Moskvada Azərbaycanın xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olunmuşdur

 

Moskva Millətlər Evində Azərbaycanın xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olunmuşdur.

Moskva Beynəlxalq Əməkdaşlıq, Milli Siyasət və Dini Qurumlarla Əlaqə Departamenti, Moskva Millətlər Evi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva Bölməsi və “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin birgə təşkil etdikləri gecədə görkəmli şairin oğlu, Azərbaycanın xalq yazıçısı Anar və yazıçı Günel Anarqızı iştirak etmişlər.

AYB-nin Moskva Bölməsinin sədri, professor Tofiq Məlikli gecəni açaraq görkəmli şəxsiyyət, təkrarsız lirik şeirlər müəllifi Nigar Rəfibəylinin həyat və yaradıcılığından geniş söhbət açmışdır. Bildirmişdir ki, Nigar Rəfibəylinin poeziyasını saf qəlbin poeziyası adlandırmaq olar və bu poeziya əbədi yaşayacaqdır. Vurğulamışdır ki, bu gün Nigar Rəfibəylinin adı həm də əsl Azərbaycan qadınının simvoluna çevrilmişdir. Onun Vətəninə, xalqına, ailəsinə sevgisi tükənməz olmuş və bu sonsuz məhəbbət şairin əsərlərində əksini tapmışdır.

AYB-nin Moskva Bölməsinin sədri şairin irsinin gələcək nəsillər üçün qorunub saxlanmasının əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Azərbaycanın gənc nəslinin öz yaradıcılığında xeyirxahlığı, Vətəninə, xalqına sevgini tərənnüm edən Nigar Rəfibəylinin və Rəsul Rzanın əsərlərinə maraq göstərməsi sevindirici haldır.  Belə gənclərdən biri də Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti bölməsinin icraçı direktoru Araz Mürsəliyevdir.

Tofiq Məlikli “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin fəaliyyətində yaxından iştirakına və Rusiyadakı Azərbaycan ictimai təşkilatları arasında qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə verdiyi töhfəyə görə Araz Mürsəliyevi fəxri fərmanla təltif etmişdir.

 

Moskva Dövlət Linqvistika Universitetinin müəllimi, professor Bella Musayevanın fikrincə, Nigar Rəfibəyli insan qəlbinin ən gizli guşələrinə yol tapa bilən sənətkardır. Diqqətə çatdırmışdır ki, Nigar Rəfibəyli poeziyasının başlıca xətti sevgidir. Onun bütün şeirlərində təbiətə, dünyaya, Vətənə, övlada sevgidən bəhs olunur. 

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova qeyd etmişdir ki, azadlığı tərənnüm edən Nigar Rəfibəyli poeziyasında həm də əsl Şərq qadınına məxsus müdriklik vardır. Nigar Rəfibəyli və Rəsul Rza ailəsi öz vətəndaşlıq mövqeyinə, Vətəninə, xalqına sadiqlik nümunəsidir.

Gecədə şairlərdən İlham Bədəlbəyli, Nəsib Nəbioğlu, Nilufər Şıxlı, tərcüməçilər və ədəbi tənqidçilər Nigar Rəfibəylinin yaradıcılığından danışmış, onun ömür-gün yoldaşı, xalq şairi Rəsul Rza ilə bağlı xatirələrini bölüşmüşlər.

AYB-nin sədri, xalq yazıçısı Anar Nigar Rəfibəylinin 100 illik yubileyinin Moskvada təşkil olunmasını yüksək qiymətləndirərək bildirmişdir ki, şairin Azərbaycandan kənarda yubiley tədbiri ilk olaraq Moskvada təşkil olunmuşdur. Bu da təsadüfi deyildir. Nigar Rəfibəyli ötən əsərin 30-cu illərində Moskva Pedaqoji Universitetində təhsil almışdır. Ancaq o, bizə repressiyalar dövrünün Moskvasından deyil, bu şəhərdə hökm sürən beynəlmiləlçilik, dostluq ruhundan danışırdı. Yəqin ki, Nigar xanım övladlarına nifrət, qisas hissləri aşılamamaq, onları bu ruhda böyütməmək üçün Moskvada keçirdiyi tələbəlik illərini gəncliyinin ən parlaq səhifələri kimi xatırlayırdı.

Xalq yazıçısı Anar Nigar Rəfibəylinin ailəsi adından yubiley gecəsinin təşkilatçılarına dərin təşəkkürünü bildirmişdir.

Gecədə Moskvanın 157 nömrəli Azərbaycan etnomədəni komponentli orta məktəbi şagirdlərinin, Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan dili bölməsinin tələbələrinin, habelə Rusiya paytaxtındakı “Dərviş” teatrının aktyorlarının ifasında Nigar Rəfibəylinin şeirləri, sözlərinə yazılmış mahnılar səslənmişdir.

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında