Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində orta əsrlər ədəbiyyatımızın görkəmli nümayəndəsi M.Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş “Məhsəti Gəncəvi dünya şərqşünaslığında” mövzusunda elmi sessiya keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü, Məhsəti yaradıcılığının tədqiqatçısı Rafael Hüseynov Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini söyləmişdir.
R.Hüseynov vurğulamışdır ki, müsəlman intibahının parlaq nümayəndəsi, ilk Azərbaycan şairəsi və qadın şahmatçısı, 2013-cü ildə yaradıcılığının 900 illik yubileyi UNESCO tərəfindən qeyd edilən Məhsəti Gəncəvi irsi bu gün dünyada geniş şəkildə öyrənilir. Onun yaradıcılığının 900 illik yubileyinin dünyanın mədəniyyət paytaxtlarından olan Parisdə, eləcə də Fransanın bir sıra şəhərlərində qeyd edilməsi Azərbaycan qadınının XII əsrdə mövcud olan yüksək milli mənəvi dəyərlərə, əxlaqa, düşüncə və elmə malik olduğunu sübut edir. Məhsəti Gəncəvi irsi 2014-cü ildə dünyanın bir sıra ölkələrində möhtəşəm tədbirlərlə yenə də diqqət mərkəzində olacaqdır.
Məhsəti təxminən 90 il ömür yaşamışdır. Lakin yaratdığı gözəllik dünyasının, insanlara yadigar qoyduğu məhəbbət dolu şeirlərinin sayəsində o, bu gün də sağdır. XII əsrdən indiyədək həm Şərqdə, həm Qərbdə onlarla, yüzlərlə şöhrətli, qüdrətli qadınlar olmuşdur. Amma Məhsəti məhz yaratdığı irsin, tərənnüm etdiyi duyğuların və parlaq şəxsiyyətinin sayəsində bu günədək ən böyük xanım olaraq qalır. Məhsəti yalnız şair deyil, həm də zəmanəsinin görkəmli ictimai xadimi kimi tarixə düşmüşdür. O, orta əsrlərdə Şərqdə böyük gücə malik olan əxi təşkilatının öndə gedən təmsilçilərindən idi. Məhsəti və əxilər bərabərliyi, dostluğu, qardaşlığı, həmrəyliyi - sonralar Avropa və dünya demokratiyasının təməl prinsiplərinə çevriləcək dəyərləri təbliğ edirdilər. Məhsəti iradə azadlığından, yüksək humanist ideallardan, məhəbbətdən yazırdı. O, ətrafına gənc şairə və musiqiçi qızları toplayaraq bəşəriyyətin bütöv mədəniyyət tarixində silinməz iz qoymuş bir ədəbi məclis, indiki anlayışla desək, sənət klubu yaratmışdı.
Rafael Hüseynov demişdir ki, bu sessiya muzeydə Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyi ilə bağlı təşkil edilmiş ikinci elmi tədbirdir. Bundan əlavə, muzeydə şairin həyat və yaradıcılığına həsr olunmuş 10 lövhədən ibarət sərgi düzəldilmiş, onunla bağlı ayrıca zalın ekspozisiyası yeniləşdirilmişdir.
Diqqətə çatdırılmışdır ki, muzey direktorunun Məhsəti Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı yazdığı 25 kitab da nəşr edilərək oxuculara təqdim olunmuşdur. Bu istiqamətdə işlər davam etdirilməkdədir.
Muzeydə təşkil edilən elmi sessiyanın böyük əhəmiyyət daşıdığını söyləyən AMEA-nın müxbir üzvü vurğulamışdır ki, burada təqdim olunacaq məruzələrdə Məhsəti Gəncəvi irsinin dünya şərqşünaslığındakı mövqeyi, tədqiqi, öyrənilməsi məsələləri bir daha diqqətə çatdırılacaqdır.
Bildirilmişdir ki, 20 dildə nəşr olunmuş Məhsəti Gəncəvi haqqında hazırlanmış portret oçerk dünya xalqlarının Azərbaycanın görkəmli söz ustadını yaxından tanıması üçün ən yaxşı vəsait olacaqdır.
Elmi sessiyada filologiya elmləri doktoru Möhsün Nağısoylunun “Məhsəti Gəncəvi ”Rübailər"inin son Tehran nəşri ilə bağlı mülahizələr", Rafael Hüseynovun “Məhsəti Gəncəvinin alman və fransız şərqşünaslığında araşdırılması”, elmi işçi Aytən Nəsibovanın “Məhsəti Gəncəvi poeziyası amerikan şərqşünaslığında” və digər mövzularda məruzələr dinlənilmişdir.
Bu məruzələrin kitab halında çap edilməsi nəzərdə tutulmuşdur.
Qeyd edilmişdir ki, muzeyin əməkdaşı Rizvan Sədirxanov Məhsəti Gəncəvinin Rafael Hüseynov tərəfindən farscadan tərcümə olunan rübailəri əsasında silsilə mahnılar bəstələmişdir. 2014-cü ildə muzeydə həmin nəğmələrdən ibarət ayrıca musiqili Məhsəti axşamının keçiriləcəyi də planlaşdırılır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.