Heydər Əliyev Mərkəzində əməkdar rəssam Sakit Məmmədovun fərdi sərgisi açılmışdır

 

Dekabrın 2-də Heydər Əliyev Mərkəzində əməkdar rəssam Sakit Məmmədovun “Rənglər aləmində” adlı fərdi sərgisi açılmışdır.

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdikləri sərgi Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən olan Sakit Məmmədovun 55 illik yubileyinə həsr edilmişdir. Ekspozisiyada rəssamın 55 rəngkarlıq əsəri nümayiş olunur.

Sərginin açılış mərasimində Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək rəssamın zəngin yaradıcılığından, Azərbaycan incəsənətinə verdiyi töhfələrdən danışmışdır.

Bildirilmişdir ki, rəssam Sakit Məmmədov yüksək istedadı sayəsində yaratdığı əsərləri ilə Azərbaycanı bir çox ölkələrdə tanıtmışdır. İndiyədək onun bir sıra gözəl sərgiləri keçirilmişdir.

A.Rəhimzadə rəssam Sakit Məmmədova yeni yaradıcılıq uğurları arzulamışdır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor, memarlıq doktoru, əməkdar memar Gülçöhrə Məmmədova, Türkiyənin Yeddi Təpə Universitetinin müəllimi, rəssam Rəfiq Əziz, xalq rəssamı Səlhab Məmmədov və başqaları Sakit Məmmədovun yaradıcılıq xüsusiyyətlərindən söz açmışlar.

Diqqətə çatdırmışdır ki, Sakit Məmmədovun hər sərgisi sənətsevərlər üçün böyük bayramdır. Fırça ustasının əsərlərindəki gözəlliyə sitayiş, romantika, insanlara məhəbbət heç kimi laqeyd qoya bilməz. Rəssamın çoxsaylı təltifləri olsa da, onun üçün ən böyük mükafat sənətsevərlərin, sadə insanların onun işlərinə olan məhəbbətidir.

Açılış mərasimində əməkdar rəssam Sakit Məmmədova UNESCO-nun və Türkiyənin Yeddi Təpə Universitetinin mükafatları təqdim edilmişdir.

Sonra Sakit Məmmədov belə bir gözəl məkanda fərdi sərgisinin keçirilməsinin onun üçün böyük şərəf olduğunu demiş, Heydər Əliyev Mərkəzinin rəhbərliyinə və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirmişdir.

Sakit Məmmədov 1978-ci ildə  Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1987-ci ildə İ.E.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasını bitirmişdir. Rəssamın əsərləri indiyədək 37 sərgidə nümayiş olunmuş, 6 fərdi sərgisi (İstanbul, Stokholm, Bakı, Moskva, Brüssel) keçirilmişdir.

Əməkdar rəssam Sakit Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuşdur. O, UNESCO Rəssamlar Assosiasiyasının, Rusiya İmperator Rəssamlıq Akademiyasının üzvüdür.

Dekabrın 13-dək davam edəcək sərgidə rəssamın “Balaca klounlar”, “May”, “Bağban”, “Çiçəklənən Azərbaycan”, “Mən yorulmuşam”, “Səhnəyə hazırlıq”, “Nişana gedənlər”, “Aktrisa”, “Rəfiqələr” və  digər əsərləri nümayiş olunur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında