Böyük sənəti istedadlı insanlar yaradır

Böyük ənənələrə malik milli kinomuzun  yaradıcıları sırasında  Vaqif Mustafayevin  özünəməxsus  yeri var. Onun  yüksək milli ənənələrə söykənən  filmləri Azərbaycanımızı dünyaya tanıdıb, nüfuzlu beynəlxalq kinofestivallardan  yüksək mükafatlarla  qayıdıb. Hər dəfə onun  filmlərinə  tamaşa  edəndə  adam  saflaşır, qəlbində xeyirxah hisslər baş  qaldırır. Çünki bu  filmlərin  qəhrəmanları   həyatda öz yollarını axtaran, yaşamaq uğrunda  mübarizə aparan  müxtəlif xarakterli insanlardır. Onlar  bəzən mənfi  xarakterli olsalar belə, bizi düşündürür, yaxşını pisdən, xeyri şərdən  ayırmaqda bizə yardımçı olur. Həm də bu  filmlərdəki   yumşaq  yumor  tamaşaçını  darıxmağa qoymur,  onu  film boyu nikbin ruhda saxlayır. Bir sözlə, Vaqif Mustafayevin  filmləri  müasir dünya  kino standartlarına  cavab verən əsl sənət nümunələridir.

      Filmlərindən birini “Hər şey yaxşılığa doğru” adlandırıb. Mən  bu adın mahiyyətini yaxşı başa düşürəm. Bilirəm ki, Vaqif Mustafayev   hər şeydə işıq, yaxşılıq axtaran sənətçidir. O, öz  xalqının düşdüyü bəladan  yaxın zamanlarda yaxşılıqla qurtaracağına  əmindir. Sənət əsərlərində  hər  şeyi  tam açıqlamaq  bəlkə heç lazım da deyil, elə beləcə, “Hər şey yaxşılığa doğru”    deyimi çox mətləbləri açıqlayır və tamaşaçı   gizli həqiqətin harada olduğunu  anlayır. Onun “Fransız”, “Nakəs”, “Milli bomba” kimi  filmləri kinomuza yeni ab-hava gətirdi.

     Vaqif Mustafayevin filmlərini  sadalamaq  fikrindən uzağam.  Çünki bu  filmlər haqqında  kifayət qədər  fikirlər söylənilib. Ümumiyyətlə, o, zamanın nəbzini tutmağı bacaran istedadlı  sənətkardır. Onun yaradıcılığını  dünyanın müqtədir rejissorları ilə müqayisə edirlər. Doğrudan da,   onun yaradıcılığı  dünyada tanınır və yüksək qiymətləndirir.

Vaqif Mustafayevin yaradıcılığında   yüksək sənət nümunəsinə  çevrilən,  xalqımız və  dünya  xalqları tərəfindən böyük hörmət və məhəbbətlə  qarşılanan   dahi siyasət nəhəngi,  Azərbaycan xalqının böyük oğlu,  ulu öndər Heydər Əliyevin həyat  və fəaliyyətini  canlandıran   filmlər serialı var. O, 12 seriya nəzərdə tutduğu “Heydər Əliyev” filminin 9-nu çəkib. Bunlar aşağıdakılardır: “General”, “Birinci”, “Moskva. Kreml”, “Lider”, “Tale”,  “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi”, “Professional”. “Patriot” .

Onlardan “Əsl məhəbbət haqqında” filmi böyük uğur qazanıb. Bu film Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda əsas və xüsusi mükafatlara layiq görülüb. “Bir həsədin tarixi” filmi 2002-ci ildə Yekaterinburqda keçirilən sənədli filmlər festivalında əsas mükafatlardan birini, Moskvada keçirilən 5-ci Avrasiya Teleforumunda “Qran-Pri” mükafatına layiq görülüb. Bu filmlər müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilib.

Vaqif Mustafayev 1953-cü il avqustun 28-də Bakıda dünyaya göz açıb. Moskvada ikiillik ali  ssenari və rejissorluq  kursunu bitirib. Məşhur  rus rejissoru Eldar Ryazanovun  emalatxanasında   təhsil alması  onun gələcək yaradıcılığına əsl mənada güclü stimul verib.  “Belə lazımdır”, “Musiqili xaş” filmləri onun  yaradıcılığının ilk işartıları idi.  Elə  debüt filmləri    gənc  rejissoruun   gələcək  perspektivlərindən  xəbər verirdi.  O. C.Cabbarlı adına  “Azərbaycanfilm”  kinostudiyasına  işə gələndə  artıq   rejissor kimi  fəaliyyətə başladı və  tezliklə  ona filmlər həvalə olundu.

     “Yaramaz” filmi (1988) rejissora  böyük uğur gətirdi. O vaxt   film  demək olar  ki, təkcə SSRİ məkanında deyil,  dünyanın  bir sıra ölkəsində  böyük müvəffəqiyyətlə nümayiş etdirildi, nüfuzlu  festivallarda  mükafatlar qazandı. Olduqca həyati  filmdir, “Yaramaz”. Onun qəhrəmanları  hər gün qarşılaşdığımız insanlardır.  Müxtəlif  xarakterli bu insanlar   film boyu bizi düşündürən  problemlərlə üz-üzədirlər  və hər biri  öz taleyini yaşayır.  Amma  “yaramaz” kimi  ad qazanan baş  qəhrəman  vəzifə  pillələrinə  ucaldıqca öz mənəviyyatını itirir. Və bunu anlayanda isə artıq gec olur.  Vaqif Mustafayev bu ciddi  problemə  yumorla çox böyük məharətlə yanaşır. Baş qəhrəmanı kinonun sərt dili ilə məharətlə ifşa edir.

Qarabağ  müharibəsi ilk  dəfə  bədii kinoda Vaqif müəlimin   “Fəryad” filmində   öz real əksini tapdı. Sevimli  aktyor və rejissorumuz  Ceyhun Mirzəyevlə  birgə  lentə aldıqları  “Fəryad” filmi   “Ögey ana”  kinolentinin  qəhrəmanı İsmayılın  sonrakı taleyi   barədədir. Yaxşı tapıntıdır. Vaqif Mustafayev  ssenarini  dramatik hadisələr üzərində  qurub. Balaca İsmayıl artıq   cəbhədə döyüşən igid əsgərdir. Ailəsini, uşağını  qoyub könüllü  Vətən uğrunda  döyüşə qatılıb. Və o, Vətən uğrunda hər cür mərhumiyyətlərə hazırdır.Ceyhun Mirzəyev  rejissor olmaqla yanaşı, həm də baş rolun ifaçısıdır. Əfsus ki,  o, bu ağrılara tab gətirə bilmədi, filmi tamamlamamış dünyasını dəyişdi. Filmin sonrakı epizodlarını  Vaqif Mustafayev tamamladı. Ancaq titulda o öz adını rejissor kimi  yazmadı.

    “Mozalan” satirik kinojurnalı üçün  çəkdiyi onlarca bir-birindən maraqlı süjetlər öz orijinal  üslubu ilə  tamaşaçıların sevimlisinə çevrilmişdir. Bədii  və sənədli kinonun sintezindən yaranan bu süjetlərin  hər  biri  dövrün  aktual  problemlərini   əks etdirir.

Vaqif Mustafayev kinematoqrafçılarımız arasında ən çox mükafatlar alan rejissordur. “Hər şey yaxşılığa doğru” qısametrajlı filmi Kiçik Kann adlandırılan Oberhauzen festivalında 4 nominasiyada mükafat alıb, “Nakəs” filmi isə “Oskar”a dəvət almışdı.  Rejissor deyir ki, 90-cı illərdə maliyyə məsələləri ilə əlaqədar o müsabiqəyə gedə bilmədik. Amma ümumilikdə Azərbaycan filmləri və iri kino mükafatları barədə danışarkən daim optimist düşünürəm. İnanıram ki, bizdə də o festivalların mükafatına layiq filmlər çəkiləcək. Bizim filmlərimiz çox gözəldir və onların festivallarda yer tutub-tutmamasından asılı olmayaraq biz onları sevirik. Çünki gözümüzü açandan o filmlərə baxmışıq, onlarla tərbiyələnmişik. Amma konkret məsələ ilə bağlı real nəticə üçün hələ çox çalışmalıyıq. Vaqif Mustafayev hazırda  “Space” telekanalına  rəhbərlik edir. Son vaxtlar bu kanalda olduqca maraqlı layihələr  reallaşdırılır.

Vaqif Mustafayevin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, dəfələrlə mükafatlara, fəxri adlara layiq görülmüşdür.O, Azərbaycan Respublikasının xalq artistidir, Dövlət mükafatı laureatıdır. Hazırda o, yaradıcılığının yetkin dövrünü yaşayır. İnanırıq ki,  Azərbaycan kinosu  onun yeni-yeni əsərləri ilə bundan sonra daha da  zənginləşəcək.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında