Amerika vaxtilə sentyabrın 7-də (Bakı vaxtilə sentyabrın 8-də) dünya kinosunun paytaxtı Los Ancelesin səhnəsində Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettası tamaşaya qoyulacaqdır. Artıq operettanın anşlaqla keçəcəyini demək olar. Ona görə ki, teatrın konsert zalına bütün biletlər sifariş olunmuşdur.
Bütün müsəlman aləmində ilk müzikl olan “Arşın mal alan” bu il 100 illik yubileyini qeyd edir. Altmışdan artıq dilə tərcümə olunmuş bu operetta Çində, Çexiyada, Bolqarıstanda səhnələşdirilmişdir. Altı il bundan əvvəl isə əsərin Los Anceles premyerasının prodüseri Maykl Şnak onu Vyanada təqdim etmişdir. Lakin bu səviyyədə ABŞ-da “Arşın mal alan” ilk dəfədir ki, səhnəyə çıxarılır.
Tamaşa ilə bağlı fikirlərini bildirən Los Anceles sakini Betsi Bler demişdir: “Mən çox həyəcanlıyam. Sabah Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının premyerası olacaqdır. Bu musiqini ilk dəfə mən 20 il bundan əvvəl eşitmişəm. İndi isə biz onu burada görə və eşidə biləcəyik. Çox maraqlı süjeti var və tamaşada Amerika aktyorları iştirak edir. Gözəl musiqisi olan bu operetta təsirli məhəbbət hekayəsidir”.
Yüz il bundan əvvəl Üzeyir Hacıbəyli bu əsərini neft maqnatı Hacı Zeynalabdin Tağıyevin köməyi ilə bütün dünyaya təqdim etmişdir. Simvolik olaraq isə 100 ildən sonra dahi Ü.Hacıbəylinin bu əsəri ABŞ-da dünya enerji ehtiyatları bazarlarında öz sözünü demiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə səhnələşdirilir. Tamaşanın təşkilində, həmçinin Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun da rolu böyükdür.
Üzeyir Hacıbəyli “Arşın mal alan” əsərini 1913-cü ildə Peterburq Universitetinin tələbəsi olduğu vaxt yazmışdır. Gənc bəstəkar əsərini müəllimi, professor V.Kalafatiyə, o isə rektor A.Qlazunova göstərmişdir. Üzeyir Hacıbəylinin gündəliyində belə bir ifadə var: “Rəy bütün gözlənilənlərdən artıq oldu. Dahi V.Qlazunov deyir ki, Rusiyada ilk musiqili operetta yaranmışdır”.
1913-cü il oktyabrın 25-də isə Artıq Bakıdakı Tağıyev Teatrında “Arşın mal alan” ilk dəfə səhnələşdirilmişdir. Onun ilk rejissoru Hüseyn Ərəblinski olmuşdur. Lakin plagiat cəhdləri bu şah əsərin xoşbəxt səhnə taleyinə kölgə salmışdır. 1915-ci ildə ilk dəfə belə bir fərziyyə ortaya çıxmışdır ki, “Arşın mal alan” guya erməni operettasıdır. Elə bundan sonra əsərin erməniləşdirilməsi ənənəsinin əsası qoyulmuşdur. Sidrak Mahalyan operettanın erməni dilinə tərcüməsinə icazə aldıqdan sonra afişalarda müəllifin adını silmişdi. Bu hələ başlanğıc idi. Bunun ardınca Voskonyan və digərlərinin truppaları ortaya çıxmışdır. Bu azmış kimi erməni rejissor tərəfindən müəllifin adı qeyd edilmədən “Arşın mal alan” ekranlaşdırılmışdır. Amma ermənilər bir şeyi nəzərə almamışdılar. Hadisələr Qarabağın ürəyi olan Şuşada baş verirdi. Şərqdə bəy gəlinini toya qədər görə bilməzdi, buna görə də operettanın qəhrəmanı, varlı gənc Əsgər dostu Süleymanın məsləhəti ilə arşın malçı kimi geyinir. Arşın malı satanlar evlərdə öz mallarını qadınlara və qızlara təklif edirdilər, onlar isə seçim edərkən üzlərini bağlamırdılar. Bundan sonra Əsgər istənilən həyətə daxil olaraq özünə qız seçə bilərdi.
Müzikldə kifayət qədər mahnı və yumor var, qəhrəmanlar üçünsə hər şey xoşbəxt sonluqla - toyla başa çatır.
Los Anceles premyerası üçün bütün səhnə geyimlərinin Bakıda tikildiyini deyən Bakı milli geyim evinin kreativ direktoru Könül Vəlibəyli bildirmişdir: “Biz çox gözəl geyimlər hazırladıq. Son toy səhnəsində 20 aktyor milli geyimdə səhnəyə çıxacaqlar. Geyimlər çox gözəldir. Onlar milli koloriti əks etdirir. Bu, bütün dünyaya Azərbaycan milli geyimlərini nümayiş etdirmək üçün yaxşı imkandır”.
Müsəlman Şərqində məhəbbət əhvalatı öz-özlüyündə Qərb insanında böyük maraq doğurur. Məhz bu sənət əsəri sentyabrın 8-də Amerika səhnəsində ifa ediləcəkdir. Dialoqlar ingilis, ariyalar isə Azərbaycan dilində, tərcüməsi ingilis dilində subtitrlərlə təqdim olunacaqdır. Hələlik orkestr məşq edir, biz isə səbirsizliklə “Arşın mal alan”ın Los Ancelesi fəth etməsini gözləyirik.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.