Azərbaycan mədəniyyəti son illər dünyaya inteqrasiya yolunda uğurlu nailiyyətlər qazanmışdır. Bu gün dünyanın əksər ölkələrində Azərbaycanın milli-mədəni dəyərləri davamlı olaraq təbliğ edilir, ölkəmiz beynəlxalq miqyasda keçirilən tədbirlərdə mütəmadi olaraq iştirak edir. Demək olar ki, son vaxtlar mədəniyyətimiz dünyanı fəth edir. Milli- mədəni dəyərlərimizin qorunmasında və təbliğində UNESCO -nun məxsusi xidmətləri vardır. Azərbaycan bu beynəlxalq təşkilata üzv olduqdan sonra mədəniyyətimizin beynəlxalq miqyasda tanınmasının yeni dövrü başlandı.
Məlumat üçün bildirək ki, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirmişdir. Öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, həmçinin elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verən UNESCO ilə əməkdaşlıq etmək qərarına gələn Azərbaycan Respublikası 1992-ci iyulun 3-də həmin təşkilata daxil olmuşdur. Artıq 20 ildən artıqdır ki, ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilatla yaxından əməkdaşlıq edir.
UNESCO - Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addım isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən atılıb. Ulu öndər 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən UNESCO-nun o zamankı baş direktoru Federiko Mayorla görüşüb. Tərəflər əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə ediblər. 2005-ci il sentyabrın 15-də isə dövlət başçısı İlham Əliyev UNESCO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilib. Qeyd edək ki, Milli Komissiya Azərbaycanın UNESCO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir. Ölkəmizlə UNESCO-nun sıx əməkdaşlığı nəticəsində Azərbaycana məxsus bir sıra maddi-mədəni milli sərvətlər beynəlxalq miqyasda layiqli qiymət alıb. Belə ki, Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil edən muğam sənəti 2003-cü ildə UNESCO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunub. UNESCO Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malik olan muğamı “bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri” elan edib. Onu da qeyd edək ki, məhz ölkəmizin birinci xanımı Mehriban Əliyevanın diqqəti və dəstəyi nəticəsində Azərbaycanın muğam sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Milli muğam sənətinin qorunub saxlanılması, inkişaf etdirilməsi və beynəlxalq miqyasda tanınması məqsədilə Prezident İlham Əliyevin 2005-ci il 6 aprel tarixli sərəncamına əsasən, Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilib. Bu, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama ucaldılan möhtəşəm abidədir. Bu istiqamətdə Azərbaycanın daha bir uğuru Novruz bayramının da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə yazılan parlaq səhifələrdən biri isə Azərbaycan aşıq və tar ifaçılığı sənətinin də UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsidir. Bu hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir.
Bu yaxınlarda Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII sessiyası keçirildi. 116 ölkədən 780 nümayəndənin iştirak etdiyi bu sessiya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyi ilə eyni vaxta təsadüf etdiyindən xüsusi əhəmiyyət kəsb edirdi. Bu illər ərzində, qeyd etdiyimiz kimi, Azərbaycan da Konvensiya çərçivəsində çox dəyərli, xalqımızın mənəvi dəyərlərini əks etdirən nümunələrin dünya qeyri-maddi mənəvi irs siyahısına daxil edilməsinə nail olub. Tədbirdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin VIII sessiyasında təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin siyahısına təklif edilən nominasiyalar nəzərdən keçirilib. Nominasiyaların təqdim edilməsi ilə bağlı müzakirələrə ilk olaraq Azərbaycan nümayəndə heyəti qatılıb. Beləliklə, Azərbaycanın təşəbbüsü ilə qədim Şərq oyunu - çövkən UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib və komitə adından Azərbaycana təbriklər ünvanlanıb. Nominasiyanın qəbulundan sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti və cəmiyyəti adından komitəyə təşəkkürlərini bildirib. Əbülfəs Qarayev qeyd edib ki, çövkən oyununun UNESCO siyahısına daxil edilməsi bütöv bir komanda işinin nəticəsində mümkün olmuşdur. Azərbaycanın müxtəlif yerlərindən insanlar bu işə cəlb edilmişlər. Komitənin katibliyinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edən nazir ölkəmizin beynəlxalq əməkdaşlığa açıq olduğunu vurğulayıb. Azərbaycan UNESCO-nun, demək olar ki, əksər tədbirlərində yaxından iştirak edir. Bu təşkilatın nümayəndələri dəfələrlə Azərbaycanda olmuş, ölkəmizin inkişafının canlı şahidinə çevrilmişlər.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.