Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi yad olunmuşdur

 

18 sentyabr - Milli Musiqi Günü hər il ölkəmizdə geniş şəkildə qeyd edilməkdədir. Bu musiqi bayramı həm də tarixə 128 il bundan əvvəl dünyaya göz açmış dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunmuşdur.

Bu münasibətilə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək dahi bəstəkar Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət, incəsənət xadimlərinin məzarlarını ziyarət etmişlər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edərək demişdir ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini ulu öndər Heydər Əliyev qoymuşdur. Ümummilli liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Diqqətə çatdırılmışdır ki, bu il həm də dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının yazılmasının 100 illik yubileyi qeyd olunur. Bir müddət əvvəl bu əsər ABŞ-ın Los-Anceles şəhərində böyük müvəffəqiyyətlə oynanılmışdır. Hazırda Fransanın paytaxtında və digər şəhərlərində onun əsərləri artıq Azərbaycan musiqiçiləri ilə yanaşı, dünyanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə səhnəyə qoyulur və böyük tamaşaçı auditoriyasının rəğbətini, sevgisini qazanır.

Bildirilmişdir ki, həmişə olduğu kimi, bu dəfə də sentyabrın 18-dən başlanaraq böyük beynəlxalq tədbirlərlə yanaşı, bütün musiqi müəssisələrində dahi Üzeyir Hacıbəylinin doğum günü qeyd olunacaq və bu gündən Azərbaycanın yeni musiqi mövsümü başlanır. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  Azərbaycanda sentyabrın 18-də başlanan Üzeyir Hacıbəyli V Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-dək davam edəcəkdir. 

Ölkəmizdə fəaliyyət göstərən teatrların, musiqi məktəblərinin təmir və bərpasına, orada çalışan kollektivlər üçün yaradılan yüksək şəraitə hamının ürəkdən sevindiyini vurğulayan nazir Azərbaycan dövlətinə və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya dərin təşəkkürünü bildirmişdir.

Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin adının  əbədi yaşayacağını, Azərbaycan xalqının onun işıqlı simasına baxaraq yeni musiqi zirvələri fəth edəcəyinə əmin olduğunu bildirmişdir. Sentyabrın 18-nin həm də görkəmli bəstəkar Müslüm Maqomayevin doğun günü olduğunu deyən nazir, bu iki şəxsiyyətin  adının Azərbaycan mədəniyyəti tarixində həmişə ehtiramla yad olunacağını bildirmişdir.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, xalq artisti, professor Firəngiz Əlizadə dahi bəstəkarın şərəfli ömür yolundan, zəngin yaradıcılığından söz açmışdır. Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının artıq beşinci ildir keçirildiyini vurğulayan ABİ-nin sədri bu möhtəşəm tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirmişdir. Qeyd edilmişdir ki, Üzeyir Hacıbəyliyə həsr edilmiş festivalın coğrafiyası hər il genişlənir. Biz festival çərçivəsində təkcə dünya şöhrətli bəstəkarımızın deyil, eyni zamanda, bir çox tanınmış musiqiçilərin əsərlərini dinləyir və onların yaradıcılığı ilə yaxından tanış olmaq imkanı əldə edirik.

Sonra Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Şəbi-hicran”ı  səslənmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında