“Gəncə rəssamları” albomu “Xalq əmanəti” layihəsində “Xalq Bank”ın Gəncə filialının yeni binasında bədii qalereya fəaliyyətə başladı

 

Bu günlərdə Gəncə şəhərində “Xalq Bank”ın “Gəncə” filialının açılış mərasimi təntənəli  şəkildə qeyd olundu.  Həmin gün həm də onunla əlamətdar idi ki, paytaxtdan gələn çoxsaylı qonaqlar, Gəncə ziyalıları, sənət adamları və rəsmi şəxslərin iştirakı ilə filialın nəzdində bədii qalereyanın açılışı baş tutdu.

Qalereyanın açılışından sonra isə qonaqları daha bir sürpriz gözləyirdi. Belə ki, “Xalq əmanəti” layihəsi çərçivəsində nəşr olunan növbəti, sayca doqquzuncu buraxılış geniş ictimaiyyətə təqdim olundu. “Gəncə rəssamları” bədii albomu Nizami yurdunda yaşayıb-yaratmış 5 sənətkarın – rəssamlar Rza Məmmədov (1918-1994), Xalidə Səfərova (1926-2005), Gennadi Brijatyuk (1935-2008), Fazil Əliyev (1947-1993) və heykəltəraş Qorxmaz Sücəddinovun həyat və yaradıcılığına həsr olunub.

Mərasimdə rəsm qalereyasının divarlarını fırça ustalarının əsərləri bəzəyir, postamentlərdən inanılmaz dərəcədə real və canlı görünən Füzuli, Vaqif, Cavad xan və Eynşteyn “baxırdı”. Gəncənin bu ustadları Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr vermiş, milli incəsənətimizin zənginləşməsində özünəməxsus xidmətləri olan şəxsiyyətlərdir.

Tədbiri tanınmış telejurnalist və publisist Yusif Günaydın açaraq “Xalq Bank”ın bu layihəsinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə dünyaya tanıdılması haqqında geniş məlumat verdi. Həmçinin aparıcı qeyd etdi ki, bu layihə çərçivəsində çap olunan kitablar üç dildə – Azərbaycan, ingilis, rus dillərində çap olunur və bu nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Tədbirdə iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayaraq bildirdi ki, bu gün Gəncəyə və gəncəlilərə daha bir rəsm qalereyası hədiyyə olundu. Mən bütün gəncəlilər adından “Xalq Bank”ın rəhbərliyinə minnətdarlığımı bildirirəm, onlara həm bank sektorunda, həm də qeyd olunan layihə üzrə uğurlar və yüksək nailiyyətlər arzulayıram”.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov öz çıxışında hazırkı hadisənin əhəmiyyətini vurğuladı və rəssamlarla bağlı xoş xatirələri ilə bölüşdü. O, bankın bu təşəbbüsünü yüksək qiymətləndirərək bildirdi ki, “Xalq əmanəti” layihəsinin artıq bütün Azərbaycanı əhatə etməsi olduqca sevindirici haldır və biz əminik ki, “Xalq Bank”ın bu sahədə öz fəaliyyətini davam etdirəcək”. Tədbirdə rəssamların ailə üzvləri də iştirak edirdilər. Rəssam Fazil Əliyevin həyat yoldaşı Fatma xanım sərginin təşkilatçılarına və “Xalq əmanəti” layihəsinin müəlliflərinə, albom üzərində çalışanlara minnətdarlığını bildirərək dedi: - “Fazil ölməyib. O, bu gün bizim aramızdadır. Nə qədər ki, onun sənətini xatırlayan və sevən insanlar var, o yaşayacaq”.

Məlumat üçün bildirək ki, bank “Xalq əmanəti” layihəsi çərçivəsində Azərbaycan mədəniyyətinin parlaq nümayəndələrinin yaradıcılığına müraciət etməklə sənətsevərlərin dərin rəğbətini qazanmışdır. Bu layihə çərçivəsində xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova və Mahmud Tağıyevin bədii albomları, Məmməd Araz, Hüseyn Arif və Mikayıl Müşfiqin seçilmiş əsərləri, həmçinin görkəmli alim-numizmat, professor Əli Rəcəblinin müəllifi olduğu “Azərbaycan sikkələri” adlı kitabı işıq üzü görmüşdü.

 

İ.NİZAMİOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında