Aşıq Ələsgər muzeyi sənət xəzinəsidir

 

 

Göyçə deyəndə istər-istəməz saz-söz sənəti, saz deyəndə isə ustad Ələsgər yada düşür. İllər keçdikcə Dədə Ələsgərin söz xəzinəsi, müdrikliyi daha dərindən araşdırılır, onun söz xəzinəmizə, aşıq  sənətinə bəxş etdiyi töhfələr qorunub gənc nəslə ötürülür. Bu mənada aşıq yaradıcılığının vurğunu olan Hüseyn Həsənovun yaratmış olduğu Aşıq Ələsgər Muzeyi bu ocağa  gələn ziyarətçiləri Ələsgər başda olmaqla saz ustadlarının şeir dünyasına, aşıq  poeziyasının hikmətinə qovuşdurur. Qəzetimiz bu muzey barədə bir neçə dəfə oxucularımıza söhbət açıb. Bu dəfəki yazıda isə muzeyin fəaliyyətindəki yeniliklərdən söz açacağıq.

2002-ci ildən fəaliyyət göstərən muzey onun yaradıcısı Hüseyn Həsənovun gərgin əməyi sayəsində mütəmadi olaraq zənginləşməkdədir. Aşıq Ələsgər başda olmaqla, divar boyu Aşıq Alı, Aşıq Şəmşir, Aşıq Əmrah, Aşıq Hüseyn Saraclı, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd Rzayev, Aşıq Mikayıl Azaflı və neçə-neçə  görkəmli aşıqlarımızın şəkilləri yer alır. Burada 1700-dən çox aşığın şəkli,  800-dək aşıq və muğam ustalarının səs valları, 150-dən çox kasetləri, lent yazıları, 3 qrammafon, 4 patefon, 4 valoxudan radioqəbuledici, 3 saz və aşıq geyimləri də qorunub saxlanılır.   Aşıq yaradıcılığı, eləcə də muzeyin fəaliyyətini əks etdirən  kitab və mətbu nəşrlər də gələnlərin marağına səbəb olur.

“Bir vaxtlar  muzey 3 otaqdan ibarət idi. Vaxt keçdikcə eksponatların sayı artmağa başladı. İndiyə kimi sənətsevərlər də  eksponatların toplanmasında səylərini əsirgəməyiblər. Aşıqlarımızın səs yazıları olan valları muzeyə təqdim edənlər də olub. Eksponatların sayı artıdığından indi 5 otaqdan ibarətdir”-deyir Hüseyn Həsənov.

Hüseyn Həsənov Aşıq Ələsgər  yurdunda doğulub, boya—başa çatıb. 1927-ci ildə Göyçənin Ardanış kəndində anadan olan həmsöhbətim Göyçə saz-söz mühitindən həm də ustadlara sayğını, söz xiridarlarına hörməti əxz edib. Odur ki, Aşıq Ələsgər yaradıcılığından, xalqımızın milli sərvəti olan aşıq sənətinin ədəbiyyatımıza verdiyi töhfələrdən  hər zaman ürəklə danışır və muzeyin bu amala xidmət etdiyini vurğulayır.

Muzeydə Aşıq Ələsgərin tablosunun dahi şairimiz Nizami Gəncəvi ilə yan-yana asılmasının, bəlkə də rəmzi bir mənası var. Poeziyamızın korifeyi Nizami Gəncəvidirsə, aşıq məktəbinin ustadı da Dədə Ələsgərdir. Ələsgər hikmətindən daim aşıqlarımız və yazıçılarımız bəhrələnmiş, alimlər  Dədə Ələsgər fəlsəfəsini açmağa cəhd etmişlər. Görkəmli xalq şairi Səməd Vurğun ustad aşığın yaradıcılığına yüksək qiymət vermişdir: “Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram altında Dədə Ələsgərdən bir nişanə görürəm”. Hüseyn Arifin ustadı yüksək qiymətləndirməsi, Aşıq Mikayıl Azaflının və neçə-neçə  söz adamlarının Ələsgərə şeir qoşması söz ustadına olan ehtiram və sevginin, xalq məhəbbətinin bariz ifadəsidir.

Həqiqətən də, aşıq şeirinə yeni mövzu, çalar gətirən aşıq  kamil dünyagörüşü və sənət biliciliyi ilə böyük bir məktəbin əsasını qoymuşdur. Dövrünün savadlı şəxslərindən biri olan Aşıq Ələsgər dünyəvi elmlərlə yanaşı, İslamı da dərindən bilmişdir.

Hüseyn Həsənov Aşıq Ələsgər yaradıcılığından, digər aşıqlarımızın ona ithaf etdiyi şeirlərdən, Ələsgər havalarını oxuyan sənətkarlarımızdan həvəslə danışır: Aşıq Hüseyn Bozalqanlı, Mikayıl Azaflı, şirvanlı aşıq Məmmədağa Babayev... Hüseyn Həsənov deyir ki, muzeyin eksponatlarını  toplayarkən aşıq sənəti həvəskarları, ziyalılarla yanaşı, sıravi vətəndaşlar da öz köməyini əsirgəmir. Məsələn, Gədəbəy rayon sakini Hüseyn Əsədovun muzeyə aşıqlarımızın səs yazısı olan 200 val və bir patefon hədiyyə etməsi əvəzsiz bir kömək sayıla bilər.

Tanınmış ziyalılar, yaradıcı insanlar, Dədə Ələsgərin və ümumən,  aşıq yaradıcılığının vurğunları muzeyin daimi qonaqlarıdır. Onların hər gəlişi muzeydə xoş ovqat, müsbət bir atmosfer yaradır. Saz-söz dünyasının sehrinə düşənlər “Xatirə dəftər”inə təəssüratlarını yazmağı da unutmur, bunu özlərinin mənəvi borcu hesab edirlər. Akademiklər Teymur Bünyadov və  Budaq Budaqov, Azərbaycan Aşıqlar Birliyinin rəhbəri Zəlimxan Yaqub, professor Məhərrəm Qasımlı, folklorşünaslar Elxan Məmmədli və  Qara Namazov, millət vəkilləri  Qənirə Paşayeva və Adil Əliyev... muzeylə tanış olaraq onun fəaliyyətinə uğurlar arzulamış, xeyir-dua vermişlər. Bu yaxınlarda Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri V.Kuuarın muzeyə gəlməsi isə Hüseyn Həsənovun yaxşı mənada təəccüb və sevincinə səbəb olmuşdur: “Cənab səfir muzeyin eksponatlarıyla tanış oldu. Hind kino ulduzlarının fotolarından ibarət guşəni isə maraqla qarşıladı.”

   Muzeyə bağışlanılan hər bir hədiyyə, “Xatirə dəftəri”nə yazılmış hər bir xoş təəssürat Hüseyn Həsənov üçün əzizdir. Sosialist əməyi qəhrəmanları Ömər Ağayev, Asya Məmmədovanın bağışladıqları duanı əks etdirən suvenir və kitab, şair Savalan Aslanovun yazdığı şeirin hədiyyələr arasında qiyməti böyükdür.   

Xalqımızın milli və mənəvi dəyərlərinə, şəxsiyyətlərinə daim hörmətlə yanaşan, sovet ideologiyasının qadağalarına baxmayaraq bu irsi unudulmağa qoymayan ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində 1972-ci ildə Moskvada İttifaqlar Evinin geniş salonunda Aşıq Ələsgərin 150 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdi.

 Bu, sözsüz ki, ulu öndərin ədəbiyyatımıza və saz-söz sənətinə verdiyi qiymət idi. Azərbaycan müstəqillik qazandıqdan sonra milli dəyərlərimizin, maddi və  mənəvi irsimizin qorunması, beynəlxalq aləmdə tanıdılması ilə bağlı daha çox işlər görülmüşdür.

   1993-cü ildə Aşıq Ələsgərin 175 illlik yubileyini ölkə ictimaiyyəti təntənə ilə qeyd etdi. 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə ustadın 190 illik yubileyinin Heydər Əliyev Sarayında geniş şəkildə qeyd edilməsi saz-söz sənətini sevənlər üçün əsl bayrama çevrildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ustadın 190 illik yubileyi tədbirindəki çıxışında Aşıq Ələsgər adına muzeydən də bəhs etməsi dövlətimizin mədəni irslə bağlı görülən işləri daim diqqətdə saxladığını göstərir.     

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aşıq sənətinin YUNESKO-nın Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Mehriban xanım Əliyevanın milli mədəni irsimizin qorunması işinə verdiyi ən yüksək töhfələrdən biridir. Aşıq sənətinin artıq dünyada tanındığını deyən Hüseyn Həsənov bu baxımdan görülən işləri yüksək qiymətləndirir. Onun sözlərinə görə, 2010-cu ildə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə muzeylə bağlı sənədli film çəkilməsi və YUNESKO-ya göndərilməsi Dədə Ələsgər yaradıcılığına verilən daha bir diqqətin nümunəsidir.

Muzey həm də maraqlı tədbirlərin, görüşlərin məkanıdır desək, yanılmarıq. Könlünə Ələsgər misrası düşənlər, ürəyi “Ruhani”, “Sarı tel” havasına oynayan və düşüncələrə dalan insanlar tez-tez bura gəlib, ruhən sakitləşir, Hüseyn müəllimlə aşıq sənəti ilə keçmişlə bağlı maraqla söhbətləşirlər. Biz də Aşıq Ələsgər muzeyinin yaradıcısı ilə söhbətləşdik, muzeyin fəaliyyəti ilə tanış olduq, ustad aşığımızı bir daha yada saldıq.       

Hüseyn müəllim söhbətimizdə Azərbaycan mədəniyyətinin tanıdılmasında, qorunmasında, aşıq yaradıcılığının təbliğində dövlətimizin gördüyü işlərdən də danışdı: “Muzeyin fəaliyyətində hər zaman dövlətimizin diqqətini və mənəvi dəstəyini hiss etmişəm. Aşıq Ələsgər Muzeyinin yaradıcısı kimi, mən də aşıqlarımızın gələcək nəslə tanıdılmasında əlimdən nə gəlirsə, edirəm. Arzulayıram ki, gələcəkdə muzeyimiz fəaliyyətini daha geniş bir məkanda davam etdirsin.”

...Muzeydən xoş təəssüratla, nikbin arzularla ayrıldıq. Sazlı-sözlü dünyanın sehrindən qopmaq çətin olur.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında