Diqqət, nadir tapıntı!

Muradxan dəfinəsi
Bu yaxınlarda Kürdəmir Rayon Suvarma Sistemləri İdarəsinin mexanizatoru Əlimövsüm İsmayılov Muradxan kəndi ərazisində ekskavatorla kanal yeri qazarkən saxsı küpdə basdırılmış pul dəfinəsi aşkara çıxmışdır. Bu barədə o, idarə rəisi Talıb Məmmədova, o da öz növbəsində Kürdəmir Rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Vaqif Alıyevə məlumat verib. Sonuncunun telefon zəngi əsasında biz Kürdəmirə yollandıq.
Muradxan kəndində olduq, dəfinənin tapıldığı ərazi ilə tanış olduq. Yerli sakinlər bildirdilər ki, hazırda kanal qazılan sahədə və ona yaxın ərazilərdə əvvəllər də torpaq işləri aparılarkən müxtəlif növ maddi mədəniyyət qalıqları, o cümlədən iri saxsı küp parçaları üzə çıxıb. Yerli sakinlərin məlumatına görə, Muradxan kəndi yaxınlığında"Kültəpə" adı ilə bəlli olan yerdə də bu qəbildən olan tapıntılara tez-tez təsadüf olunur. Xatırladaq ki, ötən əsrin 70-ci illərində rayonun Ərəbqubalı kəndi yaxınlığındakı "Şəhərgah" adlı orta əsr şəhər yerində meliorativ məqsədlərlə torpaq işləri görülərkən, pambıq əkiləcək sahələr hamarlanaraq şumlanarkən də bir neçə yerdə əsasən qızıl pullardan ibarət dəfinələr üzə çıxıb. Əfsuslar olsun ki, nəzarətsizlik ucbatından həmin dəfinələr yerli sakinlər və qonşu rayonlardan olan "qızılaxtaranlar" tərəfindən tam şəkildə talan edilərək dağıdılmışdır. Nə qədər təccüblü olsa da, o zaman Kürdəmirdə uşaqdan böyüyədək hamının bildiyi bu olay barədə aidiyatı orqanlara məlumat verilməyib. Halbuki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, müvafiq qurumlar tikinti və təsərrüfat işləri görülərkən, habelə təbii hadisələr nəticəsində üzə çıxan maddi mədəniyyət nümunələrini qorumağa və dərhal bu barədə aidiyatı orqanlara, birinci növbədə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verməyə borcludurlar.
Muradxan kəndi Kürdəmir şəhərindən cənubda, Kür çayından təqribən 18-20 km şimalda, Qarasu hövzəsinə bitişik ərazidə yerləşir. Ayrı-ayrı yerlərdə təsadüfən əldə olunmuş yerüstü materiallar Kürün sol sahilində və Girdiman çayı hövzəsində, Muradxan və Şəhərgaha yaxın ərazilərdə daha bir neçə orta əsr yaşayış yerinin olduğunu deməyə əsas verir.
Muradxan dəfinəsi uzun müdət çöl şəraitində qaldığından, nəm çəkdiyindən, nəticə etibarı ilə güclü surətdə oksidləşməyə məruz qaldığından onun içərisindəki sikkələrin hamısı vahid metal külçəsi kimi bir-birinə yapışmış vəziyyətdə tapılmışdır. Sikkələrin səthi bütünlüklə oksidləşərək göyərdiyindən ilk baxışda onların mis pullar olduğu təsirini bağışlayırdı. Elə bu səbdən də dəfinə Kürdəmir tarix-diyarşünaslıq muzeyinə mis pullardan ibarət dəfinə kimi təhvil verilib.
Təhvil-təslim aktına əsasən dəfinənin ilkin çəkisi 5 kiloqram 470 qramdır. Diqqəti cəlb edən məqamlardan biri də odur ki, indiyədək Azərbaycan ərazisində tapılmış əksər pul dəfinələrindən fərqli olaraq Muradxan dəfinəsi heç bir dağıntı və itkiyə məruz qalmadan tam şəkildə əldə olunmuşdur.
Dəfinə tədqiq olunmaq məqsədilə 2 iyul 2010-cu il tarixdə Ağsu arxeoloji ekspedisiyasına təhvil verilmişdir. Ekspedisiya üzvləri dəfinə üzərində işə başlayarkən ilkin olaraq külçələşmiş vəziyyətdə olan sikkələr kimyəvi qatqıların köməyi ilə bir-birindən ayrılaraq sayılmışdır. Beləliklə, dəfinədə ümumilikdə 1134 ədəd sikkə qeydə alınmışdır. Onlardan təqribən 16 ədədi sınaraq xırda-xırda hissələrə parçalanmış vəziyyətdədir. Sikkələr təmizlənərkən onların əvvəlcə güman edildiyi kimi, misdən deyil, gümüşdən olduğu müəyyən edilmişdir. Lakin əyyarı aşağı olduğundan onlar güclü surətdə oksidləşməyə məruz qalıb. Dəfinədəki sikkələrin orta çəkisi 3,5-4,5 qramdır.
Əksəriyyətinin sürtünməyə məruz qalaraq yeyildiyi, bu səbəbdən də üzərindəki yazıların pis oxunduğu onların uzun müddət dövriyyədə olduğundan xəbər verir.
Dəfinədəki sikkələr təyin olunarkən onların 1405-1441-ci illərdə Şamaxı, Dərbənd, Bakı, Qəbələ və Ərdəbil şəhərlərində zərb olunduğu müəyyənləşdirilmişdir. Maraqlıdır ki, dəfinədəki sikkələrin hamısı anonim zərb olunub.
Muradxan dəfinəsinə daxil olan pulların ən qədimi Əmir Teymurun ölümündən sonra, təqribən 1405-1410-cu illər arasında Şirvanşah I İbrahim tərəfindən zərb olunduğu güman edilən anonim sikkədir. Həmin sikkə Şamaxıda zərb olunub. Ümumiyyətlə, dəfinəyə daxil olan pullardan 1 ədədi Ərdəbildə, 2 ədədi Qəbələdə, 20 ədədi Bakıda, qalan pullar isə Şamaxıda və Dərbənddə zərb olunub. Dəfinədəki ən təzə pul 1441-ci ildə Şirvanşah I Xəlilullah tərəfindən zərb olunub.
Elmi ictimaiyyətə bəlli olduğu kimi, dəfinələrin yaşı, adətən onun içərisindəki ən "cavan" pulun dövrü ilə müəyyənləşdirilir. Bu məntiqlə Muradxan dəfinəsinin XV əsrin ortalarında, daha konkret desək, təqribən 1441-1445-ci illər arasında basdırıldığını ehtimal etmək olar.
Muradxan dəfinəsundəki pulların böyük əksəriyyəti hicri qəməri tarixlə 841-ci ildə (1420 ) zərb olunub. Tarixi araşdırmalar göstərir ki, sikkə zərbi, demək olar ki, bütün dövrlərdə və həm də bütün ölkələrdə daha çox bu və ya digər əlamətdar hadisələrlə bağlı olub. Fikrimizcə, 841-ci il Şirvanşahlar üçün həqiqətən əlamətdar il olub. Həmin il Şirvanşah I Xəlilullahın oğlu, şahzadə Fərrux Yasər dünyaya gəlib. Çox güman ki, Muradxan dəfinəsində aşkar edilən hicri qəməri tarixlə 841-ci ilə aid pullar da məhz onun şərəfinə zərb olunub.
Muradxan dəfinəsinə daxil olan pulların hamısının üz hissəsində onların zərb yeri, Şirvanşahın epitetləri (əl-Sultan, əl-Əzəm, əl-Adil, Xalid-Mülke), bir qismində isə həm də zərb tarixləri göstərilib. Pulların arxa tərəfində isə,bir qayda olaraq müsəlman simvolikası üçün səciyyəvi olan "La ilahə illəllah, Məhəmmədən rəsulullah" kəlamı, onun ətrafında isə ilk xəlifələrdən Əbubəkr, Ömər, Osman və Əlinin adları göstərilib. Sikkələr üzərindəki bütün qeydlər ərəb əlifbası ilə yazılıb.
Son olaraq onu da bildirək ki, ekspedisiyanın elmi heyəti artıq Muradxan dəfinəsi üzərində ilkin tədqiqat işlərini yekunlaşdıraraq onu tam şəkildə nəşrə hazırlamışdır. Əfsuslar olsun ki, tariximizin bir sıra müəmmalı məsələlərinin araşdırılması baxımından son dərəcə mühüm elmi əhəmiyyəti olan bu nadir dəfinəyə aid albom-kataloqun nəşri ilə bağlı maliyə qayğılarını hələlik öz üzərinə götürən tapılmır. İnanmaq istərdik ki, ilk növbədə məhz Kürdəmirdən olan imkanlı insanlar və iş adamları doğma yurdun tarixi ilə bağlı belə bir vacib əsərin işıq üzü görməsi üçün yardımçı olmağa tələsəcəklər.
Təbiidir ki, Muradxan dəfinəsinin albom-kataloq halında tam şəkildə nəşri bütövlükdə dövlətçilik tariximizin, xüsusilə də orta əsrlər dönəmində ölkədə ticarət-pul münasibətlərinin daha dərindən və daha əhatəli şəkildə öyrənilməsi baxımından da aktualdır.

{nl}

Qafar CƏBİYEV, tarix elmləri doktoru Fariz Xəlilli, tarix elmləri namizədi Akif Quliyev, tarix elmləri namizədi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
May, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında