Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Firidun bəy Köçərlinin 150 illiyinə həsr edilmiş elmi sessiya keçirilmişdir

 

 

 

Noyabrın 11-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli ədəbiyyatşünas alim, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, sessiyada muzeyin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov “Firidun bəy Köçərlinin həyatı, irsi və mübarizələri” mövzusunda məruzə ilə çıxış etmişdir.

Rafael Hüseynov bildirmişdir ki, Firidun bəy Köçərli çoxcəhətli zəngin fəaliyyəti ilə Azərbaycan ədəbiyyatının tarixinə və ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi gördüyü işlər böyük əhəmiyyətə malikdir.

Vurğulanmışdır ki, Azərbaycanın ilk elmi ədəbiyyat tarixinin mükəmməl yaradıcısı olan F.Köçərlinin millət, vətən qarşısındakı misilsiz xidmətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ildə “Firidun bəy Köçərlinin 150 illik yubileyi” haqqında Sərəncam imzalamışdır.

Rafael Hüseynov demişdir ki, onun “Söz heykəli” kitabında F.Köçərliyə həsr edilmiş ayrıca oçerk vardır. Moskvada nəşr ediləcək Azərbaycan klassikləri haqqında kitabda da F.Köçərli haqqında yazı yer alacaqdır. Eyni zamanda, muzeydə F.Köçərlinin zəngin arxivi vardır. Həmin arxiv materialları əsasında muzeydə kataloq hazırlanır, yaxın zamanlarda çap ediləcəkdir.  

Bildirilmişdir ki. Azərbaycan ədəbiyyatı tarixini sistemli bir halda öyrənmək, yaratmaq ideyası məhz Firidun bəy Köçərli tərəfindən həyata keçirilmişdir. Çoxəsrlik Azərbaycan ədəbi irsini toplayıb, elmi prinsip və ardıcıllıqla öyrənərək öz tədqiqatının nəticələrini “Azərbaycan ədəbiyyatı” əsərində qələmə alması Firidun bəy Köçərlinin bu sahədə ən böyük xidməti sayılır. Bu əsəri yazmaqla Firidun bəy müasir Azərbaycan ədəbiyyat tarixçiliyi elminin əsasını qoymuş və beləliklə də gələcək tədqiqatçılar üçün geniş bir yol açmışdır.

Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq ədib və şairlərimizin böyük əksəriyyətini əhatə edən ədəbiyyat tarixini yazmışdır. Bu əsərdə yüzdən artıq ədibin irsi və onlardan böyük bir qisminin bioqrafiyası verilmiş, yaradıcılıqları haqqında müəllif fikri söylənilmişdir.

Muzeyin direktoru F.Köçərlinin “Balalara hədiyyə” dərsliyini 2014-cü ildə yeni təqdimatda, uşaqlar üçün daha uyğun bir tərtibatda və illüstrasiyalarla çap etdirəcəyini vurğulamışdır.

Tədbirdə, həmçinin F.Köçərlinin həyat və yaradıcılığını əks elətdirən fotolardan ibarət sərgi də təqdim olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında