Həyata müxtəlif rakurslardan baxmağı bacaran böyük sənətkar Rasim Ocaqov-80

 

 

Azərbaycan  kino sənətinin  inkişafında kinooperator və kinorejissor Rasim Ocaqovun müstəsna xidmətləri olmuşdur. Onun  filmləri  milli kino sənətimizin  ən qiymətli nümunələri sırasında yer  alır və tamaşaçılar bu  filmlərə bu gün də  böyük maraqla  baxırlar.

O, təbiətən  çox  sakit və təmkinli insan  idi. Amma onunla həmsöhbət olanlar deyirdilər ki, Rasim müəllimdə   qəribə yumor  hissi var. O, insanlarla asanlıqla dil tapa bilirdi, amma çəkiliş meydançalarında tamam başqa bir  adam olurdu. 73 illik ömrünün  böyük hissəsini  ürəkdən sevdiyi  kino  sənətinə həsr etmişdi. Yaratdığı onlarca film    onun necə istedad sahibi olduğuna canlı nümunədir. Bu filmlər  janr və mövzusuna görə müxtəlif olsalar da, onları birləşdirən  yüksək bəşəri amallar, mənəvi  saflıq və digər  keyfiyyətlərdir.

Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperatorluq fakültəsində təhsil aldıqdan sonra kinoya olan sevgisini yaradacağı ekran əsərlərilə sübut etmək üçün Vətənə qayıdıb.

“Azərbaycanfilm” kinostudiyasında kinooperator kimi fəaliyyətə başlayan Rasim Ocaqov sonralar M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində də oxuyur. O, 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator (“Sən niyə susursan”,  “Onun böyük ürəyi” və s.), 1973-cü ildən etibarən isə quruluşçu rejissor (“Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Ölsəm, bağışla” və s.) kimi Azərbaycan kinosunda zəngin yaradıcılıq fəaliyyəti göstərib. Rasim Ocaqovun filmoqrafiyasına (sənədli və bədii janrda) 70-ə yaxın ekran əsəri daxildir.

 Həyat hadisələrini, ətrafındakıları kameranın  obyektivindən  dəqiq görüb-göstərmək bacarığı sonralar onun rejissorluq fəaliyyətinə də uğur qazandırdı. Belə ki, o, melodrama (“Ölsəm, bağışla”, “Təhminə”), psixoloji dram (“İstintaq”), komediya (“Həm ziyarət, həm ticarət”) janrlarında, tarixi (“Qatır Məmməd”) və arxa cəbhə  (“Tütək səsi” və s.) mövzularında çəkdiyi filmlərin hər birində mövcud hadisələrin ictimai mahiyyətinin bədii təhlilini bacarıqla əks etdirməyə nail olub. R.Ocaqovun yaradıcılığının əsas qayəsi insan mənəviyyatı, psixologiyası, həyatdakı mövqeyini ekranda dəqiq xarakterizə etmək, müasirlərinin mənəvi keyfiyyətlərini təhlil obyektinə çevirmək idi. O, çəkdiyi filmlərdəki personajları yalnız tamaşaçıya təqdim etmək məqsədi güdmürdü. Müxtəlif fonlu çəkilişləri ilə  naturanın əhəmiyyətini, dekorasiyaların uyğunluğunu, personajların xarakterlərində əks olunan hadisələrin dəqiq ünvanını tamaşaçıya çatdırıb, onu kinonun ibrətamiz, dəyərli keyfiyyətlərinə heyran qoyurdu. Bu böyük sənətkarın insan psixologiyasının, yüksək-mənəvi əxlaqi keyfiyyətlərinin doğru, obyektiv təfsirinə üstünlük verdiyini görürük. O, kino sənətinin keyfiyyət kateqoriyasını bədii və texniki biliyinin vəhdəti sayəsində yüksək formada reallaşdırırdı. Məsələn, psixoloji dram janrında çəkdiyi “İstintaq” filmində monoloqlar və iki nəfərin dialoqlarını əks etdirən kadrların panoramlı və saniyələrlə ölçülən müxtəlif rakurslu çəkilişləri mövzunun məğzini, filmin qayəsini, personajların həyat mövqeyini tamaşaçıya dəqiq çatdırır. Nəticədə güclü dramaturgiya ilə rejissor traktovkasının vəhdətindən mükəmməl ekran əsəri yaranır. Və yaxud, “Tütək səsi” filmini götürək. II Dünya müharibəsində Azərbaycanda arxa cəbhədəki insanların maddi və mənəvi durumları filmdə çox qabarıq formada xarakterizə edilib. Rejissorun operatorluq sirlərini mükəmməl bilməsi, dəqiq mizanlarla işləmə üslubu filmin ekran həllinin uzunömürlü olmasına zəmin yaradır. Filmdə müharibənin dəhşətli fəsadlarını insanların məzlum simalarında aydın görmək olur. Rejissorun milli dəyərlərə həssaslıqla yanaşması filmi daha da baxımlı etmişdir.

O, həm operator, həm də rejissorluq peşəsində xarakterlər ustası olduğunu çəkdiyi ekran əsərlərində dəfələrlə sübut edib. Rejissorlardan bəziləri natura çəkilişlərini, bəziləri isə personajları ştativin tədqiqat mənbəyinə çevirirlər. Onun işlədiyi bütün filmlərdə, demək olar ki, boş kadrlar yoxdur. O, dramaturgiyanın bədii məziyyətlərini, mətləbini personajların xarakterlərində cəmləşdirərək əks etdirirdi. Məsələn, rejissoru olduğu “İstintaq”, “Ad günü”, “Təhminə” və s. filmlərdə natura və pavilyonda müxtəlif dekorasiya çəkilişlərindən maraqlı şəkildə istifadə olunsa da, bizi obrazların durumu, hadisələrin ciddiliyi, ümumilikdə dramaturgiyanın əsasları düşündürür. Çünki onun yaradıcılığının ciddiliyi bizə hadisələri tam mənimsəyib düşünməyə, nəticə çıxarmağa imkan yaradır. Ədəbi əsərlərin uğurlu ekran taleyinə rəvac verən bu kimi amillər də kino estetikasının monumentallığını dönə-dönə təsdiq edirdi.

Onun bütün filmlərində dramaturq, rejissor, bəstəkar ideyalarının kompleksləşmiş əksi aktyor ifaçılığında özünü aydın göstərib, milyonların rəğbətini qazanıb.

Rasim Ocaqovun hər filmi aktyorlar üçün yeni bir məktəb idi. Çünki aktyorlarla fərdi işləmək bacarığı onun filmlərində koloritli üslubda təqdim olunurdu. O, həyatı boyu müasiri olduğu zamanın və insanların mikroaləmini ekranlara məqsədyönlü şəkildə gətirməkdə, filmlərində bədii-estetik dəyərləri yüksək səviyyədə təqdim etməkdə israrlı idi və bunu da edirdi.    Rasim Ocaqovun yaradıcılığında xüsusi poetiklik var ki, bu da həyatın gərgin detallarının insan mənəviyyatındakı rolunu dəqiq xarakterizə edərək tamaşaçıya çatdırmasında özünü göstərir. Bu baxımdan rejissorun unudulmaz bəstəkar Emin Sabitoğlu ilə birgə işləri (“Ad günü”, “Ölsəm, bağışla”, “Təhminə” və s.) xüsusilə diqqətəlayiqdir. Bəstəkar musiqiləri bu ekran əsərlərinə xüsusi emosionallıq gətirir. Rasim Ocaqov üçün xarakterik sima vacib şərtlərdən idi. Bu mənada o, psixoloji dramları (“Ölsəm, bağışla”, “Təhminə” və s.) ekranlaşdırmağa daha çox üstünlük verirdi. Rejissorun filmlərində aktyorların yaradıcılığı daha qabarıq göstərilir, fərdi istedadları sayəsində onlar milli kinomuzun simasına (məsələn, Fəxrəddin Manafov) çevrilirdilər. “Tütək səsi”ndə Qılınc Qurban (Yusif Vəliyev), İsfəndiyar kişi (Məmmədrza Şeyxzamanov), “Ad günü”, “Həm ziyarət, həm ticarət”də Mustafa (Hacı İsmayılov) obrazları da bu qəbildəndir. O, monoloqları bol olan psixoloji dramları belə (“Otel otağı”) maraqlı nüanslarla işləyir, qəhrəmanın daxili aləmini tamaşaçıya daha yaxın edirdi. Rasim Ocaqovun filmləri mövzu aktuallığı və texniki qüsursuzluğu ilə seçilir, dəyərli ekran əsərləri kimi tamaşaçılar tərəfindən sevilərək baxılır.

Onun sənəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, SSRİ Dövlət mükafatı, Azərbaycan SSR Dövlət mükafatı ilə təltif olunmuş, xalq artisti fəxri adına layiq görülmüşdür.

2006-cı il iyulun 12-də dünyasını dəyişən sənətkar bütün yaradıcılığı boyu Azərbaycan kino estetikasının yüksək nümunələrini yaradıb. Bu mənada istedadlı kino xadiminin adı  da filmləri kimi daim hörmətlə anılacaq.

 

Mehdi MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında