Son on ildə Azərbaycan dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir

 

Haqlı olaraq  deyillər ki, Azərbaycan mədəniyyəti dünyanı fəth edir. İndi dünyanın   elə bir ölkəsi yoxdur ki, orada  Azərbaycan mədəniyyəti və incəsənəti ilə   tanışlıq olmasın. Demək olar ki, hər il   müxtəlif ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilir,  rəssamlarımızın sərgiləri təşkil olunur, filmlərimiz festivallarda nümayiş olunur. Beynalxalq miqyasda  Azərbaycan  mədəniyyətini sevir, ona  böyük hörmət və məhəbbət bəsləyirlər. Bu  nailiyyətin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur.  Ulu öndər  deyirdi: “ Xalq  bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və  dünya xalqları içərisində  fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.

 Son on  il ərzində  qazanılmış mədəni nailiyyətlər  dövlətin yeritdiyi mədəniyyət siyasətinin  bariz nümunəsidir. Bu on il  ərzində  mədəni  həyatımızın inkişafına  dair qəbul olunan dövlət  proqramları bu sahənin davamlı inkişafına   güclü stimul yaratmışdır. 

Bu dövr ərzində dövlətin mədəniyyət siyasəti   şərəfli inkişaf yolu  keçdi. İslahatların prioritet sahələri müəyyənləşdirildi. Bunlar  mədəni və tarixi irsin mühafizəsi, yaradıcılığın dəstəklənməsi, milli kinematoqrafiyanın  dirçəldilməsi, mədəniyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi  və s.  məsələlər idi. Baxın, sonrakı illərdə hansı  layihələr  həyata keçirildi.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəniyyət və incəsənət sahəsində 1000-dən çox beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirilmiş, ölkəmiz bir çox beynəlxalq festival və müsabiqələrə ev sahibliyi etmişdir. Onların sırasında Beynəlxalq Rostropoviç festivalları, I və II beynəlxalq muğam festivalı və müsabiqələri, Bakı beynəlxalq caz festivalları, Ü.Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalları, Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi Qəbələ Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Teatr Konfransı, Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi, Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı,  I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı, I Beynəlxalq Kukla Biennalesi,  Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkası kimi mötəbər tədbirləri xüsusi qeyd etmək lazımdır.

Bu tədbirləri   sadalamaqla qurtaran deyil. Mədəniyyətin maddi-texniki bazasının  möhkəmləndirilməsi ilə bağlı həyata  keçirilən layihələr  milli mədəniyyətimizin inkişafına  ən  yaxşı töhfədir. Bakıda və regionlarımızın mərkəzlərində  teatrlarımız  təmir olunmuş, müasir standartlara uyğun   tamaşa müssisələri yaradılmışdır. Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı,  Milli Akademik Dram Teatrı,  Musiqili Komediya Teatrı əsaslı təmirdən sonra  tamaşaçıların ixtiyarına verilmişdir.  Bakıdakı Nizami kinoteatrında aparılan əsaslı təmir işləri onu    müasir Kino Mərkəzinə çevirmişdir. Bu gün həmin Kino Mərkəzi   beynəlxalq tədbirləri  yüksək səviyyədə keçirməyə imkan verir. Muzeylərimiz, kitabxanalarımız, mədəniyyət evləri və  sarayları da   öz görkəmini dəyişmiş, tamamilə yeniləşmişdir. Muğam Mərkəzinin və Xalça Muzeyinin inşası da təqdirəlayiq layihələrdəndir. Hər region mərkəzində yeni   mədəniyyət  sarayları, kitabxanalar, muzeylər inşa edilir, yaxud  da köhnələr yenidən əsaslı  təmir edilib  istifadəyə verilib. Elə bu yaxınlarda Şəmkirdə   istifadəyə verilən mədəniyyət obyektləri, Gənclik Mərkəzi, Bayraq muzeyi, Heydər Əliyev  Mərkəzi ətrafında yaradılan park   bunun canlı nümunəsidir. Digər  rayon mərkəzlərində də  belə  obyektlər  kifayət qədərdir.    

Bakıda və regionlarda yaradılan  Heydər Əliyev   parkları və muzeylər əsl mədəniyyət müəssisələrinə çevrilmişdir. Bunlar  xalqımızın istirahətinin təşkilində mühüm rol oynayır.

Dövlət sifarişi ilə çəkilən filmlərin sayı  ilbəil artmağa başlamışdır. Yeni filmlərimiz beynəlxalq festivallarda  mükafatlara layiq görülmüşlər.

Mən rəssamam, ölkədə  bu sənətə  göstərilən qayğının    şahidiyəm. Dəfələrlə Azərbaycan  rəssamlarının  xarici ölkələrdəki   sərgilərində iştirak etmişəm. Azərbaycan  rəssamlarının əsərlərinə  necə böyük marağın  olduğunun şahidi olmuşam. Ümumiyyətlə,  ölkədə təsviri sənətinin inkişafı, təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində görülən işlər  onu deməyə əsas verir ki,  bu sənət  həqiqətən  yüksək inkişaf  yoluna çıxarılmışdır. Son on ildə  bu sahədə 400-ə yaxın respublika və beynəlxalq əhəmiyyətli tədbir və sərgilər keçirilmişdir. 2007, 2009 və 2011-ci illərdə İtaliyada keçirilən Dünya Təsviri Sənət Sərgisində (Venesiya Biennalesi) Azərbaycan pavilyonu təşkil edilmişdir. 2012-ci il 9-16 dekabr tarixində nazirliyin Azərbaycan Rəssamlar İttifaqı və “Yarat”  Müasir İncəsənət Məkanı ilə birlikdə Bakıda təşkil etdiyi “Zamanın simaları” mövzusunda “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesi geniş maraq doğurmuşdur. Gənc rəssamlara xüsusi  qayğı göstərilir.  Yeni istedadların  üzə çıxarılması üçün müsabiqələr, sərgilər keçirilir.  Xüsusilə gənclər təşkilatları bu işdə xüsusi fəallıq  göstərirlər. Məsələn, “Yarat” Müasir İncəsənət Məkanı    belə  müstəqil  qeyri-hökumət   təşkilatıdır. Onun əsas məqsədlərindən biri  də  gənclərə dəstək verilməsi, gənc istedadların üzə çıxarılmasıdır.

Bəhs olunan dövrdə Azərbaycanın mədəni irsinin özünəməxsusluğunun qorunub saxlanılması, tarix-mədəniyyət abidələrinin öyrənilməsi və mühafizəsi ilə bağlı ardıcıl tədbirlər görülmüşdür.

2007-ci ilin 29 iyun tarixində Qobustan Milli Tarix-Bədii Qoruğu YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. 2012-ci ilin martında Qobustan qoruğunun yeni inzibati binası və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyasının rəsmi açılış mərasimi olmuşdur. ABŞ Dövlət Departamenti Qobustan Qoruğunu “Museum connect 2012”  layihəsinə tərəfdaş  seçmişdir.

 Heydər Əliyev Fondunun  prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın incəsənətimizin inkişafına verdiyi dəstək bu gün də davam edir. Muğam sənətimizin  inkişafı yolunda  Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xalqımız tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır.

 Mədəniyyət tariximizə bir sıra görkəmli şair, yazıçı və mütəfəkkirlərimizin yubileylərinin  dövlət səviyyəsində qeyd olunması ənənəvi hal almışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq  təkcə 2012-ci il ərzində Nizami Gəncəvinin 870, Mirzə Fətəli Axundzadənin 200, Xurşudbanu Natəvanın 180, Mirzə Ələkbər Sabirin 150, Məmməd Səid Ordubadinin 140,  Hüseyn Cavidin 130, Əhməd Cavadın 120, Mirvarid Dilbazinin 100,  Xəlil Rza Ulutürkün 80 illik yubileyləri geniş tədbirlərlə qeyd olunmuşdur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi xüsusilə genişmiqyaslı olmuşdur. 2012-ci ilin sentyabr ayında şairin vətəni Gəncədə, oktyabrda Bakıda 14 ölkədən 150-dən çox qonağın iştirakı ilə keçirilən tədbirlər beynəlxalq miqyaslı ədəbiyyat bayramına çevrilmişdir. Hindistanın İ.Qandi adına Mədəniyyət Mərkəzi ilə birgə 2012-ci ilin noyabr ayında Nyu Dehli şəhərində Nizami Gəncəviyə həsr edilmiş elmi konfrans, dekorativ, rəsm, xalça, numizmatika və tematik kitab sərgisi keçirilmişdir.

Ötən on ildə  Mədəniyyət və Turizm Nazirliyinin ən geniş sahələrindən olan kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi prioritet istiqamətlərdən biri olaraq qalmışdır. Prezidentin 20 aprel 2007-ci il tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə”, 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə müvafiq sərəncamlarına uyğun olaraq kitabxanalar vahid informasiya sahəsinə daxil olmuş, şəhər, rayon mərkəzi kitabxanalarının veb-saytları yaradılmış, elektron kataloq və elektron kitabxanalar təşkil olunmağa başlanmışdır.

2006-cı ilin oktyabrında Parisdə YUNESKO-nun baş qərargahında təşkilatın 60 illiyinə həsr olunmuş həftə çərçivəsində “Azərbaycan: sivilizasiyalar və mədəniyyətlərin kəsişməsində” mövzusuna həsr olunmuş tədbir təşkil edilmişdir. Həmin il Bakıda islam ölkələri turizm nazirlərinin V konfransı keçirilmişdir. 2007-ci ildə YUNESKO-da görkəmli xalçaçı-rəssam Lətif Kərimovun, 2008-ci ildə Mir Cəlal Paşayevin və “Leyli və Məcnun” operasının 100 illik yubileyləri qeyd olunmuşdur. Azərbaycanın təşəbbüsü ilə 2008-ci ilin 2-3 dekabr tarixində Bakıda Avropa və İSESKO-ya üzv bir sıra dövlətlərin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı keçirilmişdir. Tədbirdə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul olunmuş beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun inkişafına dair “Bakı prosesi”nin əsası qoyulmuşdur. Bu prosesin davamı olaraq  7-9 aprel 2011-ci il tarixində Bakıda təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmiş, 100-dən çox ölkə nümayəndəsinin qatıldığı tədbir geniş beynəlxalq rezonans doğurmuşdur. Forum dünyada yeganə beynəlxalq tədbirdir ki, YUNESKO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESKO, Avropa Şurasının Şimal-Cənub Mərkəzi kimi nüfuzlu qurumlar onun təşkilində əməkdaşlıq edir. Ölkə başçısının 27 may 2011-ci il tarixli sərəncamı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən bir Bakıda keçirilməsi qərara alınmışdır və bu il 29 may - 1 iyun tarixində paytaxtımız növbəti dəfə bu mötəbər tədbirə ev sahibliyi etmişdir. 2009-cu ildə Bakı şəhəri İslam Mədəniyyətinin Paytaxtı elan olunmuş, il ərzində 100-dən çox milli və beynəlxalq tədbir təşkil edilmişdir.

2009-cu ildə Azərbaycan Aşıq sənəti və Novruz bayramı YUNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilmişdir. 2010-cu ildə Azərbaycan Xalça sənəti, 2012-ci ilin dekabrında isə tar ifaçılıq sənətimiz YUNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Mədəniyyətə göstərilən qayğı və diqqət ilbəil artır.   Sərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanda  hər iki qitənin mədəniyyətlərinin  sintezi  fonunda  çox zəngin bir mədəni irs  formalaşmışdır. Bu gün həmin  mədəni irs   qorunur, inkişaf etdirilir  və  gələcək nəsillərə  çatdırılması üçün    strateji istiqamətlər müəyyənləşdirilir. İnanırıq ki, Azərbaycan  Respublikası  öz mədəni nailiyyətləri ilə də  dünyanın  inkişaf etmiş dövlətləri səviyyəsinə çatacaq.

 

Elçin ORUCOV,

 əməkdar mədəniyyət işçisi,

 rəssam 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında