100 yaşlı “Arşın mal alan”

 

 

 

 

 

 

 

Dünya şöhrətli bəstəkar Üzeyir bəy Hacıbəylinin üçüncü operettası olan “Arşın mal alan”ın bu ilin 25 oktyabrında 100 yaşı tamam oldu.  Bu əlamətdar hadisə YUNESKO-nun xəttilə beynəlxalq aləmdə də təntənə ilə qeyd edilir. 

28 yaşlı şuşalı gəncin yaratdığı “Arşın mal alan” yer kürəsini dolaşaraq bəşəriyyətə sevinc, Azərbaycanımıza isə başucalığı gətirir.  Bütün dünyada şöhrət qazanmış bu operettanın mövzusu doğma Qarabağımızın tacı sayılan qədim Şuşa şəhərindən götürülsə də, əsəri Üzeyir bəy Sankt- Peterburq Konservatoriyasında oxuyarkən qələmə almışdı.

Ü.Hacıbəyli “Arşın mal alan” operettasını tamamladıqdan sonra onu ilk dəfə Sankt-Peterburq Konservatoriyasının direktoru, görkəmli rus bəstəkarı Aleksandr Qlazunova çalmışdır.  A.Qlazunov əsəri çox bəyənmiş və onu “bütün Rusiyada ilk operetta” adlandırmışdır.  “Arşın mal alan”a verilən yüksək qiymətdən sonra Üzeyir bəy əsərin partiturası ilə librettosunu vəd etdiyi kimi Bakıya, dostları Müslüm Maqomayevə və Hüseynqulu Sarabskiyə göndərir.  Onlar da operettanı tamaşaya hazırlayırlar.

25 oktyabr 1913-cü ildə, cümə günü Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında “Arşın mal alan” operettasının premyerası olmuşdur.  İlk tamaşanın yaradıcı heyəti belə idi: Əsgər - Hüseynqulu Sarabski, Gülçöhrə - Əhməd Ağdamski, Soltan bəy - Ələkbər Hüseynzadə, Süleyman - Hənəfi Terequlov, Asya - Gülsabah xanım, Telli - Olenskaya.  Əsərin rejissoru - Hüseynqulu Sarabski, dirijoru isə Müslüm Maqomayev olmuşlar.  “Arşın mal alan”ın ilk tamaşasından sonra mətbuatda həm müsbət, həm də mənfi rəylər dərc olundu. 

“Arşın mal alan” bütün dövrlərdə maraqla qarşılanmış, sevilmiş, dünya səhnələrində böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.  Hələ Üzeyir bəyin özünün sağlığında bu əsər şöhrət tacına sahiblənmiş, müxtəlif dillərə tərcümə olunmuşdur.  Bəstəkar özü yazırdı ki, “Arşın mal alan” birinci tamaşaya qoyulan günlərdən bir neçə ay sonra demək olar ki, SSRİ xalqlarının hamısının, o cümlədən rus, gürcü, erməni, özbək, tacik, yunan, fars, ingilis, fransız dillərinə tərcümə edilərək oynanılmışdır.

Hazırda isə “Arşın mal alan” ın dünya şöhrəti daha geniş miqyas almış, 70-ə yaxın xarici dilə çevrilmiş, 50-dən çox ölkədə, 150 teatrın səhnəsində tamaşaya qoyulmuş, Amerikanın 13 ştatında, Polşanın 16 şəhərində, Çində, Çexiya və Slavakiyada, Bolqarıstanda, Fransada, Türkiyədə, Yunanıstanda, İranda və başqa Avropa, Asiya, Afrika ölkələrində səhnə həyatı yaşamışdır.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti dekadası zamanı oynanılan “Arşın mal alan” operettası haqqında Moskva mətbuatında bir-birindən maraqlı, əhəmiyyət kəsb edən resenziyalar dərc olunmuşdur.  Məqalələrin birində “Arşın mal alan” haqqında belə yazılmışdır: “Azərbaycanlılar nə gözəl “gülüş” ustalarıdırlar.  Bu tamaşada o qədər həqiqi iti fikir və gülüş, həm artistlərin oyununda, həm orkestrin melodiyalarında, həm rəssamın ürəkaçan və parlaq dekorasiyalarında coşqun şənlik vardır ki, “Arşın mal alan” tamaşasına baxarkən tamaşaçı qəşş edircəsinə gülür”.  Resenziyanın sonunda müəllif yazırdı: “Bizim rus komediya teatrımızın(“Satira” teatrı, Operetta) “Arşın mal alan”dan özləri üçün çox şey götürə bilərlər”.

“Arşın mal alan” əsəri 100 ildir ki, dünya səhnələrini dolaşır.  Operetta bu illərdə teatrlarda uğurla tamaşaya qoyulmaqla yanaşı, həm də hələlik dörd dəfə də ekran həyatı yaşamışdır.  1917-ci il inqilabından əvvəl Piron qardaşlarının “Filma” səhmdar cəmiyyətində işləyən rejissor B.Svetlov bu əsər ilə maraqlanmış, onu lentə çəkmişdir.  “Arşın mal alan” filminin ilk tamaşası 3 yanvar 1917-ci ildə olmuşdur.  Filmdə H.Sarabski (Əsgər), Ə.Ağdamski (Gülçöhrə), Ə.Hüseynzadə (Soltan bəy), Y.Nərimanov (Cahan xala), M.Əliyev (Süleyman), A.Olenskaya (Asya), H.Terequlov (Vəli), Y.Olenskaya (Telli) çəkilmişdilər.  O illərdə filmlər səssiz olduğu üçün əsərin musiqisindən əsər-əlamət yox idi.  Ümumiyyətlə, film zəif alınmışdır.  Üzeyir bəy Hacıbəylinin tələbi ilə müəllifdən icazəsiz çəkildiyi üçün film qadağan edilmiş və ekrandan çıxarılmışdır.  “Arşın mal alan” ikinci dəfə 1937-ci ildə ABŞ-da lentə alınmışdır.  Erməni əsilli Amerika kinorejissoru R.Mamulyan bu əsəri ekranlaşdırmış və heç yerdə də Ü.Hacıbəylinin adı göstərilməmişdir.  Yalnız filmin Şərq motivləri əsasında çəkildiyi vurğulanmışdır.

 Bəs bu operetta ABŞ-a necə gedib çıxmışdır? 1915-ci ildə Tiflisdə yaşayan Sedrak Maqalyan isimli bir erməni Üzeyir bəy Hacıbəylinin yanına gələrək, onun “Arşın mal alan” əsərini erməni dilinə tərcümə etmək istədiyini bildirmişdir.  Hətta Üzeyir bəylə müqavilə də bağlanmışdır.  O, operettanı erməni dilinə çevirib, səhnəyə qoymuşdur.  Əsər Bakıda, Gürcüstanda və başqa şəhərlərdə göstərilmişdir.  1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra S.Maqalyan xaricə mühacirət edir.  Gedərkən özü ilə “Arşın mal alan”ı da aparır.  O, əvvəlcə Türkiyədə, sonra Yunanıstanda yaşayır və “Arşın mal alan” operettasının hesabına dolanır.  Daha sonra ABŞ-a köçür.  Orada da bu əsəri tamaşaya qoymaqla küllü miqdarda gəlir əldə edir.  Bu operettadan qazandığı çoxlu pulların sayəsində o qədər varlanır ki, çoxmərtəbəli bir otel tikdirir və ona “Arşın mal alan” adını verir.

1925-ci ildə Üzeyir bəy ABŞ-dan Okorokov familiyalı bir bakılı musiqiçidən məktub alır.  Okorokov vaxtilə Bakıda violonçel çalan olmuşdur.  Məktubda o, Üzeyir bəyə bildirir ki, burada Maqalyan familiyalı birisi sizin “Arşın mal alan” operettanızı özəlləşdirərək çoxlu pullar qazanır.  Mənə vəkalətnamə göndərsəniz halal pullarınızı alıb sizə yollayaram.  Lakin o dövrün təzadları üzündən Okorokovun məktubu cavabsız qalır.  Ermənilər isə daha da azğınlaşaraq, ABŞ-da tamaşaya qoyduqları “Arşın mal alan”ı həyasızcasına “erməni operettalarının kraliçası” adlandırırlar və onun süjeti, musiqisi əsasında film çəkərək mənimsəyirlər.

1942-ci ildə, İkinci Dünya müharibəsi dövründə Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimləri İranda olarkən, ermənilər tərəfindən Amerikada çəkilmiş həmin “Arşın mal alan” filminə baxırlar.  Titrlərdə Üzeyir bəy Hacıbəylinin adına rast gəlmədiklərindən hiddətlənir, Bakıya dönən kimi bunu Üzeyir bəyə çatdırırlar.  Ü.Hacıbəyli bu xəbərdən çox təsirlənir və müəllif hüquqlarının müdafiəsi üçün Azərbaycanın o zamanki rəhbəri Mir Cəfər Bağırova məktub göndərir.  M.C.Bağırov məktubu alan kimi Üzeyir bəyə zəng çalır və bildirir ki, bu məsələnin həlli üçün Moskvaya müraciət etmək lazımdır.  Ü.Hacıbəyli dərhal SSRİ-nin xarici işlər naziri V.M.Molotova məktub yazır.  Aradan bir neçə gün keçdikdən sonra, gecə vaxtı Üzeyir bəyin evinə zəng olur.  V.M.Molotovun köməkçisi olduğunu bildirir və Ü.Hacıbəylidən belə gec telefon açdığı üçün üzrxahlıq edərək söyləyir ki, Molotov yoldaş sizin məktubunuzla tanış oldu və tapşırdı məlumat verim ki, SSRİ müəllif hüquqlarının müdafiəsi üzrə beynəlxalq konvensiyaya daxil olmadığı üçün sizin hüquqlarınızı müdafiə etmək iqtidarında deyilik. 

Lakin aradan iki həftə keçdikdən sonra gecə saat 1-də Üzeyir bəyin evinə Moskvadan yenə də zəng olur.  Bu dəfə SSRİ Kinematoqrafiya Komitəsinin sədri Bolşakov gecə vaxtı narahat etdiyi üçün Üzeyir bəydən üzr diləyərək bildirir ki, indicə İ.V.Stalin yoldaşın yanından gəlirəm.  Yoldaş Stalin sizin məktubunuzdan xəbərdardır.  Və göstəriş verdi sizə çatdırım ki, müəllif hüquqlarınızı müdafiə etmək məqsədilə təcili olaraq Bakı kinostudiyasında “Arşın mal alan” filmi çəkilməli və bütün dünya ekranlarına göndərilməlidir.  Bununla da Üzeyir bəyin hüquqlarını müdafiə etmiş olarıq.

Elə də edirlər.  1943-cü ildə müharibənin qızğın çağında “Arşın mal alan” filmi üzərində gərgin iş başlayır.  Nəhayət, 1945-ci ildə S.Rəhmanın ssenarisi əsasında R. Təhmasibin və N.Leşşenkonun rejissorluğu ilə eyniadlı film üçüncü dəfə lentə çəkilir və planetin hər bir tərəfində müvəffəqiyyətlə göstərilir.  Beləliklə də, Üzeyir bəy Hacıbəylinin müəllif hüquqları bərpa edilir və bütün dünyada “Arşın mal alan”ın əsl sahibi, əsl müəllifi hamıya bəlli olur.

26 iyun 1946-cı ildə “Arşın mal alan” filminə görə Ü.Hacıbəyli, R.Təhmasib, N.Leşşenko, R.Behbudov, L.Bədirbəyli, Ə Hüseynzadə, M.Kələntərli, L.Abdullayev Stalin mükafatına layiq görülmüşlər.

“Arşın mal alan” filminin çəkilişi üçün dövlət beş milyon rubl ayırmışdı.  Bu filmin ekranlarda nümayişindən isə o zamankı araşdırmalara görə dövlətə bir milyard iki yüz min rubl məbləğində gəlir gəlmişdir.  Valyuta hesabı isə sirr olduğu üçün açıqlanmamışdır.

 1965-cı ildə “Arşın mal alan” əsərinə yenidən müraciət edilərək T.Tağızadənin rejissorluğu ilə dördüncü dəfə rəngli film çəkilmişdir.  Burada əsas rolları H.Məmmədov (Əsgər), L.Şıxlinskaya (Gülçöhrə), H.Yegizarov (Süleyman), A. Qurbanov (Soltan bəy), N.Məlikova (Cahan xala), S.İbrahimova (Telli) və b.  oynamışlar.

Azərbaycan mədəniyyəti tarixində xüsusi yerə məxsus “Arşın mal alan” adlı sənət incisi, şedevr bütün cahanı fəth edərək, Azərbaycanımızı dünyada tanıtdı.  Əsərin 100 illiyi ərəfəsində operetta ABŞ-ın Los-Anceles şəhərində də uğurla səhnəyə qoyuldu.  Bu, mədəniyyətimizin əlçatmaz, ünyetməz zirvəsi olan Üzeyir bəy Hacıbəylinin bəşəri, həmişəyaşar yaradıcılığının bariz nümunəsidir.  Dünya durduqca Üzeyir bəy də, onun hər zaman yeni və ölməz irsi də var olacaqdır.  Şöhrət tacı isə “Arşın mal alan”ın başının üstündən heç vaxt enməyəcəkdir.

Səadət QARABAĞLI,

 üzeyirşünas

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında