“Hüseyn Cavid. Əsərləri” Türkiyə türkcəsində

Azərbaycan, eləcə də ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin yaradıcılığı, onun əsərlərində səsləndirilən fikir və ideyalar bu gün üçün də aktualdır və onun irsinin tədqiqi daim yeni axtarışlara səbəb olur. Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun təşəbbüsü ilə “Kaspi” qəzeti və Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda nəşr olunan “Hüseyn Cavid. Əsərləri” (ilk Türkiyə nəşri 2013) adlı kitabın təqdimat mərasimində səsləndirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitabın Türkiyə türkcəsində hazırlanmasını və qardaş Türkiyədə çapını mühüm hadisə kimi qiymətləndirdi. Hüseyn Cavidin həyat və yaradıcılığının vacib məqamlarına toxunan natiq onun ədəbiyyatımızda romantizm ədəbi cərəyanının inkişafına töhfələr verdiyini qeyd etdi. İsa Həbibbəyli  Hüseyn Cavidin ilk kitabının 1913-cü ildə çap edildiyini diqqətə çatdırdı və bildirdi ki, istər onun əsərləri, istərsə də cavidşünaslığa həsr edilən məqalə və əsərlər mütəmadi çap edilərək ictimaiyyətə təqdim edilib. İstanbulda nəşr edilən kitabdan söhbət açan natiq bildirdi ki, 100 ildən sonra da bu nəşr onun kitabları arasında mühüm yerə malik olacaq.  “Kitab Hüseyn Cavidi Azərbaycan xalqına və dünyaya daha yaxşı tanıtdırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Bu nəşr Hüseyn Cavidin əsərlərini təqdim etmək üçün önəmli bir nümunədir. Kitab ilə Hüseyn Cavid irsinin öyrənilməsində yeni bir mərhələ açılacaq. Bu nəşr Hüseyn Cavidin öyrənilməsi üçün mükəmməl mənbələrdən biridir”, -deyə Nizami adına Ədəbiyyat İnstitutunun direktoru əlavə etdi.

Çıxış edən filologiya elmləri doktoru, professor Kamran Əliyev “Kaspi” qəzeti və Kaspi Təhsil Mərkəzinin layihəsinin əhəmiyyətli olduğunu vurğuladı. O qeyd etdi ki, yazıçının əsərlərinin çap olunması onun yenidən doğulması, cəmiyyətə və gələcək nəslə təqdimatı deməkdir. Bu baxımdan da Cavidin əsərlərinin İstanbul nəşri Türkiyə oxucularına onun yaradıcılığı ilə daha yaxından tanış olma fürsəti verir.

Hüseyn Cavid ev muzeyinin direktoru, filologiya emləri doktoru Gülbəniz Babaxanlı bu gün yazıçının əsərlərinin çapını və onun yaradıcılığı ilə bağlı tədbirlərin tək ölkəmizdə deyil, xaricdə də keçirilməsini  xüsusi vurğuladı və bunu yazıçının bəşəri ideyaları və dövlətimizin ədəbiyyat klassiklərimizə göstərdiyi diqqəti hesab etdi.

“Kaspi” qəzetinin baş redaktoru, Hüseyn Cavidin əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri Sona Vəliyeva Hüseyn Cavidin doğulub boya-başa çatdığı, təhsil aldığı mühitin onun yaradıcılığına öz təsirini göstərdiyini vurğuladı. O qeyd etdi ki,  Cavidin irfan adamı olması və türkçülük fələsəfəsini yaşatmaq üçün xüsusi missiyanı daşıması onun irsində özünü aydın büruzə verir. “Onun yaradıcılığı ilə daha yaxından tanış olduqdan sonra təsadüflərə şübhə etməyə başladım. Cavidin dünyəvi məktəbdə təhsil alması və həyatında baş verən digər hadisələr Allahın yazısı idi. Onun dini təhsil alması da irfan mədəniyyətinin formalaşması üçün lazım idi. H.Cavidin İstanbula gəlməsi və təhsil alması isə onun dünyagörüşündə mühüm rol oynadı” – deyə Sona Vəliyeva qeyd etdi.

O, ulu öndər  Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi sayəsində  Hüseyn Cavidin nəşininVətənə gətirilməsi və ona  məqbərə ucaldılmasını  xatırlatdı və bunu  Hüseyn Cavidə olan xalq məhəbbətinin, ehtiramın göstəricisi olduğunu vurğuladı.

Çıxış edən millət vəkili Elmira Axundova ulu öndər Heydər Əliyevin  Hüseyn Cavid irsinə olan diqqətdən və yazıçının dövlət səviyyəsində keçirilən yubileylərindən söhbət açdı. Bildirdi ki, ulu öndər heç zaman ədəbiyyata və yazıçılarımıza  öz diqqət və qayğısını əsirgəmirdi.

Türkiyənin Azərbaycandakı səfirliyinin turizm və tanıtım müşaviri Seyid Əhməd Arslan kitabın Türkiyə türkcəsində ərsəyə gəlməsini və dilinin çox uğurlu olduğunu qeyd etdi. Bildirdi ki, kitabda yer alan əsərlər filologiya üzrə fəlsəfə doktoru Azər Turanın əməyi sayəsində çox uğurlu şəkildə Türkiyə türkcəsinə çevrilib. O qeyd etdi ki, Hüseyn Cavid bütün türk dünyasının görkəmli şəxsiyyəti və hər zaman sevilə-sevilə oxunan nümayəndəsidir.

Yazıçının əsərlərini Türkiyə türkcəsinə çevirən “Ədəbiyyat” qəzetinin redaktor müavini Azər Turan və digər natiqlər Cavid yaradıcılığını türk dünyası üçün böyük xəzinə olduğunu vurğuladılar.

Qeyd edildi ki, təqdim edilən “Hüseyn Cavid. Əsərləri” oxucular tərəfindən maraqla qarşılanacaq.

 

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında