekliberri,
Qaldığın yeri
Görərik yazda.
Dözüm var bizdə
Ay İrşad balam,
Salam - ehtiram
Qabil əmidən
Salamat ol sən!

{nl}

Əsgərlikdə olarkən xalam Raisəyə (general-mayor Abbasəli Novruzovun həyat yoldaşı) məktub yazmışam, özü də şeirlə (yadımda deyil). O da cavab yazmayıb. Mən də bundan dilxor olmuşam. Evə şikayət etmişəm. Əvəzində Pitsundadan qayıdan atamın bu şeir-məktubu meydana gəlib.

{nl}

Qayıdıb gəlmişəm
Şükür allaha,
Sənə evimizdən
Salam, Mahirim!
Şeirlə məktublar
Yazırsan daha
Şair oğlusan da
Balam, Mahirim!
Bəli, Raisədən
Gileyin haqdır
Qoyub gözlərini
Yolda haçaqdır.
Bu tənbəllikdirmi,
Yoxsa ki, inad?!
Vallah, xalalıqdan
Edərdim azad
Olsaydı bu sayaq
Xalam, Mahirim!
Yoxdur bu dünyada
Abbasəlidən -
Bizim bu polkovnik
Bir qoşuna tən.
O da gileylənib
Deyir ki, hərdən.
Danlaya-danlaya
Deyir ki, ay qız,
Nə çətin şeydi ki,
Əl boyda kağız -
Üçcə söz:
1 Necəsən
2 Salam,
3 Mahirim!
Xalanın ürəyi
Kövrək bənövşə
İstəmiş, istəyir
Səni həmişə.
İstəyi çevrilsin
Göydə quşlara
Baxdıqca sabahkı
Əsgər Anara...
Desin ki, gileyin -
Güzarın haqdır...
Az qala bulud tək
Dolam, Mahirim!
Dönüb o tərəfə
Əsən yellərə
Sərhəd tellərində
Sənə şirincə,
Kövrəkcə bir layla
Çalam, Mahirim!

{nl}

Yaxud da ki, avtoqraflar:
70-ci illər idi. Yaxın bir qohumumuzu həbs eləmişdilər. Qohum-əqrəba da yığışmışdı bizə ki, bəs Qabil, kömək elə. Atam da o vaxt Baş prokurorun 1-ci müavini işləyən mərhum millət vəkilimiz Zakir Zeynalova müraciət etdi. Onun "kömək elə" xahişini yerinə yetirə bilməyən (onun əlində deyildi, iş çox böyümüşdü) Zakir müəllimin, doğrudan da, narahatlıq keçirdiyini görən atam bu avtoqrafı yazdı:

{nl}

Adamın başına nə desən gələr,
Təki can sağ olsun, hər şey düzələr...

{nl}

1991-ci ildə Milli Məclisdə ümummilli liderimiz Heydər Əliyevə qarşı hücumlar olanda, atam "Ömür həbləri" kitabına Heydər Əliyevə xitabən ehtiramla bir avtoqraf yazdı. Və mən Cəlal Əliyevgilə gedərək kitabı təqdim etdim.
Mən evə qayıdanacan Heydər Əliyev atama zəng edir ki, "Bəs Qabil, mən səni gözləyirdim, uşağı göndərmisən?" Atam da "Siz böyük adamsınız, Sizin yanınıza gəlmək belə asandır məgər?" - deyə cavab vermişdi.
Günlərin bir günü təzə kitabı çıxmışdı. Mən də AzTV-də işləyirdim. Səhər tezdən çağırdı ki, bu kitabların birini Nizami Xudiyevə, birini də baş redaktorun Həsən Həsənova verərsən. Demə, avtoqrafla həm də məni müdirimə tapşırırmış:

{nl}

Canım-gözüm Həsən,
Mahirə bir şey olsa,
Bəs sən orda nəsən?

{nl}

Qabildən danışıb, onun baməzə əhvalatlarından danışmamaq günah olardı.
Volqamızın dövlət nömrə nişanını dəyişmişdik. "AZ 10 EO 545". Dayılarım baxıb qımışırdılar. Fikrət dayımın maşınının nömrəsi isə "AZ 10 KO 831" idi
- Bu nömrə, nə nömrədir e, ay Qabil?
- Nömrədir də... Mahir seçib.
- Bildiy e, nömrədir. Bəs bu "EO" nədir?
Atam bildi ki, dayılarım nəyəsə işarə edirlər. Sadəcə onun dilindən bunu eşitmək istəyirlər:
-"EO" . Yəni Eşşək Oğlu. Sonra.
Dayılarım gülüşdülər. Amma prikol bitməmişdi. Fikrət dayım "Onda belə çıxır ki, nömrəm "KO"-dur, mən də "köpək oğlu"?.."
-Yox. Sən "Kişi oğlusan".
İstər "Ədəbiyyat və incəsənət" qəzetində, istərsə də "Azərbaycan" jurnalında işləyəndə redaksiyaya təqdim olunan şeirlərə qarşı xüsusilə tələbkar idi, xüsusilə yox, qəddarcasına tələbkar idi. Fikrini də o saat deyirdi, "get sabah gəl", "yaxşı olar" demirdi, heç bir ümid yeri qoymurdu. Günlərin bir günü də gənc şairlərdən biri daxil olur atamın otağına və şeirlərini bir-bir təqdim edir. Atam birinci şeirə ötəri baxan kimi deyir: "bu heç", ikincini 2 misra oxuyub deyir: "bezdarnı". Bu minvalla bütün şeirləri "brak" eləyir. Pərt olan gənc şair deyir ki, Qabil müəllim, bildim e, pisdir. Amma siz şeirləri axıracan oxumadınız axı, bir-iki misra oxudunuz, vəssalam, axıracan oxusaydınız bu sözünüz məni yandırmazdı.
-A bala, yeməyin dadına baxanda, onun dadlı-dadsız olmasını bilmək üçün xörəyi axıracan yeyirsən?. Bir qaşıq bəs edir də...
Mən və yoldaşım Sevinc 40 yaşına çatmışdıq. Atam da yubileylərə hazırlaşırdı. Qonaqları da çağırmışdı. Sevinc hey etiraz edirdi. Qırx yaşı qeyd eləmirlər. Atam da belə deyimlərə-zada inanmadığı üçün "əla ziyafət təşkil elə, vəssalam" deyərək durmuşdu. Nəhayət, yoldaşımın 40 yaşını qeyd elədik. Qonaqlar gəldi getdi.
-Hə, gəlin, gördün nə yaxşı keçdi? Sən isə deyirdin ki, 40-ı keçirmək olmaz. Heç nə olmadı ki... Özü də ki, nə qədər qabağa düşdük.
-Necə yəni qabağa düşdük?
- 40-la cüməaxşamını birləşdirdik. Ona görə.
Ağlımıza da gəlməzdi ki, atam bu məqamı tuta bilərdi. 14 sentyabr 2006-cı il, yoldaşımın 40 yaşı tamam olan gün həm də həftənin dörcüncü gününə - cüməaxşamına düşübmüş.
Avqustun 12-si atamın ad günüdür. Hər il zarafatla deyirdi ki, Azərbaycanda Qabil günləri başlayır. Bu ənənəni davam etdirə bilməsək də (onsuz ləzzəti yoxdur), qəzet səhifələrində və televiziya ekranlarında məqalə, veriliş və xatırlatmalarla təsəlli tapırıq. Qohumları və dostları ilə qəbrini ziyarət edirik. Dayım Fikrət demişkən:

{nl}

On ikisi avqustdan
Qabil günləri başlar.
Unutmazlar bunu heç
Qohum, dostlar, yoldaşlar.
On ikisi avqustdan
Qabil günləri başlar.
İnan, yada da düşmür
Ömür, günlər və yaşlar,
Ayılmayır heç başlar.

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında