“Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi qeyd edilmişdir

 

Sentyabrın 30-da Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi qeyd edilmişdir.

Mərasim iştirakçıları əvvəlcə Nizami Kino Mərkəzinin qarşısında ötən əsrin 20-ci illərinə aid teatr səhnəciklərinə, yaddaqalan filmlərimizdə vaxtilə istifadə olunmuş geyimlər və rekvizit nümunələrinə, eləcə də mərkəzin foyesində kino sənətimizin inkişafını əks etdirən sərgiyə baxmışlar.

Yubiley mərasimi Azərbaycan kinosunun inkişaf tarixindən bəhs edən videokadrların nümayişi ilə başlanmışdır. 

Mərasim iştirakçılarını bayram münasibətilə təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, tədbir  Azərbaycan Prezidenti İlham Əliyevin kinostudiyanın yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında 2013-cü il 6 avqust tarixli sərəncamına uyğun olaraq keçirilir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan kino sənəti dünya kinosunun inkişaf prosesi ilə uzlaşaraq bütün mərhələləri keçmişdir. 1923-cü ildə kinostudiya yaranmış və səssiz filmlər çəkilmiş, 1936-cı ildə səsli, 1950-ci illərin əvvəllərində isə rəngli filmlər istehsal edilmişdir.

Qeyd olunmuşdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda kino istehsalı böhran yaşamışdır. Lakin ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, bu sahəyə də böyük diqqət göstərilmiş, ölkədə film çəkilişi bərpa edilmişdir.

Vurğulanmışdır ki, son on  ildə dövlət tərəfindən kino istehsalına böyük dəstək göstərilmiş və onun maddi-texniki bazası möhkəmləndirilmişdir. Dövlət başçısının 2008-ci il 4 avqust tarixli sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir.

Filmlərimizin bir çoxu beynəlxalq kino festivallarında uğurla nümayiş etdirilmiş, müxtəlif mükafatlara layiq görülmüşdür. Sevindirici haldır ki, kino istehsalına yaşlı nəsillə yanaşı, gənc nəsil də qoşulmuşdur.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov ölkəmizdə kino sənayesinə göstərilən böyük diqqət və qayğıdan danışmışlar.

Ukrayna Kinematoqrafçılar İttifaqının sədri Sergey Trimbaç, Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin, Riqa kinostudiyası idarə heyətinin sədri Vents Horsts və başqaları “Azəbaycanfilm” kinostudiyasının 90 illik yubileyi münasibətilə ürək sözlərini söyləmişlər.

Tədbir boyu Azərbaycan kinosunun inkişaf tarixindən bəhs edən kadrlar nümayiş etdirilmiş, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və Azərbaycan incəsənət ustalarının ifasında musiqi nömrələri təqdim edilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında