Hər bir nömrəsi tələbkar fransız oxucuları tərəfindən böyük maraqla qarşılanan nüfuzlu “İncəsənət” (“Beaux arts”) jurnalının əsası 1983-cü ildə qoyulmuşdur.
Jurnalda qədim və müasir incəsənət əsərləri, dünyanın tanınmış rəssamları və onların yaradıcılıqları, rəsm əsərlərindən ibarət sərgilər haqqında yazılara, sənətşünasların ayrı-ayrı rəsmlər barədə fikirlərinə geniş yer verilir. Ojen Delekrua, Eduard Mane, Klod Mone, Ogüst Renuar kimi dünya şöhrətli fransız rəssamlarının vətəni Fransada nəşr olunan jurnalın 351-ci nömrəsində 22 yaşlı gənc istedadlı rəssam Məryəm Ələkbərlinin yaradıcılığından bəhs etməsi heç də təsadüfi deyildir. 2011-ci ildə UNESCO-nun xətti ilə Parisdə ayrıca sərgisi təşkil olunan, müxtəlif vaxtlarda keçirilən sərgilərdə əsərləri nümayiş etdirilən Məryəm Ələkbərlini dünyanın mədəniyyət beşiyi hesab olunan Fransada yaxşı tanıyırlar. Tanınmış rəssamlar və incəsənət mütəxəssisləri onun əsərlərini yüksək qiymətləndirirlər.
Fransanın nüfuzlu Dekorativ İncəsənət Məktəbində sərbəst müdavim kimi təhsilini davam etdirən gənc rəssam Məryəm Ələkbərlinin öz rənglər dünyası vardır. Məryəm Ələkbərli bu rənglər dünyasına öz gözü ilə baxır və ürəyinə yatan mövzuları seçərək sehrli fırçası ilə, müxtəlif rəngli boyalarla ağ kətana köçürür.
Jurnal haqlı olaraq dünyanın rənglərinə öz gözü ilə baxan və duyğularına uyğun seçim edərək maraqlı əsərlər yaradan gənc azərbaycanlı rəssam və onun yaradıcılığından söhbət açan yazını “Məryəmin gözləri ilə” sərlövhəsi altında dərc etmişdir. Həmin yazının tərcüməsini təqdim edirik.
Məryəmin gözü ilə
Rəssamın təsiri haqqında, Qogeni yada salan al-əlvan peyzajları, Pikassonun sərbəst fırçasını xatırladan, bir qədər təhrif olunmuş portretlər barədə, Matissanı xatırladan bu şirnikləndirici çılpaqlıq barədə saatlarla danışmaq mümkündür. Bu, azərbaycanlı rəssam Məryəm Ələkbərlinin xüsusi istedadına və dərin orijinal baxışlarına yanaşmaq olardı. Bakıda anadan olmuş 22 yaşlı Məryəm Ələkbərlinin əsərləri sentyabr ayının birinci həftəsində Dovildə Amerika filmləri festivalı ilə eyni vaxtda, lakin bu festivaldan asılı olmayaraq sərgilənəcəkdir. Sərgi Məryəmin səmimiliyindən və istedadından riqqətə gəlmiş Jülyet Binoşun himayəsi altında təşkil edilir. “Otel Normandy” və “Otel Royal”ın divarları arasında təşkil ediləcək sərgidə Məryəmin son üç ildə yaradıcılıq məkanı kimi seçdiyi Parisdə yaratdığı əsərlərin təxminən 70-i nümayiş etdiriləcəkdir.
Bəli, Məryəmin yaradıcılığı çoxşaxəlidir. Lakin onun yaradıcılığının qeyri-adiliyi təkcə bundan ibarət deyil. Məryəm trisomiya-21 adlanan Daun sindromundan əziyyət çəkir. O, son dərəcə çox və qeyri-adi həvəslə ona görə şəkil çəkir ki, rəsm sənətinin bütün formalarında (quaş, pastel, akril, kömür...) yaratdığı əsərlər onun həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Bu gənc qız genetik xəstəliyin daşıyıcısı olmaqdan əvvəl azad sənətkardır. Onun bizə bəxş etdiyi sevinc və gözəlliklərlə dolu dünya belə bir ümid verir: Dünyaya Məryəmin gözləri ilə baxaraq yaşamaq necə gözəldir!
Pikasso demişdir: “8 yaşım olanda mən Rafael idim, bütün həyatımı uşaq kimi rəsm çəkmək bacarığına həsr etdim”. Məryəm öz fitri istedadını qoruyub saxlamış və daha məşhur rəssamların yaradıcılığını klassik mənada öyrənməklə öz istedadını gücləndirmişdir. Valideynləri lap əvvəldən öz sevimli qızlarının imkanlarını mümkün qədər üzə çıxarmağa və onun özünü ifadə etməsi üçün üsullar tapmağa çalışırdılar. Məryəm 8 yaşında yevritmiya rəqsi ilə məşğul olmağa başlamışdır. Rəqsin bu növündə musiqi və sözlər notlara və səslərə uyğun olaraq xüsusi bədən hərəkətləri ilə ifadə olunur. Bizeni və onun Karmenini çox xoşlayan Məryəm musiqiyə marağını hələ də qoruyub saxlayır. Lakin onun emosiyalarına çox diqqətlə yanaşan ailə üzvləri tezliklə hiss edirlər ki, Məryəm təsviri sənəti daha dərindən duyur. Onu məktəbə göndərirlər. Liseydən əvvəl Moskvada təhsil alır. Azərbaycan, rus və ingilis dillərində danışır.
Bir qədər böyüyəndən sonra xüsusi müəllimlərin nəzarəti altında rəsm çəkməklə məşğul olan Məryəm Parisə səyahət edir və ilk baxışdan bu şəhərə vurulur. Məryəm Parisdə tez-tez Luvr və Orsey muzeylərinin zallarında olur, vaxtilə kitablardan tanış olduğu ən böyük rəssamların əsərlərini, nəhayət, burada görür. Məryəmin rəsmlərinin sayı get-gedə artırdı. Onun valideynləri qeyri-adi istedada sahib olan övladlarının qayğısına qalır, incəsənət xadimləri ilə məsləhətləşirdilər. Onların tövsiyəsi ilə 2010-cu ildə Bakı Rəsm Qalereyasında Məryəmin “Mənim möcüzəli dünyam” adlı ilk sərgisi təşkil olunmuşdur. Sərgi böyük uğurla keçmişdir. Sonra onun yaradıcılığına həsr edilmiş kitab bir sıra dillərə tərcümə olunaraq nəşr edilmişdir. Beynəlxalq aləmdə tanınmış incəsənət tənqidçiləri Məryəmin yaradıcılığı ilə maraqlanırlar. 2011-ci ildə onun əsərləri UNESCO-nun xətti ilə Parisdə nümayiş etdirilmişdir.
Məryəmin müəllimlərindən biri - Lyuk deyir: “Məryəm rəqs edəndə də, rəsm çəkəndə də bu işlərindən çox böyük həzz alır. Özünü son dərəcə xoşbəxt hiss edir. Mən heç vaxt belə şey görməmişəm”.
Əsas məsələ rəsmin mövzusu və icra texnikası deyil (hətta bunu mükəmməl mənimsəmiş olsa belə), Məryəmin özünü gördüyü işə tam həsr etməsidir. Bərpaçı-rəssam müəyyən rəsm əsərinin əsl nüsxəsinə identik nüsxə yarada bilər, lakin bu nüsxədə əsl nüsxəyə xas olan parlaqlıq görünməyəcəkdir.
Məryəm həyatın rəsmini çəkir. Nanterdə müasir incəsənət tarixçisi, professor Tyerri Düfren Məryəmin sənət aləmi ilə özünün tanışlığını belə təsvir edir: “Məryəmin mücərrəd kompozisiyalarını, quaşla çəkdiyi əsərləri görən kimi başa düşdüm ki, onun işləri varlığın ilkin səbəbinə qayıdışdır, bu aləmdə hər şey yalnız təmiz işıqdan ibarətdir”.
Məryəmin böyük qardaşı da bacısının rəsm əsərlərinin fövqəladə xarakterini özünəməxsus tərzdə təhlil edir. Bu əsərlərdə estetizm həqiqətin, Məryəm həqiqətinin ifadəsindən azdır. O deyir: “Mən Məryəmin işlərində xətlərin, rənglərin və kölgələrin harmoniyasını onun qəlbində səslənən melodiya ilə izah edirəm”.
Bu melodiyanın adı istedaddır. Lakin Məryəmin yaradıcılığını hər hansı komplekslərdən azad olan təbiətindən bəhrələnən bir istedad, bir xoş təsadüf kimi izah etmək səhv olardı. Bu gənc qız çox güclü iradəsi və daim irəli getmək arzusu sayəsində başladığı işləri tamamlamağa nail olur. Üç ildir ki, Parisdə yaşayır. Bu müddətdə fransız dilini öyrənmişdir. Öz rəsm üslubunu təkmilləşdirmək üçün hər gün çalışır. Bir ildir ki, çox nüfuzlu Dekorativ İncəsənət Məktəbinin kurslarına azad müdavim kimi qulaq asır. O, həm də rəsm studiyasına yazılmışdır. Burada “normal” şagirdlərlə bərabər, onlarla eyni ritmdə fəaliyyət göstərir. Ona təqdim edilən tələblər başqa şagirdlərlə eyni səviyyədədir. Cəsarətli və iradəli Məryəm yorulmadan çalışır, heç vaxt şikayətlənmir və əli işdən soyumur.
İstedadlı fırça ustasının rəfiqəsi İradə deyir: “Məryəm rəsm çəkəndə bütün diqqətini bu iş üzərində cəmləşdirir. Onun sevinci və çalışqanlığı başqalarına çox güclü təsir göstərir. O, ətrafındakı insanları öz ritminə cəlb edir. Məryəm o qədər səmimi, başqalarına münasibətdə o qədər diqqətlidir ki, hamı onun yanında olmaq istəyir. Üstəlik, onun qətiyyəti insanı heyran edir”.
Nurlu, nazlı-qəmzəli bu gəncin bizə dediklərini eşitmək lazımdır. Barmaqlarına dəniz dalğası rəngində lak çəkən, dəri gödəkçə və güllü don geyən Məryəm dünyaya müasirlərinin gözü ilə baxmağı bacarır. İnsana güc verən bu ideya bizi daha inamlı olmağa, qarşılıqlı ünsiyyət sevincini daha dərindən hiss etməyə ruhlandırır.
Gözlərinizi açın, imkan verin, sizi ovsunlasınlar.
Öz şöhrət zirvəsinə istedadı və zəhmətsevərliyi sayəsində inadla ucalan 22 yaşlı Məryəmin həyat kitabçasına neçə-neçə biri-birindən maraqlı, dolğun yaradıcılıq səhifələri yazılacaqdır.
Ona bu yolda uğurlar arzulayırıq.
Əsgər ƏLİYEV
AzərTAc-ın xüsusi müxbiri
Paris
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.