Türkiyədə yaşayan azərbaycanlı rəssamların sənət uğurları

 “Türkiyə Azərbaycanın müstəqilliyini dünya dövlətləri arasında birinci tanımışdır.Xalqlarımızın tarixi keçmişində, milli ənənələrində, mədəniyyətində çox oxşarlıq var. Dəfələrlə demişəm və bu gün yenə də qeyd edirəm ki, biz bir kökdən olan xalqlarıq, ona görə də xalqlarımızın arasında sıx  əlaqələr olması təbii haldır.”

Ulu öndərimiz Heydər Əliyevin  söylədiyi bu fikirlər zaman keçdikcə Azərbaycan və Türkiyənin bir millət, iki dövlət halında birliyinin parlaq rəmzinə çevrilir. İki dost, qardaş, ortaq soy kökünə, dil, din cəhətdən bir-birinə  bağlı olan, eyni millətə mənsub ölkələr  və xalqlar arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Bizim yaşadığımız dövrdə isə iki dost və qardaş dövlət strateji tərəfdaş səviyyəsinə yüksəlmişdir.

Bu gün bir çox sahələrdə olduğu kimi, mədəni əlaqələrimizin inkişafında mühüm nailiyyətlər  əldə edilir, yeni-yeni əsərlər yaranır.  Bu baxımdan Türkiyədə yaşayan azərbaycanlı  rəssamların sərgisinə aid “Bir millət, iki dövlət” adlı kataloqun nəşr edilməsi ölkələrimiz arasında sıxlaşan mədəni münasibətləri bir daha nümayiş  etdirir. Türkiyənin Anadolu Universiteti Gözəl Sənətlər Fakültəsinin nəşr etdiyi dərgidə – sərgi kataloqunda   28 azərbaycanlı rəssamın həyat və fəaliyyəti, sərgiləri və yaradıcılığı haqqında   məlumat verilmiş, onların foto-şəkilləri və rəsm əsərləri dərc olunmuşdur.  Anadolu Universitetinin rektoru, professor Davut Aydının  yazdığı ön sözdən məlum olur ki, Türkiyə ilə qardaş Azərbaycan arasında iqtisadi-ticarət, mədəniyyət, təhsil, sənət və digər sahələrin inkişafı iki ölkənin strateji ortaqlığının faydalı olmasını, ölkələrimizin bir-birini yaxından tanımasını, əlaqələrimizin daha da genişlənməsini göstərir, keçmişimizə bağlılığımızı əks etdirir, gələcək münasibətlərimizi gücləndirir. Bu günədək ölkələrimizin ortaq mədəniyyətinin inkişafı naminə müxtəlif addımlar atılsa da, qarşılıqlı münasibətlərdə Anadolu Universitetinin həyata keçirdiyi layihələr diqqəti daha çox cəlb edir. Bu məqsədlə Anadolu Universiteti Kitabxana və Sənədlər Mərkəzində Heydər Əliyev Elmi Araşdırma Mərkəzinin yaradılması  mühüm əhəmiyyət kəsb edir. Mərkəzdə elm, təhsil, texniki, sosial, mədəni sahələrdə qarşılıqlı araşdırmalar və elmi işlərin aparılması əlaqələrimizin genişlənməsi üçün yeni bir zəmin olacaqdır.

Azərbaycan ilə mədəni əlaqələri  illər boyunca davam etdirən Anadolu Universitetinin Gözəl Sənətlər Fakültəsinin təşəbbüsü ilə həyata keçirilən “Türkiyədə yaşayan azərbaycanlı rəssamlar” rəsm sərgisi incəsənət sahəsində əlaqələrin inkişafında önəmli bir addımdır. “Bir millət, iki dövlət” kəlamının, yaxınlığın, qardaşlığın inkişafının ifadəsidir.

Gözəl Sənətlər Fakültəsinin dekanı, professor Bilgihan Uzuner nəşrin əlaqələndiricisi olaraq qeyd edir ki, Heydər Əliyev Elmi Araşdırma Mərkəzinin yaradılması qardaş Azərbaycan ilə qarşılıqlı əlaqələrimizi gücləndirir. Mərkəzin açılışı münasibətilə Türkiyədə yaşayan azərbaycanlı rəssamların rəsm sərgisinin təşkili mədəni körpülərimizi  möhkəmləndirir və  iki xalqın bir-birini daha yaxından tanımasına kömək edir. Türkiyə və Azərbaycan mədəniyyətlərinin qovuşması,  bir millət kimi formalaşması qardaşlığın, bütün insanlığın rəmzinə çeviriləcəkdir.

Azərbaycanlı rəssamlar, professorlar Arif Ələsgərov, Məmməd Şirzad, Məhəmməd Yüzbaşiyev, dosentlər, tanınmış rəssamlar Lətafət Məmmədova, Rasim Nəzirov, Məhəmməd Əliyev, Pərvanə Əlizadə, Zakir Mehdiyev, Zemfira Verdiyeva və başqalarının kataloqa salınmış əsərləri İstanbulun, Bakının, Xəzər dənizinin, eləcə də Trabzonun, Bursanın mənzərələrinə, şəhər və kəndlərimizin gözəlliyinə, təbiətinə həsr olunmaqla  yanaşı, xalqlarımızın  müstəqilliyini, mübarizəsini, adət-ənənələrini, ölkələrimizin  qədimliyini, rəssamlarımızın ideya və düşüncələrini əks etdirir. Bu baxımdan yağlı boya ilə çəkilmiş Rafiq Əzizin “Heydər Əliyevin portreti”, Ədalət Qayanın “İstanbulun düşüncələri”, Lətafət Məmmədovanın “İçəri Şəhər”, Məmməd Şirzadın “Yolun sonu”, Məhəmməd  Əliyevin “Özgürlük”, Sadıq Babayevin “Bizim köyümüz”,Teymur Rzayevin “ Qarışıq çiçəklər”, Zakir Mehdiyevin “Xına gecəsi” və onlarca digər əsərləri göstərmək olar.

“Bir millət, iki dövlət” adlı Türkiyədə yaşayan Azərbaycan rəssamlarının Əskişəhərdə keçirilən sərgisinə həsr olunmuş  kataloqda toplanmış əsərlərilə tanış olduqca, fırça  ustalarımızın sənətkarlığı, onların hər birinin Tükiyədə rəssamlıq və təhsil fəaliyyətləri, dünyanın bir sıra ölkələrində beynəlxalq və fərdi sərgilərdə iştirakı, tanınması, sənət uğurları qəlbimizdə sevinc və iftixar hissləri doğurur.

 

A.SADIQOĞLU,

 “Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında