Yuli Qusmanın “QORXMA, MƏN SƏNİNLƏYƏM! 1919” filminin təqdimat mərasimi olmuşdur

Birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak etmişdir

Noyabrın 15-də Heydər Əliyev Sarayında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan “Qorxma, mən səninləyəm! 1919” bədii filminin təqdimat mərasimi olmuşdur.

Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak etmişlər.

Görkəmli həmyerlimiz, Azərbaycanın xalq artisti, Rusiyanın əməkdar incəsənət xadimi, filmin ssenari müəllifi və rejissoru Yuli Qusman təqdimat mərasimində çıxış edərək 30 ildən artıq Moskvada yaşamasına baxmayaraq, doğulub boya-başa çatdığı Bakını heç vaxt unutmadığını, filmin çəkilişlərinin həyata keçirildiyi 6 rayonda yerli əhalinin onları qonaqpərvərliklə qarşıladığını demişdir.

 “Qorxma, mən səninləyəm” filminin ikinci hissəsinin çəkilməsini çoxdan arzulayan və bu istəyini 30 ildən sonra reallığa çevirdiyini bildirən rejissor yeni ekran əsərinin ərsəyə gəlməsinə verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

Filmin xalqımızın necə qəhrəman, şən, musiqisevər, xoşbəxt bir xalq olduğunu göstərmək istəyi ilə lentə alındığını diqqətə çatdıran Y.Qusman hələ ilk ekran əsərinin çəkilişi zamanı ümummilli lider Heydər Əliyevin onlara yetirdiyi böyük diqqət və qayğını xüsusilə vurğulamışdır.

Filmin birinci hissəsinin çəkilişindən 32 il ötdüyünü qeyd edən Yuli Qusman bu ekran əsərinin hər iki ölkənin dostluğunu tərənnüm etdiyini bildirmişdir. Görkəmli rejissor Yuli Qusman daha sonra filmdə rol alan tanınmış aktyorları tamaşaçılara təqdim etmişdir.

Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tamaşaçıları salamlayaraq filmin ərsəyə gəlməsində göstərdiyi köməyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.

Bu filmə həm Azərbaycanda, həm də Rusiyada böyük marağın olduğunu xüsusi vurğulayan Polad Bülbüloğlu tamaşaçıların ekran əsərinin təqdimatını səbirsizliklə gözlədiklərini, filmin daha da məşhurlaşacağına və uğur qazanacağına ümidvar olduğunu qeyd etmişdir.

Filmin yaradıcı heyəti çəkilişlərə kömək etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildirmişlər.

Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin sərəncamı ilə Yuli Qusmana verilən “Şöhrət” ordenini rejissora təqdim etmişdir.

Ötən əsrin 80-ci illərində çəkilmiş “Qorxma, mən səninləyəm” bədii filminin davamı kimi ekranlaşdırılan yeni kino əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusman, operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Filmdə, həmçinin tanınmış rusiyalı aktyorlar Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir Dolinski, Yuri Kobaladze, eləcə də azərbaycanlı aktyorlar Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova, Rövşən Əsgərov və başqaları çəkilmişlər.

Filmdəki intriqalar daha dramatik və təhlükəlidir. Söhbət yalnız qız qaçırılmasından yox, qara qüvvələrin Azərbaycanda demokratiyaya qarşı üsyanından gedir. Yeni ekran əsərində məşhur bəstəkar-müğənni, xalq artisti Polad Bülbüloğlunun canlandırdığı Teymur obrazı bu dəfə tamaşaçılara həm deputat, həm də böyük bəstəkar kimi təqdim edilmişdir.

Filmdə təhlükəli sərgüzəştlərlə yanaşı, iki gənc qəhrəmanın məhəbbəti də öz əksini tapmışdır. “Romeo və Cülyetta”da olduğu kimi, onlar da iki düşmən tərəfin övladlarıdır.

Bu ekran əsəri hər bir tamaşaçıda müstəqil Azərbaycanın bugünkü sürətli inkişafı ilə bağlı dolğun təsəvvür yaradır.

AzərTAc

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında