Sənətini həyatı qədər sevirdi Həsən Məmmədov-75

 

 

 

 

 

 

 

Böyük sənətkar idi Həsən müəllim. Onu hamı tanıyır və sevirdi. Ən yaxşı filmlərimizin baş qəhrəmanları ona həvalə olunurdu. O, Azərbaycanın professional kino aktyorluq məktəbinin görkəmli nümayəndələrindən idi. Yaratdığı rolların hər birində onun ürək çırpıntıları aydın duyulur.

 Qəhrəmanlarına öz ürəyinin hərarətini vermişdi. Onları sevə-sevə yaratmışdı, ona görə də tamaşaçılar da onları sevmişdi. Həmin obrazlar milli kino sənətimizin çox qiymətli nümunələri kimi hörmət və məhəbbətlə yad edilir. Bu gün xalq artisti Həsən Məmmədovu xatırlayarkən kino sənətimizin böyük bir dövrünün ən yaxşı filmləri göz önündə canlanır. Bu filmlər müxtəlif janrlı, fərqli tarixi dövrləri əhatə edən dəyərli sənət əsərləridir. Həmin filmlərdə onun yaratdığı qəhrəmanlar tariximizin məşhur şəxsiyyətləri, müasir dövrün insanlarıdır. Onlar arasında Dədə Qorqud da var, Bəxtiyar da, Şadlinski də, Qaraş da və...

Həsən Məmmədov milli kinomuzun inkişaf dövrü olan 60-cı illərdə sənətə gəlmişdi. Özü ilə də kinomuza yeni qəhrəman obrazı gətirmişdi. Onun kino yaradıcılığı Qaraşla (“Böyük dayaq”) başlamışdı. Bu, böyük sənətin ilk sınağı olsa da, Həsən Məmmədov bu sınaqdan uğurla çıxdı və o, aktyorun gələcək məhsuldar fəaliyyəti üçün çox güclü stimul yaratdı. Əslində, Həsən müəllim ilkin olaraq başqa ixtisas dalınca gedib. Əvvəlcə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardımçı heyətində aktyorluq edib. Bununla da onun sənətə marağı artıb və o, aktyor olacağını qətiləşdirib.

Beləcə, 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib (1960-1961). Məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-ci ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Elə həmin il sentyabr ayının 10-da bu qədim sənət ocağının aktyor truppasına üzv olub. Bu ildən başlayaraq on il ərzində kino çəkilişləri ilə əlaqədar olaraq müxtəlif müddətlərə dəfələrlə teatrdan işdən çıxıb və yenə kollektivə qayıdıb.

İldən-ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevral ayının 2-də köçürmə yolu ilə Akademik Teatrdan çıxaraq “Azərbaycanfilm” kinostudiyasına işə qəbul edilib. O, kinoda artıq məşhurlaşmışdı, “Böyük dayaq”da oynamışdı. “Bir cənub şəhərində” filmində Muradı yaratmışdı. Bu qəhrəman elə o vaxt aktyorun özü ilə, bəlkə də, həmyaşıd olardı. Nədənsə, çoxları da bu fikirdədirlər ki, filmdə, elə bil, Həsən Məmmədov heç rolda deyil, özünü oynayır. Çünki Muradın xarakteri elə Həsən Məmmədovun özü ilə üst-üstə düşürdü. Sadə, səmimi, məhəllədə hamının hörmətini qazanmışdı. Atasını itirəndən sonra ailənin bütün qayğılarını çəkən Murad qarşılaşdığı situasiyalardan bəzən baş çıxara bilmir. Çünki bu “cənub şəhəri”nin həmin məhəlləsinin öz qanunları var. Bacısının nişanlısı Ukraynadan özünə həyat yoldaşı gətiribsə, mütləq o qızın qardaşının qəzəbinə tuş gəlməlidir. Murad bilir ki, bu qanunlar artıq köhnəlib, belə hadisələri yoluna qoymağın başqa üsullarını da tapmaq olar. Anası isə bu qanunlar mühitində yaşadığından oğlunu bu işə təhrik edir. Baxmayaraq ki, hadisənin pis nəticə verəcəyini də bilir. Doğrusu, Muradın taleyinə biganə qalmaq olmur. Onun düşdüyü vəziyyətə acıyırsan və hər şeyin müsbət sonluqla bitəcəyinə ümid bəsləyirsən.

Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur. O, “Azərbaycanfilm”də istehsal olunmuş “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu bəy Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məhəmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Zirvə” (Kamil) filmlərində aparıcı rollar oynayıb. Bunlar onun oynadığı filmlərin bir qismidir.

Həsən Məmmədov milli kinomuzun ən məhsuldar işləyən aktyorlarından olub. Elə il olmayıb ki, o, bir və ya bir neçə filmə çəkilməmiş olsun. Hamısı da baş rollar idi. Daha çox dramatik, psixoloji yönümlü rollarda çəkilirdi. Amma komik rolları da ustalıqla ifa edib. Məsələn, “Alma almaya bənzər” filmindəki sürücü bu tipli rollardandır.

Son illər çox az-az çəkilirdi. Həmişə də gileylənir, kinoya münasibətin dəyişdiyini bildirirdi. Bir ara teatra da gəldi, burada bir neçə tamaşada rollar oynadı. Amma o, kinosuz yaşaya bilmirdi. “Təhminə” də Zaurun atası professor Zeynallını oynadı. Amma bu da onu razı salmamışdı. “Qırmızı qatar” da həkim, “Mənim ağ şəhərim”də Mahmud dayı, “Həm ziyarət, həm ticarət” də Əlimurad, “Hökm”də Tuz Nəsrəddin kimi rolları da onun son illər yaradıcılığının məhsullarıdır.

İşləmək istəyirdi, çəkiliş meydançaları üçün çox darıxırdı. Milli Akademik Dram Teatrında da çox rollar oynadı. Haqqında kitablar yazılıb, çoxsaylı məqalələr dərc olunub.

Dövlətimiz onun xidmətlərini çox yüksək qiymətləndirmişdi. “Xalq artisti” fəxri adına layiq görülmüşdü. “Şöhrət” ordeni ilə təltif olunmuşdu. “ İstintaq” filmindəki roluna görə SSRİ Dövlət mükafatı almışdı. “Axırıncı aşırım” filmindəki Abasqulu bəy Şadlinski roluna görə ona ümumittifaq kinofestivalında ən yaxşı kişi rolu üçün mükafat verilmişdi. Çox idi mükafatları. Bütün bunları Həsən müəllim öz gərgin zəhməti hesabına qazanmışdı. O, öz xalqına sədaqətlə xidmət etdi. Özündən sonra onu ürəkdən sevən tamaşaçılara nə qədər filmlər qoyub getdi. Və bu gün həmin filmlərin qəhrəmanları bu xalqın övladlarına çox şeylər danışır, onları şər qüvvələrdən qorunmağa çağırır.

 Bu böyük sənətkar 2003-cü ilin 26 avqustunda həyatla vidalaşdı. Onun məzarı II Fəxri Xiyabandadır. Biz onu itirsək də, xatirəsi əbədi olaraq sənətsevərlərin yaddaşında yaşayacaq.

 Mehdi MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında