Gün o gün olsun balam, 100 yaşın olsun sənin!..

 

 

Dünya xəritəsində çoxsaylı çaylar var. Onların sırasında şimala cənuba axan hay-haraylısı, lal görkəmlisi də var. Ən başlıcası isə bu çayların hamısı eyni bir yük axıdır–su yükü. İndi qələmə almaq istədiyim yazıya dəxli olan məsələ odur ki, xəritədəki çayların okeana, dənizə gedib tökülən olduğu kimi, yarıyolda qalanı, quruyanı da olur. Həmin çaylar xəritədə qırıq-qırıq xətlərlə göstərilir.

Sənət dünyasında da belədir. Hər sənətkar bir bulaq kimi qaynayır və sənət    ümmanına qovuşmaq üçün dağlar, dərələr, səhralar keçərək öz varlığını sübut etməyə çalışır. Təbii ki, bu aləmdə də ümmana çatmamış “quruyan”ı olur. Nə yaxşı ki, tükənməyən istedadı, uzun illər boyu çağlayan, davamlı yaradıcılığı olan sənətkarlarımız daha çoxdur. Bu iki amillə bağlıdır.

Birincisi, soy kökündən gələn fitri qabiliyyət, ikinci isə zəhmət, çalışqanlıq. İndi haqqında söz açmaq istədiyimiz sənətkar həm səhnə-ekran, həm də pedoqoji fəaliyyətində bu iki üstünlüyü ilə seçilib.

Söhbət respublikanın xalq artisti, “Şöhrət” ordenli aktyor, Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor İlham Namiq Kamal oğlu Əhmədovdan gedir. Bu günlərdə sevimli aktyorun anadan olmasının 65, yaradıcılığının 50 illiyi tamam olur. Zəngin və çoxşaxəli yaradıclıq yolu keçən İlham Namiq Kamal bu illər ərzində bir-birindən gözəl, yaddaqalan saysız-hesabsız obrazlar qolereyası yaratmışdır. O, ötən yarım əsrdə geniş tamaşaçı auditoriyasının dərin rəğbətini qazanaraq xalqın sevimlisinə çevrilmişdir.

Xalq artisti Nəsibə xanım Zeynalova deyirdi:

 “İlham Əhmədovu oğlum Cahangir qədər sevirəm. Onunla radio-televiziyada və bir çox tamaşalarda tərəf-müqabili olmuşam. Bizim nəsildən sonra səhnəyə İlham kimi istedadların gəlməsinə ürəkdən sevinirəm. O, səhnəmizə–Xor dirijorunu, Əntərzadəni, Don Kixotu, daha nə bilim nələri gətirib. “Qaynana” filimində İlham oğlumun dostu İlqar rolunda mənlə tərəf-müqabili oldu. İnsafən, o bu rolu o qədər gözəl oynadı ki, hərdən çaşıb İlham əvəzinə ona İlqar deyirəm.

Bu bənzərsiz aktyora arzumu da elə “Qaynana” dili ilə çatdırıram.

Gün o gün olsun balam, 100 yaşın olsun İlham!”

Xalq artisti Həsənağa Turabov isə İlham barədə ürək sözlərini belə yadigar qoyub:

Hər bir sənət adamını ucaldan zəhmətsevərliyi, bir də şəxsiyyətidir. İstedad çoxunda var. Lakin şəxsiyyət olmayanda istedad da kölgədə qalır. İlham gözəl aktyor olmaqla bərabər, həm də yetkin  bir şəxsiyyətdir. Sənətini daim təkmilləşdirir, irəli getməyi düşünür. Bunun üçün səhnə mədəniyyətini artırır, ustadlardan öyrənir. Öz bilik və təcrübəsini isə cavanlardan əsirgəmir. Ən başlıcası isə mənəviyyatca saf adamdır.

Xalq artisti Yaşar Nuri isə öz sənət dostunu belə qiymətləndirirdi.

– “Sənət aləmində İlhamın öz dəsti-xətti var. O, istər komediya, istərsə də dram janrında eyni məhəbbətlə çalışır, tamaşaçıları razı salır. İlhamı tələbəlik illərindən tanıyıram. Tələbəykən “Tədris” teatrında oynadığı rollarla bütün professor və müəllim heyətinin rəğbətini qazanmışdı. Nəhayət, tale elə gətirdi ki, onunla Akademik Milli Dram Teatrında bir yerdə çalışmalı olduq. Bir çox tamaşalarda, filimlərdə, “Mozalan” satirik kino-jurnallarda tərəf müqabili olduq. İlham çox çalışqan, özünə qarşı tələbkar aktyordur. Qoy tamaşaçılara bəxş etdiyi gülüş ekranlardan  və tamaşa  salonllarından əskik olmasın.”

Sevimli aktyorlarımızın vaxtilə İlham Namiq Kamal haqqında dedikləri ürək sözləri bu gün də öz dəyərini itirməyib. Sənət fəaliyyətində yenə əvvəlkitək zirvədə durur.

Deyirlər bir güllə bahar olmaz. Lakin orası da var ki, bir  güllə də baharın gəlişini, təravətini duymaq olur. Bir obraz, bəzən isə kiçicik rolda da mahir aktyor olduğunu İlham çoxdan sübuta yetirib.

İlham Namiq Kamal 1949-cu il yanvar ayın 9-da Bakıda ziyalı ailəsində anadan olub. Atası ixtisasca mühəndis olsa da şer sənət aləminə, teatra biganə deyildi. Oğlunu sənətinin davamçısı kimi görmək arzusundaydı. Lakin nə biləydi ki, tale oğlunu başqa bir yolla aparacaq, sənət yollarında  ucalacaq, ümumxalq məhəbbəti qazanaraq Vətənin ən yüksək fəxri adlarına layiq görüləcək...

İlham teatr aləmində ilk addımlarını respublikanın əməkdar artisti Məmmədağa Dadaşovun rəhbərlik etdiyi Oktyabr rayon pionerlər evi nəzdindəki dram dərnəyində atır. 1962-ci ildə burada hazırlanan “Anacan” tamaşasında həvəskar aktyor Rəcəb rolunda çıxış edir. Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan bu  tamaşadakı uğurlu çıxışı çox çəkmir ki, onu dram dərnəyindən Lütfü Məmmədbəyovun rəhbərlik etdiyi Xalq Teatrına gətirib çıxarır. Gənc sənətkar ali təhsil almağı da unutmur. 1966-ci ildə Azərbaycan  Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsinə qəbul olunur. Burada SSRİ xalq artisti Adil İsgərdərovdan, xalq artisti Rza Təhmasibdən dərs alır. Tələbəykən “Tədris” Teatrında dünya, eləcə də Azərbaycan dramaturgiyasının parlaq əsərlərindən aldığı rollarla istedadlı aktyor kimi öz sözünü deyir.

Məhz bu illərdə oynadığı tamaşalarda gələcəyin şöhrətli aktyorunun bir çox məziyyətləri üzə çıxır. Tələbə olmasına baxmayaraq, televiziyanın “Yumoristik hekayələr”, Gülüş axşamı”, “Sabahınız xeyir” və digər verilişlərinə tez-tez dəvət alan aktyor 1970-ci ildə institututu müvəffəqiyyətlə bitirir. Əvvəl “Azərbaycanfilm” studiyasında çalışır. 1971-ci ildə isə xalq artisti Həsənağa Turabovun məsləhəti ilə Akademik Dram Teatrda fəaliyyətə başlayır. İlk rolu Tofiq Kazımovun quruluş verdiyi Şekspirin “Fırtına” pyesində Adrian surəti olur. Bunun ardınca Safranovun “Daşqın” əsərində Cekan, Mirzə Cəlilin “Ölülər”ində Hacı Kərim,  İ.Əfəndiyevin “Dağlardan gələn səs” də Qubuş, “Varlı qadın” da Zaman, “Bu dünyanın adamları” pyesində” Gülən adam, “Hərənin öz payı”nda kişi, “Mənim ərim dəlidir”də doktor Qaratay, “Afət” də, “Heydər ağa, “Közərən ocaqlar” da Cəmil, “Unuda bilmirəm”də   Batı və Rəhim Dadaşoviç və onlarla digər obrazlarla milli səhnəmizin özünəməxsus istedadı və yeri olan aktyoru kimi tanınır.

Adil İskəndərov, Rza Təhmasib, Tofiq Kazımov kimi ustad sənətkarların hər biri İlham Əhmədovun çoxşaxəli yaradıcılığında silinməz izlər buraxıb. Akademik Teatrında oynadığı əksər tamaşalarda onun bir aktyor kimi formalaşmasında bu insanların müstəsna xidmətləri olub.

İlham Namiq Kamal o xoşbəxt sənətkarlardandır ki, respublikanın ən populyar, sevilən aktyorları ilə tərəf-müqabili olub, yaradıcılıq əlaqələri saxlayıb. Hökümə Qurbanova, Məlik Dadaşov, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslan və onlarla digərləri ilə bir səhnədə olmaq İlham Əhmədovun püxtələşməsində böyük rolu olub. İllər ötdükcə İlham Əhmədov Akademik Dram Teatrının aparıcı aktyorlardan birinə çevrilir.

İlyas Əfəndiyevin-“Dağlardan gələn səs” pyesində rejissor Tofiq Kazımov o dövrün gənc aktyorlarına üz tutdu. Səməndər Rzayev, Şəfiqə Məmmədova, Kamal Xudaverdiyev, Yaşar Nuriyev və digərləri ilə birlikdə İlham da bu əsərdə rol alaraq, Qübuş obrazını yaradır. İlham bir sıra rolları ilə bir həqiqəti də sübut etdi ki, onun  ifa tərzi birtərəfli deyil: rolların bir qismi komik səciyyə daşıyırsa, digər qismində ciddi oyun hakimdir. Sonrakı illərdə İlhamla ən çox yaradıcılıq əlaqələri saxlayan rejissor Hüseynağa Atakişiyev olur. 1989-cu ildə istedadlı rejissor müstəqil teatr yaradır. “Gənclər Teatrı” kimi formalaşan bu truppa qol çəkmədən öz dəsr-xətti ilə seçilir. Gənclər Teatrında İlhamın ən böyük uğurlu rolu Rəhman Əlizadənin “Dadaşbala əməliyyatı” əsərlərində əsərində Dadaşbala rolu oldu. Əgər bu tamaşaya qədər İlham tamaşaçılar  arasında “Əntərzadə”, Paşa Paşayeviç kimi məşhurlaşmışdısa bu rol onu həm də Dadaşbala kimi də tanındı. Roveç Tomanın “Arvadımın qatili” dedektiv komediyasında Daniyen, Vaqif Səmədoğlunun Dağ tikirik pyesində Kələntər, İsa Məlikzadənin “Soltanqulu körpüsü” əsərində Soltanqulu obrazlarının məharətlə oynaayır. Bu rolların hər biri öz cazibadarlığı ilə yaddaşlarda qalır.

Nəhayət, “İlham miniatür teatrı. Dünya teatr təcrübəsində ayrı-ayırı tanınmış rejissorların öz teatrı olduğu təcrübəsindən çıxış edən İlham Namiq Kamal ölkəmizdə ilk dəfə öz teatrını yaradır. Əsasən şən, məzhəkə səciyyəli yumoristik səpkili tamaşalar hazırlanır. Ən əsası, İlham miniatür teatrı da müasir dövrün problemlərini səhnəyə çıxarır.

Bu günə qədər teatrın səhnəsində “Anarın “Əl əli yuyar,” Rafiq Səməndərin “İlhamın sərgüzəştləri, C. Aslanoğlunun:  Karnaval, yaxud şifanerdə eşq məhəbbət”, R Əlizadənin “Bəxtimin kələyi”, və onlarca digər əsərlər tamaşaya qoyulur. Bununla da o monoteatr prinsiplərini ustalıqla öz sənətində yaşadır. Onun bu teatrda təkbaşına yaratdığı “Don Kixot Abşeronski” deyilənlərin ən bariz nümunəsidir.

“Qaynana”, “Ad günü”, “Bəyin oğurlanması” kimi filimlərdə, Mozalan satirik kinoseriallarında rol alan İlham Namiq Kamal 50-dən çox filmə çəkilib.

“Sənətə gələrkən hansı rolu oynamağı arzulamısınız” sualına isə şöhrətli aktyor belə cavab verdi.

– Arzuladığım rolların demək olar ki, çoxunu oynamışam. İndi isə rejissorluq və  pedaqoji  fəaliyyətlə məşğulam,– dedi.

Ad günü keçmişi xatırlamaq deməkdir. Biz də sevimli aktyorumuzun keçdiyi çoxşaxəli yaradıcılıq yoluna nəzər saldıq. Və  bir daha əmin olduq ki, əsl sənətkar ömrü üçün nə yaş məhdudiyyəti, nə də rolun böyük-kiçikliyi var. Yetər ki, onun böyük ürəyi və sənət aləminə sonsuz məhəbbəti olsun.

Azərbaycan  teatrının inkişafında göstərdiyi fədakar əməyinə görə İlham Namiq Kamal oğlu Əhmədov 1982-ci ildə Azərbaycan Respublikasının  əməkdar artisti, 2002-ci ildə xalq artisti, 2013-cü ildə isə “Şöhrət ordeni”nə layiq görülmüşdür. Qızıl Dərviş və Prezident təqaüdünü alan sevimli aktyorumz bu gün də yaradıcılığından qalmır.  Ona bu yolda can sağlığı və sənət uğurları arzulayırıq.

Sevimli sənətkarımız sonda xalqımızı Yeni ilin gəlişi münasibətilə təbrik etdi, 2014-cü ildə ölkəmizə tərəqqi, əmin-amanlıq dilədi.

 

Rafiq SALMANOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında