Heydər Əliyev Sarayında “Azərbaycan rəqs dünyası” adlı konsert təşkil olunmuşdur

 

Dekabrın 2-dən 8-dək Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyi tədbirləri keçirilir.

Dekabrın 1-də Heydər Əliyev Sarayında tədbir iştirakçılarının və qonaqların şərəfinə “Azərbaycan rəqs dünyası” adlı konsert təşkil olunmuşdur.

Konsertdən əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının katibi xanım Sesil Düvel çıxış etmişlər.

Nazir Ə.Qarayev bildirmişdir ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının 10 illik yubileyi ilə eyni vaxta düşməsi onun əhəmiyyətini daha da artırır və Azərbaycanın  belə mötəbər sessiyaya ev sahibliyi etməsi böyük şərəfdir. Ölkəmiz ilə UNESCO arasında əlaqələr iyirmi ildir ki, yüksək səviyyədə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu təşkilatla əməkdaşlığa xüsusi diqqət göstərmələri əlaqələrin inkişafında böyük rol oynayır. 

Qeyd olunmuşdur ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyası müasir beynəlxalq hüququn ən işlək mexanizmlərindən biridir. Burada söhbət hər bir xalqın mənəvi dəyərlərindən gedir. Ulu babalarımızdan miras qalmış bilik və bacarıqlar, adət və ənənələr bizim qeyri-maddi mədəni və mənəvi irsimizi təşkil edir və hər bir xalqın özünəməxsusluğunu göstərir. Azərbaycan müvafiq Konvensiyanı 2007-ci ildə ratifikasiya etsə də, hələ 2003-cü ildə muğamımız müvafiq proqram çərçivəsində bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. Daha sonra Azərbaycanın aşıq sənəti, xalça sənəti, Novruz bayramı və tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Sesil Düvel sessiyanın təşkilinə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmiş, təmsil etdiyi təşkilatla əlaqələrin möhkəmlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük diqqət və qayğısını xüsusilə vurğulamışdır.

O qeyd etmişdir ki, bir neçə ay ərzində bu tədbirin hazırlanmasında nümayiş etdirilən peşəkarlıq və səmərəlilik, həm təşkilatçılıq, həm də əhval-ruhiyyə baxımından sessiyanın mükəmməlliyini təmin etmişdir.

Sonra konsert proqramı təqdim olunmuşdur. Balet ustalarının performansı ilə başlanan konsert müxtəlif milli rəqs nömrələrimizlə davam etmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında