“Ölüm yuxusu” İngiltərədə nəşr olunub

Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatının dünyanın müxtəlif ölkələrdə nəşri və təbliği məsələsi günün aktual vəzifələrindən biridir. Son illərdə bu istiqamətdə müəyyən addımlar atılsa da, görülən işlərin yetərincə olmaması, sistemli səciyyə daşımaması, xüsusilə pərakəndəliyi diqqətdən yayınmamalıdır.  Şübhəsiz ki, bu işdə Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzərinə ciddi vəzifələr düşməkdədir.

Ədəbi-mədəni irsimizin dünyada təbliğində tanınmış yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının xidmətləri diqqəti çəkir. Bu günlərdə onun “Ölüm yuxusu” (“The Dream of Death”) adlı kitabı Böyük Britaniyada (London, 2013) nəşr olunmuşdur. Yazıçının eyniadlı povestinin, müxtəlif illərdə qələmə aldığı hekayələrinin daxil edildiyi kitab Maykl Brannokun redaktəsi ilə nəşr edilmişdir.

Xatırladaq ki,  bu, Vaqif Sultanlının  ingilis oxucularına təqdim olunan ilk kitabı deyildir. Belə ki, ötən il yazıçının “İnsan dənizi” romanı İngiltərə və Amerikada çap olunmuş, habelə onun tərtibatında (Dr. İrəc İsmaeli ilə birlikdə) “Müasir Azərbaycan nəsri” antologiyası (Trafford Publishing, İndiana, Bloomington, 2012) ingilisdilli oxuculara təqdim edilmişdir.

Yazıçının bədii yaradıcılığında xüsusi yer tutan, real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınmış “Ölüm yuxusu” povestində təsvir obyekti kimi seçilən yolun çəkilişi fonunda məzarlığın köçürülməsi problemi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Təsvir olunan hadisələrin xaos kontekstində təqdimi obrazların xarakter cizgilərini, mənəvi dünyasının gizli çalarlarını bütün çalarları ilə  aşkarlamağa imkan verir. Gərgin, dramatik konflikt fonunda davam edən, qəbiristanlığı uçuran buldozerçinin intihar etməsi ilə tamamlanan povestdə mənəvi-əxlaqi dəyərlərdən imtina olunması ölümlə eyniləşdirilir.

“Ölüm yuxusu” kitabına daxil edilmiş “Vətən”, “Səhər dumanı”, “Mağara”, “Qütb gecəsi”, “Kor düyün” və “İlğım” hekayələri özünəməxsus, orijinal, bənzərsiz yazı tərzi ilə seçilməkdədir. Yazıçı qələmə aldığı hekayələrdə mənsub olduğu ictimai mühitin əsirinə çevrilən insanların həyəcan, sarsıntı və qayğılarını əks etdirməyə çalışmışdır.

Bütövlükdə, kitaba daxil edilən povest və hekayələri birləşdirən ümumi cəhət onların daxili-mənəvi ovqata köklənməsi, cəmiyyətdə özünü göstərən özgələşmə, yaddaşsızlaşma, biganələşmə probleminə etiraz motivləri ilə seçilməsidir.

Qeyd edək ki, Vaqif Sultanlının redaktorluğu və tərtibatı ilə hazırlanmış “Müasir Azərbaycan qadın nəsri” (“Modern Azerbaijani Women Prose”) antologiyası  yaxın günlərdə ABŞ-ın Trafford nəşriyyatında çap olunacaqdır.

 

Qüdrət PİRİYEV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında