Qərb Universitetində “Kuba mədəniyyəti dünya sivilizasiyası kontekstində” mövzusu üzrə kulturoloji seminar keçirilmişdir. Seminarı “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar Cəmiyyəti Qərb Universiteti ilə birlikdə təşkil etmişlər.
Seminarı giriş sözü ilə alim-kulturoloq,“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov açaraq Azərbaycanda Kuba Respublikasının fövqəladə və səlahiyyətli səfiri Omar Senon Medina Kenteronu, Çin səfirliyinin nümayəndələrini, bütün qonaqları və iştirakçıları salamlamış, qonaqlara və iştirakçılara seminarın proqramı haqqında qısa məlumat vermişdir.
Sonra professor Fuad Məmmədov Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Omar Senon Medina Kenteroya Azərbaycan-Kuba mədəni əlaqələrin ikişafında xidmətlərinə və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası ilə mədəni əməkdaşlığa görə “Simurq” AMA-nın fəxri üzv diplomunu təqdim etmişdir. Bakı Dövlət Universitetinin professoru Fərman İsmayılov Azərbaycanda ruhi-intellektual və mənəvi mədəniyyətin, xüsusilə fəlsəfə elminin və kulturoloji maarifçiliyin inkişafında xidmətlərinə Aərbaycanın xalq artisti, tanınmış aktyor və rejissor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Ramiz Əzizbəyli Azərbaycanda ruhi-əqli və mənəvi mədəniyyətin, xüsusilə kino sənətinin, kulturoloji maarifçiliyin inkişafında xidmətlərinə görə “Simurq” beynəlxalq medalı ilə təltif olunmuşlar. Respublikanın görkəmli iqtisadçı-alimi, Beynəlxalq İnformasiya Akademiyasının və Rusiyanın Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Ramiz İsgəndərova 60 illik yubileyi münasibəti ilə xüsusi təbriknamə verilmişdir.
Daha sonra məruzələr dinlənilmişdir. AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov “Kuba mədəniyyətinin tarixinə kulturoloji baxış” adlı məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, paytaxtı Havana şəhəri olan Kuba Respublikası Karib dənizi sahilində ada dövlətidir. Dövlət dili - ispan dilidir. Kuba 28 oktyabr 1492-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilmişdir. XIX əsrin sonunadək İspaniyanın müstəmləkəsi altında olan Kuba sonradan uzun illər ABŞ-dan iqtisadi və siyasi asılılıqda olmuşdur. Yalnız 1959-cu ildə xalq inqilabının qələbəsi ilə ölkə milli müstəqillik əldə etmişdir. Kuba mədəniyyəti dünyanın müxtəlif ölkələrindən gətirilmiş etnik mədəniyyətlərin qarışığından ibarətdir.
Azərbaycanda Kuba Respublikasının fövqəladə və səlahiyyətli səfiri Omar Senon Medina “Kuba mədəniyyəti: dünən, bu gün və sabah” adlı maraqlı məruzə ilə çıxış etdi. O qeyd etdi ki, XVI əsrdən etibarən plantasiyalarda işləmək üçün Kubaya qullar gətirilmiş, sonradan onlar yerli əhali ilə qaynayıb qarışmış və nəticədə müasir kubalılar bir xalq kimi formalaşmışlar. Aborigenlərin, ispanların, afrikalıların, sonralar isə avropalılar və çinlilərin gətirdiyi mədəniyyətlərin təsiri ilə müasir Kuba mədəniyyəti formalaşmışdır. Bundan əlavə, səfir Kubada musiqinin, təhsilin, səhiyyənin, idmanın və turizmin inkişafı haqqında ətraflı məlumat vermişdir. Həmçinin səfir mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevlə olan görüşü zamanı hər iki ölkə arasında iqtisadi, mədəni, turizm, səhiyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yüksək potensialın olduğunu qeyd etmişdir. Məruzə ilə yanaşı, Kuba mədəniyyətinin inkişaf tarixi haqqında slayd-film nümayiş olunmuşdur.
“Simurq” AMA-nın beynəlxalq münasibətlər departamentinin rəhbəri Tamerlan Dəmirbəyli tərəfindən hazırlanmış Kuba mədəniyyətinə həsr olunmuş, kulturoloji səpkidə qurulmuş musiqili-sənədli filmin təqdimatı olmuşdur.
Qərb Universitetinin müəllimi Reyhan Hüseynova “Azərbaycan-Kuba mədəni əlaqələrinin tarixindən” adlı geniş və dolğun məruzə ilə çıxış etmişdir. O, Azərbaycan-Kuba mədəni əlaqələrinin inkişafını sovetlər və Kubanın müstəqilliyi dövrlərində olmaqla iki mərhələdə təhlil etmişdir. Bu əlaqələrin inkişafında həmkarlar ittifaqlarının rolundan danışılmış, məruzə slayd-film ilə müşayiət olunmuşdur.
Qərb Universitetinin müəllimi Mübariz Məmmədli “Kuba ədəbiyyatının inkişaf dövrləri” adlı maraqlı məruzəsində hər bir xalqın ədəbiyyatında özünəməxsus əlamətlərin olduğu kimi, Kuba xalqının ədəbiyyatında da arzu, sosial ədalət, gələcəyi görmə, nikbinlik kimi əlamətlərin üstünlük təşkil ediyini göstərmiş, tanınmış Kuba şairləri, yazıçıları və onların əsərləri haqqında məlumat vermişdir.
Raifə Sərxanqızı Kubaya həsr etdiyi şeirini oxumuşdur. İstedadlı caz ifaçısı Leyla Nəzərli Azərbaycan və xarici bəstəkarların əsərlərindən və xalq mahnısından ibarət kompozisiyaları pianoda yüksək peşəkarlıqla ifa etmişdir.
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov yekun sözü ilə çıxış edərək, Azərbaycan-Kuba mədəni əlaqələrinin bundan sonrakı inkişafında bugünkü seminarın əhəmiyyətini qeyd etmiş, səfir Omar Senon Medinaya, digər qonaqlara, Qərb Universitetinin rəhbərliyi və əməkdaşlarına, seminarın təşkilatçısı Tamerlan Dəmirbəyliyə və bütün seminar iştirakçılarına öz səmimi təşəkkürünü bildirmişdir.
Seminarda alimlər, mütəxəssislər, incəsənət xadimləri, müəllimlər, “Simurq” AMA-nın üzvləri, səfirlik nümayəndələri, QHT, yaradıcı və həmkarlar ittifaqı üzvləri, tələbələr iştirak etmişlər.
Şəlalə KƏSƏMƏNLİ,
“Simurq” AMA-nın mətbuat katibi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.